Samir Şərifov: “İlham Əliyev ABŞ-la əlaqələri gücləndirməyi tapşırıb“
Bizi izləyin

Müsahibə

Samir Şərifov: “İlham Əliyev ABŞ-la əlaqələri gücləndirməyi tapşırıb“

Vaşinqtonda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyası işi başa çatdırıb.

Publika. Az rəsmi informasiya agentliyi olan "AzərTAc"-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası tərəfindən maliyyə naziri Samir Şərifovun, ABŞ tərəfindən isə dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormatsın həmsədrliyi ilə keçiən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilib.

İclasın birinci hissəsində çıxış edən amerikalı həmsədr Robert Hormats ABŞ-ın Azərbaycanla qarşılıqlı əlaqələrinin inkişafında və ölkələrarası dostluq münasibətlərinin daha da dərinləşdirilməsində maraqlı olduğunu, bunun üçün səy göstərildiyini, komissiyanın fəaliyyətinin qarşılıqlı faydalı əməkdaşlıqda vacib rol oynadığını qeyd edib.

O, bildirib ki, Azərbaycan son illərdə böyük iqtisadi nailiyyətlər əldə edib və bu, təqdirəlayiqdir. Amerikalı həmsədr bütün bu nailiyyətlərə məhz Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi sayəsində nail olunduğunu xüsusi vurğulayıb. Deyib ki, bu göstəricilər Dünya Bankının 2011-ci il üzrə hesabtlarında öz əksini tapıb və bankın ekspertləri tərəfindən yüksək qiymətləndirilib: "ABŞ Azərbaycanda ölkə vətəndaşlarının maraqlarına xidmət edən modern iqtisadiyyatın inkişaf etdirilməsini alqışlayır. İki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Eyni zamanda, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini daha da artırır".

Robert Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayıb, bunu üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini qeyd edib.

İclasda çıxış edən Azərbaycan tərəfindən komissiyanın həmsədri Samir Şərifov bildirib ki, birgə səylər nəticəsində əlaqələr hərtərəfli genişlənib və dərinləşib, Azərbaycanla Birləşmiş Ştatların münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nazir ABŞ-Azərbaycan əlaqələrinin daha da genişləndirilməsi üçün hər iki ölkənin liderləri tərəfindən siyasi iradənin nümayiş etdirildiyini vurğulayıb və bildirib ki, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ABŞ-la Azərbaycan arasındakı hazırki əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmğı tapşırıb.

Samir Şərifov Azərbaycan Respublikası ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının bu ay 20-ci ilinin tamam olduğunu xatırladaraq bu günə qədər iki ölkə arasında müxtəlif sahələri əhatə edən çoxsaylı sənədlərin imzalandığını, çoxşaxəli əməkdaşlıq üçün müvafiq normativ hüquqi bazanın yaradıldığını və bu əməkdaşlıqda konkret nəticələrə nail olunduğunu vurğulayıb. Qeyd olunub ki, bütün bunların nəticəsi olaraq bu gün Azərbaycan MDB ölkələri arasında ABŞ-ın ticarət üzrə ən mühüm tərəfdaşlarından biridir. 2011-ci ildə qarşılıqlı əmtəə dövriyyəsinin həcmi 2,4 milyard ABŞ dollarına bərabər olub.

Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarlarına nəqli sahəsində əhəmiyyətli rolu olan irimiqyaslı transmilli layihələrin həyata keçirilməsində Birləşmiş Ştatlarının hərtərəfli dəstəyinin Azərbaycan üçün çox qiymətli olduğunu vurğulayan S.Şərifov deyib: "Azərbaycan ABŞ-la münasibətləri həmişə diqqətdə saxlayır və onun strateji dostluq, tərəfdaşlıq, birgə fəaliyyətə daim öz töhfəsini verir. Əminik ki, regional enerji təhlükəsizliyinin gücləndirilməsi, demokratik, hüquqi dövlət quruculuğu xəttinin davam etdirilməsi və regional sabitliyin möhkəmləndirilməsi, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".

ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı"na "907-ci düzəliş"in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən Samir Şərifov bildirib ki, artıq "907-ci düzəlişin" ləğv edilməsinin vaxtı çatıb: "Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və "907-ci düzəliş"in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyildir. Bu maddənin ləğvi ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə əngəl olan əsas maneələri aradan qaldıracaqdır".

Samir Şərifov həmçinin qeyd edib ki, ABŞ strateji təhlükəsizlik və enerji tərəfdaşı olan Azərbaycana dair diskriminasiya xarakterli və köhnəlmiş Cekson-Venik tələblərini də aradan qaldırmalıdır. "1974-cü ildə qəbul olunan bu düzəliş yəhudilərə mühacirət etməyə imkan verməyən SSRİ ilə ticarət əlaqələri yaratmağı qadağan edirdi. SSRİ dağılsa da, yəhudilərin mühacirətinə qoyulan qadağalar qüvvədən düşsə də, Cekson-Venik düzəlişi sonradan bəzi respublikalara tətbiq olunub".

Bu düzəlişin bir sıra ölkələrə şamil olunub, digərlərinə şamil olunmamasının müəyyən suallar doğurduğunu vurğulayan Komissiyanın həmsədri bildirib ki, Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və nəhayət, bu düzəlişinin ləğvinə nail olunmalıdır.

Dövlət katibi müavininin köməkçisi Villiam Kraft isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyünün ABŞ tərəfindən dəstəklədiyini bəyan edib, ölkəsinin Azərbaycana həm texniki, həm də digər məsələlərdə köməklik göstərəcəyini vurğulayıb.

Tərəflər həmçinin müəllif hüquqlarının qorunması, rabitə və informasiya texnologiyaları sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlarını ifadə edib, bu sahədə təcrübə mübadiləsinin aparılması üzrə razılıq əldə ediblər. Komissiyanın iclası çərçivəsində Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Administrasiyası ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında birbaşa hava əlaqəsinin yaradılması üçün texniki yardımın göstərilməsini nəzərdə tutan qrant sazişi imzalanıb.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ hökumətlərarası Komissiyası Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti Arasında İqtisadi Əməkdaşlıq Komissiyasının Yaradılması Haqqında Əməkdaşlıq Memorandumu” əsasında yaradılıb. Komissiyanın birinci iclası 2007-ci il fevralın 7-də Bakıda keçirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm