• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“...tərif üçün növbəyə düzülərdilər“ - MÜSAHİBƏ

“...tərif üçün növbəyə düzülərdilər“ - MÜSAHİBƏ

“Ziyalını sıradan çıxarmağın iki klassik forması var. Birincisi, onu titulla, ordenlə, öləndə Fəxri Xiyabanda basdırılmağı vəd etməklə, təqaüdlə satın alırsan. İkincisi, onun avara, alkaş obrazını yaradıb tam zərərsizləşdirirsən.” Sitat yazıçı Seymur Baycanın “Azərbaycanda ziyalı problemi” yazısındandır. Seymurun yaradıcılığı ilə tanışlığım 2006-cı ildən başlayıb. O vaxt ədəbiyyat haqqında təsəvvürlərimin ibtidai dövrləri idi. Oxuduğum müəlliflərin ağır fəlsəfəsi altında yenicə əzilməyə başlamışdım. Dünya ədəbiyyatında gedən proseslər bir kənara qalsın, heç Azərbaycanda gedən ədəbi proseslərdən də xəbərim yox idi. İllər keçdikcə həm mütaliəm, həm də dünyagörüşüm xeyli inkişaf elədi. Artıq ədəbiyyatımızda hansı oyunlar getdiyini anlamağa başlamışdım. Yazılarını oxusam da Seymuru ilk vaxtlar qəbul eləmirdim. Mütaliə etdikcə, dünya ədəbiyyatı ilə yaxından tanış olduqca anlamağa başladım ki, Seymur Baycanın da, digər gənc qələm adamlarının da ədəbiyyatımızda var olması Azərbaycan ədəbiyyatının qələbəsidir. Düşünürəm ki, Seymur və AYO ətrafında toplaşan digər gənclər ədəbiyyata və sözə alternativ yanaşma ortaya qoydular. Seymurun bu sahədə xüsusi əməyini diqqətə çatdırmağı özümə borc bilirəm. Seymur yaşıdları arasında bir ilkə imza atmağı bacardı. Özünün də dediyi kimi, indiki “roman bumu”na stimul verdi. Hamının qafiyəli, qafiyəsiz, klassik, postmodern şeirlə əlləşdiyi bir vaxtda Seymur cəsarət eləyib roman yazdı və isbat elədi ki, roman yazmaq üçün mütləq qocalmaq, ahıllaşmaq lazım deyil.

Xalqla söhbətləşmə

Tanış olduğumuz vaxtdan son görüşümüzə qədər bir neçə dəfə ondan müsahibə almaq istəsəm də niyyətim baş tutmamışdı. Bu dəfə isə etiraz eləmədi. Gecə zəngləşdik və Seymur təklif elədi ki, həm səhər yeməyini birlikdə yeyək, həm də söhbət eləyək. Cəfər Cabbarlının heykəli yanında görüşüb axşamdan müəyyənləşdirdiyimiz kafeyə yönəldik. Yolüstü Seymur siqaret almaq üçün qəzet köşkünə yaxınlaşdı və satıcılara siqaret almağın son vaxtlar çətinləşməsindən, almaq istədiyi siqareti hər dəfə uzun-uzadı satıcıya izah eləməsindən şikayətləndi. Köşkdən ayrılanda gülə-gülə “sabah-sabah xalqla da söhbətləşdik”,- dedi.

Seymurun monoloqu

Kafeyə çatana qədər ordan-burdan danışdıq. Yolumuz qısa olsa da Seymur vaxt tapıb yazılarımla bağlı bəzi iradlarını bildirdi. Arada sözünü kəsib özümü müdafiə eləmək istəsəm də Seymur “monoloqunu” uğurla başa çatdırmağı bacardı. Görünür, tez-tez gəlib- getdiyindən kafedə onu sıcaq qarşıladılar. Əyləşən kimi çay sifariş verdik və mən Seymurun növbəti iradlarını dinləməyə başladım. “Məncə, sən roman yazıb çap etdirməkdə tələsmisən. Gərək əvvəlcə öz reklamını qurub sonra işə girişəydin. Sənin buna potensialın çatardı. Ən önəmlisi, kitabın haqqında tənqidlərə tələsik reaksiya vermə. İmkan ver yazmaq istəyənlər yazsın. Bu, sənin üçün yaxşıdır. Bir də ən önəmli məsələ daimi yazmaqdır. Daimilik sənə çox kömək edəcək. Ədəbiyyatda qalıcı olmaq üçün daimilik vacib amildir.” Ədəbiyyatdan, qarşılaşdığımız haqsızlıqlardan, mətbuatın indiki durumundan, haqsız tənqidlərdən danışa-danışa də səhər yeməyimizi tamamlayırıq. Diktafonu yandırıb ilk sualı verməyə hazırlaşıram ki, bəstakar Firudin Allahverdi Seymura zəng eləyir. Məlum olur ki, gecə Seymurun mənzilində qonaq qalan bəstəkar evdən çıxmağa hazırlaşır və evin açarı da Seymurdadır. Uzun-uzadı izahatdan sonra bəstəkar dostu Seymurun müsahibədə olduğunu, bir az gecikəcəyini bilib sağollaşır. Seymurla ədəbiyyata gəldiyi ilk günlərə səyahət edirik.

“Bizə xüsusi qəddarlığı müxalifət qəzetləri göstərirdi”

“Bizim yenicə başladığımız dövrlərdə vəziyyət tamam başqa cür idi. Anara, Elçinə “altmışıncılar” nəslinə bir heyranlıq var idi. Bizi isə lağa qoyur, tənqid edirdilər. Bizə qarşı xüsusi qəddarlığı daha çox müxalifət qəzetlərinin yazarları göstərirdi. Mən buna dəfələrlə yazılarımda, müsahibələrimdə toxunmuşam. Müsavat Partiyasının üzvü olmağıma, aksiyalara, mitinqlərə çıxmağıma baxmayaraq, bizə müxalifət qəzetlərinin münasibəti yaxşı deyildi. Daha çox iqtidar və iqtidaryönlü qəzetlərdə çap olunurduq. Nədənsə onlar bizi daha yaxşı başa düşürdü. “Yeni Azərbaycan” qəzetində səhifəmiz vardı, “Mərkəz” qəzetində Aqşin Yenisey ədəbiyyat səhifəsi hazırlayırdı. Amma indiki ədəbi prosesin alovlanmasında Aqil Abbasın rolu böyükdür. ”Ədalət” qəzetinin “Alatoran” və “Nar” əlavələri prosesə ciddi təkan verdi. Bizim uşaqlar əvvəllər böyük tirajlı qəzetlərdə işləməyib. Nəyə nail olublarsa, fədakarlıqları hesabına nail olublar. İndi o dövrlə müqayisədə vəziyyət nisbətən yumşaqdır. Bizi çap edən saytlar və qəzetlər çoxalıb. Yeni başlayanda isə özümüzü təsdiq eləmək üçün çox əziyyət çəkdik. Hamı gülürdü, lağ edirdi. Biz daimilik və məqsədyönlülük sayəsində istədiyimizə nail olduq. Azad Yazarlar Ocağı Azərbaycanda yeganə hərəkatdır ki, sonu qələbəylə nəticələnib. Başqa bütün hərəkatlarda yorulanlar, dayananlar olub. AYO isə davam edib. AYO və “Alatoran” jurnalı ədəbiyyatda, düşüncədə yeni fikir yaratdı.”

"Alatoran” öz missiyasını yerinə yetirib”

Bəzi məqamlarda Seymurla razılaşsam da, AYO-nun uzun müddət eyni şeylərlə məşğul olmasına yüngülcə irad bildirirəm. Dünya ədəbi prosesində cərəyanların, təşkilatların öz missiyasını yerinə yetirəndən sonra meydandan çəkilməsini nümunə göstərirəm. Seymur etiraz eləmir: “Ola bilər ki, missiya bitəndən sonra meydandan çəkilmək lazımdır. Amma biz yalnız bir missiyanı yerinə yetirmişik. İndi yeni mərhələdəyik. İlk mərhələdə özümüzü təsdiq edib tribuna qazanmalı idik. Bunu bacardıq. İndi yeni açılan mətbu orqanlarda bizə ehtiyac duyur, tribuna verirlər. Mən birinci mərhələni başa çatmış hesab edirəm. İkinci mərhələdə kitablarımızı çap etdirməklə məşğuluq. Eyni zamanda dünya ədəbiyyatından yeni tərcümələr edib Azərbaycan oxucusuna çatdırırıq. Artıq təfəkkür formalaşıb və yol bəllidir. Biz yeni mərhələdyik və bu yeni mərhələ heç də əvvəlki mərhələdən asan deyil. Bu gün bəzi gəncləri görəndə əmin oluram ki, əziyyətimiz hədər getməyib. ”Alatoran” jurnalı artıq öz missiyasını yerinə yetirib.”

“Həmidi bütöv qəbul eləmək lazımdır”

AYO haqqında fikirlərində Seymur olduqca nikbindir. Tənqidlər haqqında danışanda da üz ifadəsindən hiss olunur ki, rahatdır. Mən isə tənqidlərdən söz düşmüşkən, Həmid Herisçinin AYO-çuları postmodernizmdə ilişib qalmaqda ittiham eləməsini xatırladıram. Seymur Həmid Herisçinin bu fikirlərindən də narahat deyil: “Əgər Həmidin fikirlərini təftiş etsək, ortaya çoxsaylı anlaşılmaz məqamlar çıxacaq. Həmidi bütöv qəbul etmək lazımdır. Onu bütöv qəbul edəndə başa düşmək mümkündür. AYO-nun bir üstünlüyü də ondadır ki, bir- birimizi tənqid edə bilirik. Bu tənqidlər bizim şəxsi münasibətlərimizə təsir etməyib. Həmid elə adamdır ki, hər 2-3 ildən bir yeni fikir deyir. Onun istedadı məhz ondadır ki, dediyi fikri müdafiə eləməyi də bacarır. Həmid bir vaxtlar Trotskini, “Qırmızı briqada”nı, Roza Lüksemburqu, Çe Gevaranı təbliğ edib, Çe Gevara ilə Babək arasında maraqlı paralellər aparıb. Məsələ ondadır ki, Həmid etdiklərini istedadlı edir. İndi ruhaniyyətlə bağlı dedikləri də maraqlıdır. Sabah samuray ideyalarını təbliğ eləsə və samuray qiyafəsində küçədə gəzsə, mən təəccüblənmərəm. İnanıram ki, Həmid bunu da istedadlı edəcək. Düzdür, Həmid mərhələləri tez-tez dəyişir, ancaq hər dəfə iki-üç adam həmin mərhələdə ilişib qalır.”

“Hələ “qocalmaq” istəmirəm”

Onu publisist və yazıçı kimi sevənlər də var, sevməyənlər də. Seymur bu münasibətlərdən narahat deyil: “Mən birxətli publisist olmadığım üçün yazılarım haqqında hər zaman müxtəlif fikirlər olur. Eyni yazıya görə təbrik edən də, tənqid edən də olur. Əgər siyasi yazar olsaydım, mənim eyni cür oxucu auditoriyam olardı. Biz qəribə ölkədə yaşadığımız üçün burda qoca təfəkkür dominantlıq təşkil edir. Burda özünü təsdiq etmək həddən artıq çətindir. Gəncliyə, yeni təfəkkürə nifrət edir bu xalq. Səni tamadaya çevirməyə, yalanlara inanmağa məcbur edirlər. Bunu hər addımda hiss edirəm. Mənə yazıçı deməyə insanların dili dönmür. Amma mən özümə inanıram. Mən düşünürəm ki, əgər “Quqark”dan otuz dəfə zəif romanı Anar Rzayev yazsaydı, minlərlə Azərbaycan ziyalısı, siyasətçisi onu tərifləyər, əsəri “Qarabağ haqqında Azərbaycan ziyalısının mövqeyi” adlandırardı. Əminəm ki, “Quqark”ı Anar yazsaydı, tərif üçün sıraya düzülərdilər. Mən onları başa düşür, qəzəblərindən ruhlanıram. İstəsəm, valı çevirib bir ilə “qoca kişi” olaram və mənə “yazıçı Seymur Baycan” deyərlər. Amma “qocalmaq” istəmirəm”.

“Mənə plagiatçı demək savadsızlıqdır”

Romanları haqqında yazılan və deyilən tənqidlərdən o qədər narahat deyil. Tənqidlərin səbəblərini çox yaxşı bildiyini deyir: “Mənim romanlarımda bəhrələndiyim yazıçıları çoxları tanımır. İndi-indi o adamlar mənim oxuduqlarımla tanış olub görürlər ki, mənim kimi də yazmaq mümkündür. Sadəcə mən oxucu və yazarların bir çoxundan daha tez tanıdım bu yazarları. Mən artıq öz ədəbi əcdadlarımı müəyyən elədim. Çoxları düşünür ki, mənim kimi yazmaq asandır. Mənə irad tuturlar ki, asan oxunursan. Ancaq Moemin dediyi kimi, “Əsərin asan oxunması o demək deyil ki, əsər asan yazılıb”. Məsələn bir topa adam yığışıb məndə plagiatlıq elementləri axtarırlar. Halbuki mənə plagiatçı demək savadsızlıqdır. Mənim yolum imkan verir bütün ədəbi mətnlərdən istifadə etməyə. Mən “Quqark”da hansı ədəbi mətndən istifadə etmişəmsə ona işarə vurmuşam. İndi qalxıb demək ki, “sən Lermantovdan, Tolstoydan plagiat eləmisən”, bu cəfəngiyatdır. “Quqark”ın əlyazması dörd qalın dəftərdən ibarət idi. Bunun biri sırf dünya ədəbiyyatından qeydlər idi. Mən qeydləri öz mətnimin içində əritdim. Mənim hardan nə götürdüyümü tapan olanda özümün də xoşuma gəlir.”

“Normal şəraitdə yazmaq istəyirəm”

Ona qarşı insanların aqressiyasını anlayışla qarşılayır. Düşünür ki, tənqid etdiyi sahələrin tərəfdarlarının onu tənqid etməsi normaldır. Onu tənqid edənləri, özlərini təsdiq edə bilməmiş problemli adamlar sayır. Belə insanların münasibəti onu ruhdan salmır. Azərbaycanda tənqidə ən çox məruz qalan yazar olmasından narahat deyil. Azərbaycan qadını haqqında yazdığı yazıların da nəticəsindən razıdır. Bu yazılar ona xeyli intellektual, ictimai-siyasi cəhətdən fəal oxucu qazandırıb. Daha roman yazmayacığı ilə bağlı bəyanatını xatırladıram. Bunu maddi səbəblərlə bağlayır: “Əlimin altında 4-5 min manat olmayınca romana başlamaq haqqında düşünmürəm. Mən normal şəraitdə yazmaq istəyirəm. Bu bəyanatlar məni vəziyyətdən xilas eləyir. Yazacağım mövzu pul tələb edir. Yaşadıqlarımı yaza bilərəm. Amma istəyirəm əlimin altında konkret pul olsun, sonra yazım. Məhz maddiyyata görə daha roman yazmayacağımı demişəm. ”

Söhbətin sonuna yaxın hiss edirəm ki, müsahibim yorulub. Oxuduğu kitablardan danışırıq. Kifayət qədər çox oxuduğunu bilsəm də, mütaliəsi haqqında danışdıqları diqqətimi çəkir. Kitablar haqqında yazdıqlarını kitab seçimində çətinlik çəkənlərə istiqamət vermək üçün yazdığını deyir. Mütaliəsini reklam etməyə isə ehtiyac duymur. Ona inanan oxucuları düzgün istiqamətləndirməyə, aldatmamağa çalışır. Son vaxtlar kitab oxuyanların sayının artmasına isə sevinir...

Cəlil Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR