• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Oxumaq istədiyim romanı artıq yazmışam” - MÜSAHİBƏ

“Oxumaq istədiyim romanı artıq yazmışam” - MÜSAHİBƏ

Bu günlərdə dostum Kənan Hacı dedi ki, Şəbnəm Karslı maraqlı bir roman yazıb və yaxınlarda nəşr olunacaq. Üstəlik Kənan bu romanı o qədər təriflədi ki, istər-istəməz maraq məni bürüdü. Şəbnəm xanımın imzasıyla 4-5 il olar ki, tanışam, amma onu nasir kimi tanımırdım. İlk gündən internet portallarında şeirlərini oxumuşdum. Sonralar bu imza ilə “Alma” qəzetində də rastlaşdım. Bir sözlə, bu istedadlı şairin qələmindən çıxacaq nəsr kitabana məndə bəri başdan maraq yarandı.

Bir zamanlar mətbuatda Şəbnəm Bəkirzadə imzasıyla parlayan, sonradan müəyyən səbəblərdən Şəbnəm Karslı imzasıyla yenidən gündəmə gələn istedadlı xanımla söhbətləşməyə qəribə bir ehtiyac hiss elədim.

İmzasını nə üçün dəyişməsindən, ailə qayğılarından, Azərbaycan ədəbiyyatından və nəhayət, bu yaxınlarda çap olunacaq “2087-ci il” romanından danışdıq.

-Qələm adamları ilə çox təmasda oluram, hamısı da bir şeydən şikayətlənir ki, “yazmamaq olmur”. Siz necə, yazmaya bilərsinizmi?

- Yazmaya bilmirəm, həqiqətən də yazmamaq olmur. Lakin yayımlamaya bilirəm. Bəzən facebookda 10-11 il öncə yazıb heç vaxt üzə çıxarmadığım şerlərimi paylaşıram. Maraqlıdır ki, həmin şerlərim daha çox sevilir. Yayımlamadığım onlarla şerim var. Publisistik yazılarımı da bəzən mediada yayımlamaya bilirəm. Məsələn, telekanallarda yayımlanan izdivac proqramları haqqında 5 yazıdan ibarət toplu hazırlamışam, lakin hələlik onları üzə çıxarmaq niyyətim yoxdur. Səbəbi isə çox sadədir.

“Sandıqda gizlətdiyim” şerlər daha çox ehtiras və şəhvətin məhsulu olanlardır. Mühafizəkar insanam, qırx yaşa gəlmədən çap etdirmərəm.

Köşələrin isə yayımlanmamasının tək səbəbi oxucu şərhləridir. Çox əsəbi və tərbiyəsiz şərhlərə rast gələndə “bunun üçün yazmışdım?” sualını verirəm öz-özümə. Ona görə də çoxluğu qıcıqlandıran və ya hisslərinə toxuna biləcək yazıları yayımlamağa çəkinirəm. Hətta düşünürəm ki, şərhləri qapalı olan və ya ümumiyyətlə, şərh etmək imkanı olmayan bir yerdə çap olunum.

- Bunlar bir yazi adamı üçün ciddi komplekslərdir. Bu komplekslərin yaradıcılığa mane olacağından qorxmursunuz ki?

Olur belə şeylər. (gülür) Komplekslərim çoxdur, hərdən düşünürəm ki, komplekslərsiz daha çox şey əldə edə bilərdim. Lakin o zaman da kimliyimi itirərdim. Qazanacağımla itirə biləcəyim arasındakı fərqi hesablamağı bacarıram. Sonradan peşman ola biləcəyim addımı atmaqdansa səbirlə gözləməyi üstün tuturam.

-Bir vaxtlar Şəbnəm Bəkirzadə, sonra İsə Şəbnəm Karslı. Şəxsən mən əvvəlcə bu iki imzanı qarışdırırdım. Və kiçik bir ədəbi qalmaqal mövzusu olan Şəms İllallah. Sözün düzü, mən dolaşıb qaldım bu məsələdə. Bəlkə aydınlaşdırasınız?

- Şəbnəm Bəkirzadə mənim evliliyə qədərki rəsmi soyadımdır. Təxəllüs sevmədiyim üçün hər zaman rəsmi soyadımla çap olunmuşam. Karslı isə həyat yoldaşımın soyadıdır. Nikah zamanı əslində dəyişmək istəmirdim. Amma onun üçün bu olduqca önəmli məsələ idi və mən də təkid etmədim. Ailə güzəştlərlə AİLƏ olur.

O ki qaldı Şəms İllallaha, bu məsələnin kiçik izahı var. (gülür) Dostlarım Oqtay Hacımusalı və Zaur Qəriboğlu yeni ədəbiyyat saytı açırdılar. Mənə də orada yazmağı təklif etdilər. Əslində ilk başdan öz imzamla yazacaqdım. Sonra düşündük ki, sual doğuracaq, diqqət cəlb edəcək bir imza ilə yazım. Əlbəttə ki, bu sirr uzun çəkməyəcəkdi. Çəkmədi də. Oyun oynayacaq yaşda və həvəsdə deyildim.

-Qan Turalının “Mustafa” romanını Şəms İllallah imzasıyla tənqid eləmişdiniz və biz bu mövzuda xırda bir mübahisə açmıçdıq. Niyə öz imzanızla yazmamışdınız bu yazını?

-Tural xətrini çox istədiyim bir dostdur. Onunla 2004-2005-dən bu yana tanışıq və köşə yazılarını sevərək oxuduğum yazardır. Hazırda rəhbərlik etdiyi projedə də olduqca uğurludur. Lakin romanını qəti bəyənmədim. Mən ədəbiyyatçı və ya tənqidçi kimi yanaşmıram məsələyə, oxucu kimi yanaşıram. Mənim zövqümcə deyildi o roman. Sanki iki hekayə yerləşdirilmiş kitabşəkilli qəzet oxuyurdum. Hətta biz saytda Şəms İllalahın kimliyini açıqlamadan xeyli öncə Turala bunun mən olduğunu demişdim. Kifayət qədər ağıllı və keyfiyyətli insandır, tənqidi normal qəbul edə biləcək biri kimi anlayışla qarşıladı.

-Tənqidi yazılar yazanda şəxsi münasibətləri nəzərə alıb yumşalırsınız, yoxsa sonacan obyektivliyinizi qoruyursunuz?

-”Mustafa” məsələsində şəxsi münasibətləri nəzərə almadığımı hamı gördü. Hətta mən şəxsini heç sevmədiyim, hətta nifrət etdiyim birinin yaradıcılığını tərifləyə, lazım gələndə sitat da gətirə bilirəm.

- Ancaq tənqidiniz hər dəfə bu şəkildə qarşılanmaya da bilər, təbiidir. Bəs buna necə baxırsınız?

- İnanmıram ki, nə zamansa tənqid etdiyim bir insan məndən qısas almaq haqqında düşünsün və ya mənə qarşı ədalətsizlik eləsin. Əgər bu kimi halla qarşılaşsam, əlbəttə ki, çox kədərlənərəm. Allaha şükür, hələ ki qərəzli münasibətlə qarşılaşmamışam.

-Bu yaxınlarda yeni romanınız nəşr olunacaq. Necə yarandı roman yazmaq ideyası?

-“Oxumaq istədiyin romanı özün yaz”. 2009-cu il idi, bu fikri hardasa oxudum və o anda düşünməyə başladım: mən necə roman oxumaq istəyərdim? Uzun çəkdi romanın tam hazır olması, araya ailə qayğısı, övladlarımın dünyaya gəlməsi və s. girdi. Körpə uşaqları olan qadın üçün roman olduqca çətin məsələ idi, şükürlər olsun ki, bitirə bildim. Roman bitdikdən sonra isə onu bir oxucu kimi oxudum və əmin oldum: oxumaq istədiyim romanı yaza bilmişəm.

- Oxucular da belə deyə biləcəkmi, sizcə?

-İddiam bəlkə çox yüksək səslənəcək, amma məncə, bunu deyən oxucular çox olacaq. Qadın roman yazarlarımız arasında rəqibsiz olacağıma əminəm.

-Müasir ədəbiyyatımız haqqında nə düşünürsünüz? Ümumi mənzərəni necə dəyərləndirirsiniz?

- Sovet dövrünün yazarı olmadığımız üçün hamımız xoşbəxtik əslində. Demirəm ki, hər şey yaxşıdır və mən hər şeydən razıyam. Ancaq bu gün narazı olduqlarımızı rahat şəkildə dilə gətirə, istədiyimiz şəkildə yazılarımızı paylaşa biliriksə, o zaman ümumi mənzərə qənaətbəxşdir, demək olar.

Müasir ədəbiyyat isə çabalama dönəmi yaşayır, bu bir körpədir, az sonra üzüaşağı dönəcək və iməkləməyə başlayacaq. Əminəm ki, ən qısa zamanda bu körpə iki ayağının üstündə dayanıb özünü təsdiq etməyi də bacaracaq. Bəlkə dünyaya heç vaxt 10 ünlü rəssam, 10 ünlü texnoloq və ya 10 istedadlı bəstəkar verə biləcəyimiz əsr olmayacaq, amma ədəbiyyat sahəsində çox istedadlar var. Sadəcə, zaman məsələsində geri qalmışıq. Bu zaman itkisinin öhdəsindən gəlsək, yaxın onilliklərdə ədəbiyyatda böyük irəliləyişlər olacağına inanıram.

- Haqqında tənqidi yazı yazdıqlarınızın çap olunacaq romanınıza ağız büzəcəyindən çəkinmirsiniz ki?

- Haqqında yazdığım insanların heç biri şəxsi müstəvidə qərəzli insanlar deyil. Mən tənqid edəndə də keyfiyyətli və dəyərli bildiyim insanları tənqid edirəm. Siyasi yazılarımda bu belə olmur. Amma ədəbiyyatda kiminsə adını çəkirəmsə, deməli, onun kitabını və ya yazdıqlarını ən azından oxumaq istəyim olub. Məsələn, Rəşad Məcid. Qəzetində ədəbiyyata və gənclərə önəmli diqqət ayırır, eşitdiklərimə görə, gənclər üçün imkanlar da yaradır. Indi onun yazdıqlarını şer adlandıra bilmirəmsə, bu mənim zövqümün “günahıdır”.

Romanım isə tənqidlərlə çox qarşılaşacaq, tənqiddən qorxsaydım, heç yazmazdım. “Ayıdan qorxan meşəyə girməz” misalı…

- Belə çıxır ki, insan kimi dəyərsiz hesab etdiyiniz yazara əsərinin keyfiyyətindən asılı olmayaraq “toxunmursunuz”? Bir balaca obyektivlikdən çıxmırsınız bu söhbətdə?

-Xaraktercə və ya əxlaqi baxımdan uyğun hesab etmədiyim insanlara toxunmamağa çalışıram. Siyasi yazılarımda da bu prinsipi qoruyuram. Qarşımdakı insanın "qurşaqdan aşağı" zərbə vurma ehtimalı varsa, həmin insanla disskusiyadan qaçıram. Bu, obyektiv olmamaq deyil, bu, sadəcə, bir qadın kimi özümü və adımı qorumaqdır.

-Son vaxtlar oxuyub bəyəndiyiniz, ədəbi baxımdan zövqünüzü oxşayan müəlliflər varmı?

-Əlbəttə ki var, həm də çoxdur. Nəsrdə çox azdır, lakin şairlərimiz olduqca istedadlıdır. Etiraf edirəm ki, bu gün yazan şairləri oxuduğum zaman şerlərimi daha “möhkəm” gizlədirəm. Hazırda Qismətin şerlər kitabını oxuyuram, oxuduqca da valeh oluram. Aqşin, Günel Mövlud, Sevinc El Sevər, Aqşin Evren, Xatirə Nurgül, Elçin Aslangil, Əsəd Qaraqaplan və adlarını çəkmədiyim onlarla şair var ki, çox istedadlıdırlar. Təəssüf ki, Azərbaycan ədəbiyyatında bəyəndiyim roman olmayıb hələ…

- Bu fikirdən sonra ortaya qoyacağınız romanın məsuliyyəti daha da artır... Bir qədər sərt münasibət deyilmi?

- Kiminsə mənim yalan tərifimə və ya yaltaqlanmağıma ehtiyacı yoxdur. Bunu edəcək adam da deyiləm. 10 ballıq şkala ilə maksimum 7 balla qiymətləndirə biləcəyim romanlar yazılıb. Bu mənim subyektiv qiymətləndirməmdir.

- Ədəbiyyatda gedən cəbhələşmədə özünüzü hansısa cəbhədə görürsünüzmü?

-Ədəbiyyatda cəbhələşmə olmur, ədəbiyyatdan gələ biləcək qazancda cəbhələşmə olur. Ədəbiyyatdan heç bir maddi gəlir götürmək niyyətim yoxdur. Mənim buna heç ehtiyacım da yoxdur. Allaha şükür, hələ ki, mən ədəbiyyata xərcləyirəm

- Ailə- övlad qayğıları yaradıcılığınıza mane olmur ki?

Olur, həm də çox mane olur. Yazmaq üçün uşaqların yatmağını gözləyirəm. Yazdığım romanın yarısından çoxu gecələr yazılıb. Bəzi analar bir uşaqla şikayət edirlər. İndi təsəvvür edin ki, əkizlərlə necə çətindir. Amma bu, o qədər xoş maneçilikdir ki, daim bu qayğıların içində boğulmağa hazıram. Həyatım boyu depressiyadan və nevrozdan əziyyət çəkmişəm, ancaq son üç ildə depressiyanın d-sini də görməmişəm. Çünki buna vaxtım olmayıb. Ən böyük problemim isə zamandır.

Söhbətləşdi: Cəlil Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR