“Ortaq seriallar çəkəcəyik“ - MÜSAHİBƏ
Bizi izləyin

Müsahibə

“Ortaq seriallar çəkəcəyik“ - MÜSAHİBƏ

TRT-nin Bakı təmsilçisi Yüksəl Dəyərcan Publika.Az-a müsahibə verib.


- Yüksəl bəy, TRT-nin Bakı bürosu 11 ildir Azərbaycandadır. Özünüzü burada necə hiss edirsiniz?

- TRT olaraq 11 ildir Azərbaycanda fəaliyyət göstəririk, mən özüm üç ildir Bakıdayam. Özümü evimdəki kimi hiss edirəm. Bu müddətdə həm Azərbaycan, həm də Türkiyə üçün bir çox xəbərlər hazırladıq. İndiyədək ölkədə heç bir çətinliklə qarşılaşmadıq. Nə dövlət qurumları ilə, nə də müxalifət və xalqla ünsiyyətdə. Burda hamı doğurdan da TRT-ni özlərininkü hesab edir. Biz də özümüzü yad saymırıq.

- 11 il az vaxt deyil. Gördüyünüz işlərdən, buradakı fəaliyyətinizdən razısınızmı?

- Bu çağacan 10 mindən yuxarı xəbər, 700 civarında proqram hazırlayıb Türkiyə tamaşaçılarının ixtiyarına buraxmışıq. Düşünürəm ki, bunlar çox böyük rəqəmlərdir.

- Azərbaycanla bağlı hazırladığınız xəbər və proqramlar əsasən hansı səpgidədir?

- Qarabağ problemi ilə bağlı xəbərlərə üstünlük veririk. Çünki Qarabağ bizim də problemimizdir. Biz eyni soydan, eyni kökdən, eyni irqdən gələn bir millət, iki dövlətik. Həmçinin xəbərlərimizi Türkiyənin xarici siyasəti istiqamətində hazırlayırıq. Həm Azərbaycanın, həm də Türkiyənin maraqlarına uyğun materiallara daha çox üstünlük veririk. 31 mart və Xocalı soyqrımları, 20 yanvar faciəsi, Azərbaycanın müstəqillik günü kimi vacib tarixləri diqqətdə saxlayırıq.

Bunlarla da kifayətlənmirik. Ölkənin inkişafı nəzərimizdən yayına bilməz. Azərbaycanla bağlı xəbərlər TRT-nin televiziya kanallarında, 18 radio kanalında, 35 dildə yayımlanan internet səhifəsində yerləşdirilir. Üstəlik, bu xəbərlər Türkiyədə başqa dillərə tərcümə edilərək efirə verilir. Hazırladığımız xəbərlər TRT, TRT-xəbər, TRT-Türk, TRT "Avaz" kanallarında yayımlanır.

- TRT kanallarında Azərbaycandan gündə necə xəbər efirə verilir?

- Gündə 7-8 material göndəririk Türkiyəyə. Onlardan 3-ü kanalda yayımlanır. Digərləri də internet səhifəsində yerləşdirilir.

- Azərbaycanda gündəm yaradan xəbərləri izləyib operativ şəkildə Türkiyəyə göndərə bilirsinizmi?

- Gündəmlə bağlı hər xəbəri izləyirik. Beynəlxalq əhəmiyyət daşıyan, Azərbaycanın daxili işlərinə qarışmayan, beynəlxalq arenada rezonansa səbəb olacaq xəbərlərə daha çox önəm veririk. Xəbərləri hazırlamaqla yanaş operativliyi də saxlamağa çalışırıq.

- TRT-nin Bakı nümayəndəliyi ilə Türkiyədə bu mənada rəqabətə girən başqa kanal varmı?

- Zənnimcə, operativliyi qoruya bilirik. Azərbaycanla bağlı məlumatları Türkiyəyə ilk biz xəbərləyirik. Bu işdə Türkiyədə bizimlə rəqabətə girən kanal hələlik yoxdur.

- Azərbaycanda fəaliyyətinizin genişləndirilməsi xəbərini eşitmişik. Doğrudurmu? Doğrudursa bunun hansı zərurətdən yarandığını acıqlayardınız.

- Bəli, xəbər doğrudur. Bunun bir səbəbi var: Azərbaycanı Türkiyəyə daha yaxından tanıtmaq. Bilirsiniz ki, Türkiyə ilə Azərbaycan qardaş ölkələrdir. Düşünürük ki, bu iki ölkənin insanları biri-birini daha yaxından tanımalıdırlar. Odur ki, fəaliyyətimizi genişləndirmək qərarına gəldik. Fikirləşdik ki, əvvəl Azərbaycanla bağlı beş xəbər, iki proqram hazırlayırdıqsa, indi bunun sayını daha da artırmalıyıq.

Bu gün Azərbaycan Türkiyəni daha yaxından izləyir. Türkiyə isə bu məsələdə bir qədər geri qalır. Məqsədimiz Türkiyədə Azərbaycanının yemək mədəniyyətini, geyim üslubunu, yaşam standartlarını, təbii gözəlliklərini, nemətlərini, eləcədə turizm potensialı ilə tanış etməkdir. Biz Azərbaycanın Türkiyədə tanınması üçün hərtərəfli dəstəyi verməyə hazırıq.
Bu gün Azərbaycanın turizm imkanları barədə Türkiyədə çox az məlumat var. Yaxınlarda əməkdaşlarımız Mədəniyyət və Turizm Nazirliyində olub bu barədə gözəl bir proqram hazırladılar. Həmin proqramda Azərbaycanda turizm məkanları, tarixi mədəniyyət abidələri barədə məlumatlar verməyi nəzərdə tuturuq.

- Bəs hansı yeni proqramlar hazırlamağı planlaşdırırsız?

- Yaxın günlərdə Azərbaycan mədəniyyəti ilə bağlı yeni bir veriliş efirə verəcəyik. Bu, Azərbaycan mədəniyyətinin, musiqi sənətinin Türkiyədə tanınmasına xidmət edəcək. "Azərbaycan ulduzları" adlanan proqram vasitəsilə inanırıq ki, bu ölkənin doğurdan da sözün sənətə çevrildiyi bir ocaq olduğunu türk izləyicilərinə çatdıracağıq.

Burada çox dəyərli sənətcilər var ki, onların Türkiyədə tanınması vacibdir. Aprel ayından bu veriliş TRT"Avaz"da yayımlanacaq. Bundan sonra bir mətbəx verilişi hazırlamağı düşünürük. Verilişin adı"Azərbaycan ləzzətləri" olacaq. Bir də 30-40 dəqiqəlik"Qafqaz günləri" adlı proqram vasitəsilə bölgədəki günün nəbzini tutmağa çalışacağıq. Bu proqramda Ermənistan, Gürcüstan, Osetiyadakı hadisələr və Rusiyadakı bölgə ilə bağlı gündəmi izləyəcəyik. Veriliş Azərbaycan və Türkiyənin xarici siyasətinə zərər gətirən heç bir xəbər getməmək şərtilə ərsəyə gətiriləcək.

- Azərbaycandakı telekanallarla da işbirliyi qurmağı nəzərdə tutursunuzmu?

- Bəli. Hətta Azərbaycandakı telekanallarla yaxın əməkdaşlıq məqsədi güdən, təcrübəmizin qarşılıqlı paylaşması naminə yeni layihə üzərində işləyirik. Layihə çərçivəsində hər il bir qrup azərbaycanlı telejurnalist TRT-də qonaq olacaq, oradan isə Azərbaycana gələcək.

- Belə görünür ki, Bakıda fəaliyyətiniz nəzərəçarpacaq dərəcədə genişlənəcək. Bəs kadr potensialınız necə, buna imkan verəcəkmi?

- Doğrudur, işimiz çoxalacaq. Amma biz bunun öhdəsindən çox işləməklə gəlməyi düşünürük. Bu gün bizim kadr potensialımız bir-iki nəfəri çıxmaq şərtilə tam olaraq Azərbaycandan formalaşıb. Ona görə də Türkiyədən işçi qüvvəsinin gətirilməsini nəzərdə tutmuruq. İnanırıq ki, bunu öz gücümüzlə edə biləcəyik.

- Azərbaycanın Türkiyədə çox az tanındığını söylədiniz. Ölkəmizin geniş tanınması üçün daha nələri planlaşdırırsınız?

- Məsələn, "Avropa-Avropa" serialının bir bölümünün burada çəkməyi düşünürük. Ortaq serial çəkmək planımız da var. Bunun üçün Azərbaycanda özəl telekanalların biri ilə işbirliyi quracağıq. Mayda TRT rəhbərliyi Azərbaycana gələcək. Bütün telekanalların idarə heyətinin başçıları ilə görüş keçirib müzakirə aparacağıq. Artıq iki telekanalla anlaşmamız var. Amma adlarını indidən çəkmək istəmirəm.

- Qarşıdan "Eurovision" beynəlxalq mahnı yarışması gəlir. TRT-nin Bakı nümayəndəliyi Bakıda "Eurovision" həyəcanını isti-isti türk tamaşaçısına çatdırmaq üçün hazırlıq işləri aparırmı?

- Artıq Bakının bu yarışmaya necə hazırlaşdığı barədə Türkiyəyə reportajlar göndəririk. Bakıda aparılan təmir, tikinti, abadlıq, quruculuq işlərindən xəbərlər hazırlayırıq. Yarış ərəfəsi isə canlı yayın komandası Bakıya gələcək.


Zülfiyyə Telmanqızı
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm