“Bakıda 12 min uşağın anası mənəm“
Bizi izləyin

Müsahibə

“Bakıda 12 min uşağın anası mənəm“

Doğrusu, müsahibəyə gedəndə onunla söhbətin belə uğurlu alınacağına inanmırdım. İnternetdə onun haqqında informasiya axtaranda zəhmli şəkillərinə və sərt fikirlərinə rast gəlmişdim. Buna görə söhbətimizin gərgin keçəcəyini düşünürdüm. Amma müsahibə bitdikdən sonra özümü redaksiyaya yüksək əhval-ruhiyyədə yetirib kompüterin qarşısında oturdum. Və məmnunca söhbətimizi qələmə aldım.

Müsahibimi tanıtmağın zamanı gəldi. “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyinin sədri Zərifə Quliyeva.


"O HADİSƏNİ UNUDA BİLMİRƏM..."


- Zərifə, necə oldu ki, xeyriyyə işilə məşğul olmağa başladınız?

-Universitetdən əvvəl də xeyriyyə təşkilatları ilə əməkdaşlıq edirdim. Sonra Azərbaycana gəldim. Tibb Universitetində 2-ci kursda oxuyanda artıq nə istədiyimi bilirdim. Bir dostum məni xeyriyyə işi ilə, əlil uşaqların reabilitasiyası ilə məşğul olan təşkilata apardı. Bu təşkilat ailədəki uşaqlarla işləyirdi. Mənim təyinatımı əlil uşaq yaşayan ailəyə verdilər. Uşağın internata atılma təhlükəsi var idi və onun cəmiyyətə adaptasiya olunması üçün çalışmalı idim. İşimi elə qurmalı idim ki, valideynlər məndən narazı olmasın. Dərsdən çıxırdım və axşama qədər uşaqla qalırdım. Qızın 9 yaşı vardı, adı Turanə idi. Özü bilirdi ki, uşaq evinə atılacaq, ona görə çox passiv idi. Anası işləyirdi, yəni bu ailəyə xoşbəxt ailə demək olmazdı. 6 ay onunla işlədik. Qız iməkləməyə başladı. Dəhlizdən mətbəxə gedən pilləkəni qalxıb-düşməyi öyrəndi. Yemək bişirməyə başlayırdı, çox yaxşı zehni var idi. Əlil uşaq cəmiyyətə belə adaptasiya olmalıdır.

- Sonra nə baş verdi?

- Valideynlər düşünür ki, əlil uşaq hər şeyin hazırını almalıdır. Yəni ona hazır kitabı gətirib səhifələri açmaq lazımdır. Əlil uşaq çox passiv olur, ona hər şeyin hazırını öyrətmək olmaz. Bu ciddi prosesdir, nəticə əldə etmək üçün səbrini basıb gözləməlisən. Turanə adaptasiya olmağa , özü çimməyə, yemək hazırlamağa başlayanda valideynlərin də ona münasibəti dəyişdi. Lakin bir gün qızın nənəsi gəldi və dedi ki, bunu burdan rədd eyləyin. Uşağı internat məktəbə aparmağı mənə tapşırdılar. Bundan böyük zərbə ola bilməzdi. Uşağı götürdüm, o məndən soruşanda ki , hara gedirik, bilmədim nə cavab verim. Bu hadisəni yada salmaq istəmirəm. Ondan sonra mən 1 ay həmin internat məktəbinə getmədim. Onunla bütün əlaqələrimi kəsdim. Təsəvvür edin ki, 6 aylıq zəhmətimi məhv etmişdilər.

Turanə hazırda Sarayda internat məktəbindədir, ildə bir neçə dəfə görüşürəm. Onun uzun ipək saçları var idi. Bu yaxınlarda ora getmişdim və arxadan məni çağırdı, səsini öncə tanımadım. Üzümü görəndə çox pis oldum. Qızın saçını dibindən qırxmışdılar, başına bit düşübmüş. Yeniyetmə dövründə başqa cür görünürdü. Yaxınlaşdım, halını soruşdum. O tədbirdən yarımçıq çıxıb getdim. 2 ilə yaxın Sarayda işləmişəm. Könüllü işləyirdim, işimə görə pul yazırdılar, amma heç vaxt almırdım. Məqsədim var idi, bilirdim ki, bu işlə məşğul olacağam. Həyat yoldaşım da bu işdə məni dəstəkləyir. Həmin təşkilatda bir qrup könüllülərlə çıxdıq və öz təşkilatımızı yaratdıq.


"SAĞLAM UŞAQ GÖRƏNDƏ ÇOX SEVİNİRDİM"


- Təşkilatınızın fəaliyyətinin ilk vaxtlarını necə xatırlayırsınız?

-Təşkilatımızı Ədliyyə Nazirliyində 2003-2005-ci ilə qədər qeydiyyata sala bilmədim. Ofisimiz yox idi. Məktubları internetdə çıxardırdıq və konvertlərə yığıb yollayırdıq. İndiki vaxtıma baxanda 2 ilə çox dəyişdim. Ədliyyə Nazirliyi sənədlərimizdə bir hər səhvi tututrdu. Bunu dəyişmək üçün 40 gün lazım idi. Biz 2 il ərzində praktika kimi fəaliyyət göstərirdik, internat evlərinə gedirdik, konsertlər edirdik, yemək aparırdıq. İndi başa düşürəm ki, çox böyük yanlışlığa yol vermişəm. Təzə yaranan xeyriyyə qruplarına bərk- bərk tapşırmaq istəyirəm ki, belə etməsinlər. Uşağa yemək verirsən, paltar verirsən, sabahı gün ona səni gözləmək qalır. Sən isə gəlmirsən. Sonra uşaqlar hazıra öyrəşir və nə işləmək, nə də qazanmaq istəyir. Mənim içimdə sosial bir tərbiyə qınağı olmasa, valideynlərim olmasa, təfəkkürüm olmasa istiqamətim başqa olacaq. Mən o qədər əlil uşaqlarla işləyirdim ki, küçəyə çıxanda sağlam uşaq görəndə çox sevinirdim yaxınlaşıb qucaqlayırdım və bu mənə çox pis təsir edirdi. Girirdim uşaq evinə və deyirdim ki, bu gün mütləq nəsə dəyişməlidir. Ancaq çıxanda mənə elə gəlirdi ki, heç nə dəyişməyib. Əvvəl problem görürdüm, emosional gərginlik görürdüm, sonra onlara baxanda problem deyil, həllini görürdüm. 2004-cü ildə loqomuzu dəyişdik, dörd yarpaqlı yonca elədik. Yonca adətən 3 yarpaqlı olur. Amma 4-cü yarpağı olması, hər bir uşağın uğur qazanacağına inam simvoludur. Təşkilatın adının olduğu kimi qalması üçün də çox çalışdım.

- Dövlət strukturları ilə necə işləyirsiniz?

- Dövlət orqanları ilə 3-4 dəfə işləmişəm. Mədəniyyət Nazirliyi ilə birgə layihəmiz olmuşdu. Kor uşaqlar üçün məşhur müğənnilərimiz nağılları səsləndirmişdi və onu bir diskdə çap etdik. Nazirlik bu layihə üçün pul ayırdı, amma hesabatda çətinlik yarandı. Dövlət strukturu ilə birgə işləyəndə bunları bilməlisən. QHT-lərə Dövlər Dəstəyi Şurası ilə heç zaman işləməmişəm. Prosedurları çox əcaibdir və bürokratikdir. Mən bilmirəm, onlar orda kağız emalı sexi açırlar, ya neynirlər? 2 dəfə onlara layihə vermişəm, amma keçməyib. Hesabat veriləndə reallıq nəzərə alınmalıdır. Şura deyir ki, işçilərə, özünə maaş yazma, ofisin kirayə pulunu hesabata daxil etməyin. Mən bütün həyatımı bağladığım işdə çalışıram. Amma heç yerdə işləmirəm. Niyə mən burdan pul qazanmayım? Niyə sual verirlər ki, pulu hardan qazanırsız?Hazırda Unibankla birgə layihəmiz var - kasıb ailələrə ərzaq paylayacağıq. 50 ailəni tapıb, onları banka gətirməliyəm. Maliyyə olmadan, maşın olmadan mən bunu necə edə bilərəm? Ona görə də QHT-lər büdcələrini kəsirlər və hesabat verirlər. Buna şuranın özü şərait yaradır.

- Hansı şirkətlərlə işləyirsiniz? Özünüzün könüllülər “ordunuz” varmı?

- Bizim fəaliyyət istiqamətimiz daha çox korporativ sosial məsuliyyəti olan şirkətlərlə birgə işdən qurulub. Donor şirkətlər kifayət qədərdir. Xeyriyyə işlərinə meylli şirkətlər var. Məsələn, Coca-Cola şirkəti nə qədər sudan istifadə edirsə, onu bərpa edib cəmiyyətə qaytarmalıdır. Şirkətlərdə korporativ sosial departamenti var. Hazırda Sosial işlə məşğul olmaq istəyən çoxdur. Yalnız pul verməklə kifayətlənirlər. İşləmək istəyənlər isə çox gəncdirlər, peşəkar deyillər. Onların üzərində iş aparılmalıdır. Könüllü bizə gəlir və onun üzərində işləməyə başlayırıq. Könüllülərimizdən biri, Səhiyyə Departamentinin müdiri Müjgan deputat qızıdır. Könüllülərimiz bütün günü uşaq evlərindədir. Mən özüm bayramdan bayrama internat məktəblərinə uşaqların yanına gedirəm və onlarla ünsiyyət qururam. Bu gün Azərbaycanda kütlənin hesabına yaşayan ailələr var. Şirkətlərlə işləmək mənə rahatdır.


"DEDİ Kİ, PROTEZİM KÖHNƏLİB..."


- Təşkilatınızın piarı, reklamı sizi qane edirmi?

- Bu mənada təşkilatın reklamından çox razıyam. Facebook sosial şəbəkəsində açdığımız səhifədə - 16 min ziyarətçimiz var. Xeyriyyə tədbirlərimiz hamısı yayılır. Üstəlik, saytımız var. Bir dəfə uşaq evlərindən birində mənə uşaq yaxınlaşdı və dedi ki, mənim protezim köhnəlib, onu dəyişmək lazımdır. Çox qısa zaman ərzində Facebook-da bu məlumatı yaydım və ona yeni protez aldıq. Gördüyümüz işləri işıqlandıran jurnalistlərə minnətdarlığımı bildirirəm.

- Yeni layihələrinizdən danışaq?

- Layihələrimiz davamlıdır və inkişafa doğrudur. Yaxında yeni layihəyə başlayırıq. “Paşa Bank” ilə birgə internat məktəblərindən bir qrup qızlara 6 ay boyunca bərbər kursları keçiririk və onlara salon açıram. 6 aydan sonra istəməsələr , digər salonlara peşəkar ustalar kimi transfer olurlar.

Tibbi layihənin 2-ci hissəsi Şağan, Saray uşaq evində gerçəkləşdirəcəyik. 60-a yaxın uşağı Avrasiya klinikasında müayinə edəcəyik və onları lazımi dərmanlarla təchiz edəcəyik. Birinci mərhələdə biz Buzovna, Şaqan və Sarayda internat məktəblərində olan onlarla uşağın müayinəsini keçirdik. “Uniklinika” bizə yardım etdi və bundan sonra uşaqları qoturluqdan və digər xəstəliklərdən sağaltmaq üçün ayrı-ayrılıqda reseptlər yazdırdıq. Uşaqların vaxtlı-vaxtında dərmanla təmin olunmasını həyata keçirə bildik və indi vəziyyət daha yaxşıdır.
Bu il də yay düşərgələri olacaq. Çünki uşaqlar zəng edib düşərgəni təşkil etməyimi istəyirlər. Biz həm əlil, həm də sağlam uşaqları birgə düşərgələr təşkil edirik. İlk günlər çətin adaptasiya olurlar. Lakin o uşaqları qarışdırdıq və proses gedir və müsbət olur. Həm treninq edirik, həm diskotekalar təşkil edirik.


"O UŞAQLARIN SPESİFİK BAXIŞI VAR..."


- Zərifə xanım, belə bir deyim də var ki, uşağı olmayan qadın uşaqların dərdini anlaya bilməz. Bu fikri özünüzə aid edirsiniz?


- Mən çox istərdim ki, uşağım olsun. Yəqin ki, hardasa analıq hissi var. Amma mən tipik uşaq istəmirəm. Xüsusi qayğıya ehtiyacı olan uşaqları sevirəm. Sizə deyim ki, Bakıda 12 minə yaxın uşağın “anasıyam”. Əvvəl düşünürdüm ki, uşağım olmasın. Qohumlarımın uşaqlarını oynadıram, sonra bezirəm. Min dənə uşağın içindən internat uşağını seçə bilərəm. O uşaqların spesifik baxışı var, artistizm var. Amma səmimi münasibət görəndə bu uşaqlar adamdan istifadə etmirlər. Mən həkiməm, praktik fəaliyyətlə məşğul olmasam da, uşağa baxıb ona diaqnoz qoya bilərəm və çıxış yolunu taparam. Pul qazanmağı bacarmaq xüsusi qayğıya ehtiyacı olan uşaq üçün hər şeydən vacibdir. Baş sığallamaq çox vacibdir, amma insan istər-istəməz bükülür. Bu uşaqlara istiqamət lazımdır, dəfələrlə mənə müraciət edilir. Bu əlil uşaqların ünsiyyətə ehtiyacı var. Əxlaqlı olmaq üçün bu uşağın şəraiti olmalıdır, evi olmalıdır.

- Neçə illərdir internat məktəblərinə gedib-gəlirsiniz? Kimsəsiz uşaqların sayında artım, yoxsa azalma var?

-İndi cəmiyyətdə “sosial yetim” deyilən termin var, yəni valideyni olan problemli uşaqların sayı daha çoxdur. Çoxuşaqlı ailədə valideyn uşağı təmin edə bilmir. Oğlanları internat məktəblərinə verirlər, qızları evdə saxlayırlar. Yəni xeyriyyə qurumlarına səslənirəm ki, ərzaqları yoxsul ailələrə versinlər ki, onlar da uşaqları internata qoymasınlar. Hazırda Milli Məclisdə” Deinstitutlaşma haqqında” qanun layihəsi müzakirə olunur. İnternat məktəbində oxuyan uşaqlar həm öz ailələrinə, həm də yeni ailələrə veriləcək Bu model idealdır. Bir ailə uşaqlara öyrəşir, uyğunlasa bilmirsə, uşağı geri qaytarır. Amma bu vaxt mütəmadi olaraq o ailə və uşaqla sosial işçi və psixoloq məşğul olmalıdır. Bizdə övladlığa götürülmə proseduru mürəkkəbdir və bu yaxşıdır. Prosesə nəzarət olmalıdr. Sosial iş fakültəsini ildə 5-6 nəfər bitirir onlar da bu sahədə işləmirlər. Təhsil Nazirliyi istəyir ki, ibtidai təhsildə texnikum bitirmiş müəllimi sosial işçi etsin. Amma sosial işçi psixologiyanı, sosiologiyanı bilmədir, ali təhsili olmalıdır. Belə işçiləri yetişdirmək və praktikaya göndərmək lazımdır. Digər tərəfdən bizdə uşaq psixoloqu azdır. Çünki heç kəs uşağı psixoloqa aparmaq istəmir. O zaman o ailəyə kim nəzarət edəcək? Sonra uşağı geri qaytaranda bu uşaq üçün ikinci zərbə olur.

Azərbaycanda hər il 40-50-yə yaxın uşaq internat məktəbini bitirir, onun 20-si qızdırsa, 10-nu mən himayəyə götürəcəyəm. Qalan 30-nu götürüb himayə etmək lazımdır. Bu o deməkdir ki, küçələrdə axmaq adamlar olmayacaq, heç kəs heç nədən sığortalanmayıb. Sabah o oğlanın, qızın sənin uşağına rast gəlməsi tamamilə mümkündür.

Pul qazanmağı bacarmaq xüsusi qayğıya ehtiyacı olan uşaq üçün hər şeydən vacibdir. Baş sığallamaq çox vacibdir, bu uşaqlara istiqamət lazımdır. Əlil uşaqların ünsiyyətə ehtiyacı var. Əxlaqlı olmaq üçün uşağın şəraiti olmalıdır, evi olmalıdır. işi olmalıdır. Mən dəqiq bilirəm ki, bu gün dövlət hər uşaq üçünkifayət qədər pul ayırır və bu məbləğ heç də az deyil. Amma bu pul gəlib uşağa çatana qədər yolda əriyir.

Söhbətləşdi:
Nailə RÖVŞƏNQIZI
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm