• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Onunla mazutlu stəkanda çay içərdim” – 4 prezidentin etimadını qazanan Vahid Əhmədovla qeyri-siyasi söhbət - FOTOLAR

“Onunla mazutlu stəkanda çay içərdim” – 4 prezidentin etimadını qazanan Vahid Əhmədovla qeyri-siyasi söhbət - FOTOLAR

O, indiyədək ən müxtəlif, özü də ən məsul vəzifələrdə çalışıb. Ölkəmizin müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəlliflərindən biri kimi Azərbaycanın bütün prezidentlərinin etimadını doğruldan məmur statusunu alıb. Ən həssas dönəmlərdə, gərgin günlərdə barışdırıcılıq missiyasını öz üzərinə götürüb. Bütün bunlar hazırda Milli Məclisin deputatı kimi fəaliyyət göstərən Vahid Əhmədovun həm professional kadr, həm də çalışqan, zəhmətkeş insan olduğunu sübuta yetirən amillərdəndir. Biz müsahibəyə getdiyimiz gün də həddən artıq yorğun görünürdü. Amma başı qarışıq olsa da, Publika.az-ın ”Siyasətsiz siyasətçi” rubrikasının qonağı olmaq üçün görüşə vaxtından əvvəl gəlmişdi:

“Dərsdən sonra meşədən odun gətirib satırdım”

- Vahid müəllim, yorğun görünürsünüz...

- Hə, həlli vacib olan bəzi işlərim var. Dünən rayona getmişdim, insanlarla görüşüb söhbət etdik.

- Qubaya?

- Bəli...

- Orda vəziyyət necədir?

- Elə bir ciddi problem yoxdur. Ölkə başçısının göstərişlərinə uyğun olaraq yeni infrastruktur layihələri həyata keçirilib. Qaz, işıq və su məsələsində problem yoxdur. Məktəb, xəstəxana, bəzi yerlərdə uşaq bağçaları üçün binalar tikilib. Ötən 10 ildə millət vəkili olaraq mən də bir sıra işlər görmüşəm. Ümumiyyətlə, Quba və şimal zonası dağlıq yer olduğundan orda yol problemlərinin həlli ilə bağlı məsələlər həll edilir. Dairəmdə 100-ə qədər kənd var. Hərbi strateji əhəmiyyətə malik Quba-Qonaqkənd-Şamaxı yolunun çəkilməsi diqqət mərkəzindədir.

- Qonaqkənddən söz düşmüşkən, elə bu kənddə dünyaya gəlmisiniz.

- Bəli...

- Uşaqlıq illərinizi necə xatırlayırsınız?

- Ailədə 9 uşaq idik - 7 qardaş, 2 bacı. Qardaşımın biri kiçik ikən dünyasını dəyişib. Atam mühasib idi. Bu qədər uşağı böyütmək asan deyildi. Onun məvacibi dolanışığımıza çatmadığından, dərsdən sonra meşədən odun gətirib satır, valideynlərimizə kömək edirdik. Bu səbəbdən həmişə dərsləri gecə oxumuşam. O vaxt Qonaqkənd rayon idi. Orta məktəbdə əlaçı olmuşam. Məktəbi qızıl medalla bitirdim. Qonaqkənd orta məktəbinin tarixində ilk dəfə idi ki, dörd məzun təhsili medalla başa vurdu. Bizim sinifdən iki nəfər məktəbi qızıl, ikisi isə gümüş medalla bitirdi. Orta təhsil illərində idmanla məşğul olur, voleybol oynayırdım. Uşaqlıq həyatım belə olub.

“Anamın 101 yaşı var”

- Ananız evdar qadın idi?

- Bəli, çünki bu qədər uşağa baxmağa məcbur idi. 9 övladı böyütmək o qədər asan deyil. Anamın 101 yaşı var. O vaxt Qəhrəman ana statusunu alıb. Tez-tez ona baş çəkirəm, xəstədir. Ümumiyyətlə, ana qohumlarım uzunömürlüdürlər. Babam 126, dayım 107 yaşında dünyasını dəyişib.

- Övladın layiqli vətəndaş kimi yetişməsində ata-ananın çox böyük təsiri var. Bu təsir sizdə özünü nədə büruzə verdi?

- Atam həmişə qayda-qanuna riayət edən adam olub. Rüşvətə, korrupsiyaya nifrət edirdi. Həmişə deyərdi ki, dövlətin bir qəpiklik malına da göz dikmə. Dövlət malı ilə işin olmasın. Allah-təala sizə bir tikə çörəyi yazıbsa, o, qismət olacaq. Onun sözləri yaddaşıma həmişəlik əks olunub. Bir faktı deyim: atam elə də böyük vəzifədə çalışmasa da, onun hansısa uşağa kömək üçün ət və süd sənayesi nazirinə bircə məktubu kifayət edirdi.

- Bacı-qardaşlarınızdan sizin kimi ictimai-siyasi həyatda fəal olanı varmı?

- Yox, elə təkcə mənəm. Amma onlar arasında müxtəlif yerlərdə işləyənlər var.

“Ukraynadan 100 tank, avtomat, pulemyot, sursat gətirdim”

- Orta məktəbi bitirib hərbi xidmətə getdiniz, yoxsa..?

- Politexnik İnstitutunun axşam şöbəsinə daxil oldum. Oxuya-oxuya “Leytenant Şmidt” adına Maşınqayırma zavodunda fəhləlik edirdim. Gündüzlər fəhləliklə pul qazanır, axşamlar dərsə gedirdim. İnstitutu bitirdikdən sonra hərbi xidmətə yollandım.

- Əsgərliyi harada keçirdiniz?

- Kiyevdə - aviasiya peşə məktəbində. Hərbi xidmət bütün kişilərə lazımdır. Həyatın sınaqlarından çıxmaq üçün əsgərlik yaxşı vasitədir. Bilmədiklərini də orda öyrənirsən. Bəzi çətinlikləri görmək üçün əsgərliyin çox böyük əhəmiyyəti var.

Ukraynada 1970-ci illərdə oldum. Yeri gəlmişkən, mənim indi də Kiyevdə dostlarım var. Ukraynanın keçmiş prezidentləri Leonid Kuçma, Leonid Kravçukla çox yaxınıq. Məni bu ölkə ilə çox şey birləşdirir. Ukraynanı çox sevirəm. Yadımdadır, Heydər Əliyev yenicə prezident seçilmişdi. Silah-sursat baxımından çətinliyimiz vardı. Baş nazirin birinci müavini kimi işləyəndə hərb sahəsinə mən baxırdım. Heydər Əliyev dedi ki, Kravçuk, Kuçma sənin dostlarındır. Bizə silah lazımdır. Mənə verilən siyahını götürüb bir ay Ukraynada qaldım. Oradan sursat daşıdım. 100 tank, avtomat, pulemyot, sursat gətirdim. Əvəzində isə yanacaq verdik.

- Kravçuk və Kuçma kömək etdilər?

- Bəli...

- Sizinlə şəxsi münasibətlərinə görə?

- Bəli. Ümumiyyətlə, bir söz deyim: onlar Azərbaycanı çox sevirlər. Ukrayna dövləti və xalqı ölkəmizə çox kömək edib. Yadıma gəlir, 1996-1997-ci illərdə Rusiyanın kəskin etirazlarına baxmayaraq, Heydər Əliyev də onlara kömək etdi.

“Heydər Əliyev dedi ki, Vahiddən muğayat olun”

- Hərbi xidmətdən qayıtdıqdan sonra hansı işlə məşğul oldunuz?

- “Şmidt” zavodunda əvvəlcə mühəndis işlədim. Sonra məni sahə rəisi vəzifəsinə keçirdilər. Uzun illər sahə rəisi işlədikdən sonra məni radiozavoda dəvət etdilər. Orda böyük sexin rəisi vəzifəsini icra edirdim. Daha sonra istehsalat rəisi vəzifəsinə keçdim. Bir gün təklif etdilər ki, “uçiliş” açaq, orda işlə. Təxminən bir il də orda işlədim. Sonra Mərkəzi Komitədən yeni açılan zavoda baş mühəndis vəzifəsinə göndərdilər. 35 yaşımda isə başqa zavoda direktor təyin etdilər.

Bir gün Heydər Əliyev zavodumuza gəlmişdi. Məni tanıyırdı. Üç saata yaxın söhbət etdi, gəzdi. Gedəndə də dedi ki, Vahiddən muğayat olun.

- Təxminən belə demişdi: “Bu cavan oğlan bizə lazım olacaq”.

- Bəli, belə bir ifadə işlətdi. Beləcə, ayrı-ayrı müəssisələrin rəhbərliyində fəaliyyətimi davam etdirdim. 1990-cı ildə Ali Sovetə deputat seçildim.

- Və 1991-ci ildə istiqlalçı deputatlardan oldunuz.

- Bilirsiniz, o vaxt vəziyyət çətin idi. Vaxt keçdikcə tarix özü bunları tədricən ayırd edir. Həmişə parlamentdə çıxışlar edirdim. Həmin tribunaya “4-cü mikrofon” deyirdilər.

“Zavodda işə fəhləlikdən başlamışam”

- 20 ilə yaxın ayrı-ayrı zavodlarda işləmişəm. Heç vaxt özümü fəhlədən ayırmamışam. Sexləri yoxlamağa çıxanda çay içən fəhlə gördükdə oturub onunla mazutlu stəkanda çay içərdim. Çünki mən o həyatı keçmişəm. Zavodda işə fəhləlikdən başlamışam. Buna görə də onların necə əziyyət çəkdiklərini bilirəm.

- Niyə gec ailə qurdunuz? Maddi imkansızlıqdan?

- Bəli, “Şmidt” zavodunun yataqxanasında qalırdım. O qədər imkanım yox idi. Düzdür, yaxşı maaş alırdım. Amma pulun bir qismini rayona - valideynlərimə göndərirdim. Çünki evdəki bacı-qardaşlarımı dolandırmaq lazım idi. Sonra zavoddan mənə ikiotaqlı ev verdilər. Onda evlənməyə qərar verdim. Həmin dövrdə artıq 33 yaşım vardı.

- Həyat yoldaşınızı valideynləriniz seçdi?

- Yox, özüm seçdim. Atam razılığını verdi. Elə öz tərəfimizdən evləndim. Həyat yoldaşım da ali təhsillidir.

- Əvvəldən tanıdığınız ailədən qız aldınız, yoxsa təsadüfən?

- Yox, əvvəldən gedib gəldiyimiz ailə idi, bir-birimizi tanıyırdıq. Görüb bəyəndik və evləndik. Həmin ailə də Qubadandır.

- Xanımınız işləyir?

- Əvvəllər işləyirdi, sonra uşaqlara görə işləmədi.

“Qonaqkənddə məscid, uşaq bağçası və xəstəxana tikdirdim, su çəkdirdim”

- Övladlarınız niyə yolunuzu davam etdirmədilər? Hər ikisi hüquq sahəsinə meyil göstərdi.

- Seçimlərini özləri etdilər. Oğlum da, qızım da hüquqşünasdır. Qızım təhsilini başa vurdu və bu yaxınlarda ailə həyatı qurdu. Oğlum çoxdan ailə qurub, iki nəvəm var. Nəvələrimdən biri ikinci sinifdə oxuyur, digəri dördüncü. Həmişə yanımdadırlar.

- Vahid müəllim, ölkəmiz üçün həssas tarixi məqamlarda sizə vasitəçilik missiyaları təklif edilib. Keçmiş prezidentlər Ayaz Mütəllibov da, Əbülfəz Elçibəy də belə xahişlərlə sizə müraciət ediblər. Bu nədən irəli gəlir – dialoqa getdiyiniz insanların psixologiyasını qısa zamanda öyrənə bilmək qabiliyyətinizdən, yoxsa..?

- Uzun illər zavodların kollektivləri ilə işlədim deyə, insanların psixologiyasına yaxından bələd oldum. Mən hər zaman dialoq tərəfdarı olmuşam. Azərbaycanda 9,6 milyon insan yaşayır. İnsanların yaxşısı da bizimdir, pisi də... Heç vaxt kiməsə yuxarıdan aşağı baxmadım. İmkanlı da, imkansız da mənim üçün eyni adamdır.

- İmkandan söz düşmüşkən, necə dolanırsınız?

- Millət vəkili kimi dolanıram. Oğlum da işləyir. Bizneslə məşğul olmuram. Heç bir biznes obyektim yoxdur. Heç məşğul olmaq fikrində də deyiləm. Əvvəllər 5 il millət vəkili kimi çalışdım, 10 ildir yenə parlament üzvüyəm. Həyat yoldaşım arzu edirdi ki, Qonaqkənddə məscid tikdirim. Kəndimizdə heç vaxt məscid olmayıb. Millət vəkili seçildikdən sonra orda məscid inşa etdirdim, indi insanlar ibadət edirlər. Sonra kəndimizə su çəkdirdim, uşaq bağçası, xəstəxana tikdirdim.

“Mənzili Heydər Əliyev verib, o da təmir etdirib”

- Mənziliniz haradadır? Harada yaşayırsınız?

- Hal-hazırda bağ evində qalıram. Amma evim Xırdalandadır.

- Mənzilinizi özünüz almısınız?

- Yox, onu mənə ulu öndər Heydər Əliyev verdi. O vaxt evim başqa yerdə idi. İşə ən tez gələn və ən gec gedən rəhbər işçilərdən idim. İşdən gecə saat 2-də, 3-də çıxırdım. Sutkada cəmi 4 saat yatırdım. Çünki ağır dövr idi. Onda işlədiyim yerə yaxın evə köçməyi məsləhət gördülər. Mənə Nazirlər Kabineti yanında birotaqlı mənzil verdilər. Amma orda nəzarət çox güclü idi. Mənsə belə şeyləri sevmirəm. Buna görə mənzili boşaltmaq qərarına gəldim. Onda Heydər Əliyev mənə ev verdi.

- Neçə otaqlı?

- Dörd. Heydər Əliyev təkcə ev vermədi, həm də mənzilimi tam təmir etdirdi. Evə bir qəpik də xərcləmədim. Bilirdi ki, mənə qalsa, mənzilim təmirsiz olacaq. Çünki həlləm-qəlləm işlərlə aram olmadığından, əlavə qazanc yerim yox idi.

“Ailəmə buraxılan yeganə adamdır”

- Bayaq dostlarınızdan danışdınız. Bildiyimə görə, sayları çoxdur.

- Hər adamı dost kimi qəbul etmirəm. Dostu tanımaq üçün ən yaxşı mərhələ sənin vəzifədən çıxarıldığın, işsiz qaldığın günlərdir. Vəzifədən kənarlaşanda əsl dostların kim olduğunu başa düşürsən.

Mənim əsas bir dostum var. Orta məktəbdə bir sinifdə oxumuşuq. İndi də əlaqə saxlayırıq. Ailəmə buraxılan yeganə adamdır. O, mənim, mən də onun ailəsinin bütün sirlərini bilirik. Heç vəzifədə-zadda da işləmir.

Rəhmətlik İsmayıl Şıxlı, Ziya Bünyadovla çox yaxın olmuşuq. Onlarla oturub-dururdum. Keçmiş baş nazir Rəhim Hüseynovla indi də dostuq. Çox gözəl insandır. Başqa dostlarım da var ki, bəziləri rəhmətə gedib.

- Vahid müəllim, müxtəlif hakimiyyət komandaları ilə işləmisiniz. Sonrakı dövrlərdə də ayrı-ayrı vəzifələrdə təmsil olundunuz. Sizə belə etimad göstərmələrinin səbəbləri nə ilə bağlıdır?

- Gərək etimadı doğruldasan. Mən Mütəllibovu yaxşı insan kimi tanımışam, bu gün də ona hörmətim var. Yaqub Məmmədovla da işləmişəm. AXC dövründə də vəzifədə təmsil olunmuşam. Əbülfəz Elçibəy mənə etibar edirdi.

- Səhv etmirəmsə, nazir müavini vəzifəsinə irəli çəkilməyinizdə elə Yaqub Məmmədovun böyük rolu olub.

- Bəli, təqdimatımı o vermişdi.

- İndi əlaqələriniz var?

- Bəli, Yaqub müəllimlə dostam.

- Deyəsən, rəsmiyyəti sevmirsiniz. Kabinetinizdə qalstuksuz, kostyumsuz işləyirsiniz.

- Yox, əksinə. Mən yalnız istirahət günlərində belə geyinirəm. Yeniyetməlik dövründən qalstuk taxmağı sevmişəm. Yadıma gəlmir ki, nə vaxtsa qalstuksuz gəzim.

- Geyimlərinizi özünüz seçirsiniz?

- Hə, ancaq özüm.

- Evə bazarlığı kim edir?

- Bazara özüm gedirəm. Məni orda hamı tanıyır.

“Telefonum da 24 saat açıq olur”

- Vahid müəllim, həyatda çox aldanmısınız?

- O qədər..! Təvazökarlıqdan uzaq olsa da, deyəcəm – sadəlövh insanam. Hörmət etməyi çox sevirəm. Amma bunun da bir həddi olmalıdır.

- Xaraktercə bir qədər mühafizəkarsınız.

- Açığını deyim ki, demokratik adamam. Amma bəzi məsələlərdə mühafizəkaram. Məsələn, dövlət məsələlərində güzəşti sevmirəm.

- Bəzi həmkarlarınızdan fərqli olaraq mobil telefonunuzun əlaqə nömrəsini uzun illərdir dəyişmirsiniz. 2005-ci ildə də bu nömrənizə zəng etmişdim, 2015-ci ildə də.

- Nömrə dəyişməyi sevmirəm. Telefonum da 24 saat açıq olur. Hamı bilir ki, bu nömrə mənimdir.

- Gün ərzində nə qədər zəng gəlir?

- Sayını dəqiq deyə bilmərəm. Amma zənglər çox olur.

- Səhhətinizdə problem vardı.

- Hə, ürəyimdə problemlər yaranmışdı, əməliyyat olundum.

- Çay niyə içmirsiniz?

- Heç bilmirəm niyə... Su içməyə üstünlük verirəm. Açığı, indi çaylarda da keyfiyyət azdır.

“Bu ofisin mənə verilməsində cənab prezidentin köməyi olub”

- “Facebook”dan və digər sosial şəbəkələrdən niyə istifadə etmirsiniz?

- Xoşum gəlmir, ona görə. Sən bayaq bir söz işlətdin ki, mən mühafizəkaram. Bir növ haqlısan. İnternetdən istifadə edirəm. Hər səhər gəlib bütün saytları gözdən keçirirəm. Evə də gedən kimi telekanalları gözdən keçirirəm. Buna görə sosial şəbəkələrə çox maraq göstərmirəm.

- Bəziləri paytaxtın mərkəzində işləməyə daha çox maraq göstərir. Siz isə əksinə. Ofisinizin yerini niyə dəyişdiniz?

- Hə, əvvəllər “Nərimanov” metrostansiyasının qarşısında ofisimiz vardı. Sonradan bura köçdük. Bu ofisin mənə verilməsində cənab prezidentin köməyi olub. Həm də mən sakitliyi sevən adamam. Şəhərin gurultulu yerlərini çox sevmirəm. Sakit yer olsun, işləyim, oxuyum.

- Nə oxuyursunuz?

- Daha çox siyasi ədəbiyyatı mütaliə edirəm. Bir də gündəlik mətbuatı oxuyuram.

- Amma masanızın üstündə qəzet yoxdur? Ancaq elektron medianı izləyirsiniz?

- Ancaq bir qəzeti oxuyuram. O da maşınımdadır. Daha çox saytlara baxıram. Hamısını izləyirəm.

- Publika.az-ı sonuncu dəfə nə vaxt izləmisiniz?

- Dünən...

Anar Tağıyev

Fotolar Elçin Muradındır

Xəbər lenti

DAHA ÇOX XƏBƏR