"Made in Azerbaijan" brendinin yaradılmasında yenilik
Bizi izləyin

Nəqliyyat

"Made in Azerbaijan" brendinin yaradılmasında yenilik

"Made in Azerbaijan" brendinin yaradılmasında yenilik

“Bakı Metropoliteni” QSC-nin strukturuna daxil olan dəmir-beton konstruksiyaları sahəsində yeni istehsalat sahəsi fəaliyyətə başlayıb. Bu, beton şpalların istehsalı sahəsidir.

“Bakı Metropoliteni” QSC-dən Publika.az-a verilən məlumata görə, Almaniyanın “Vollert” şirkətindən Avropa standartlarına cavab verən yeni avadanlıqlar alınmaqla beton blokların yerli şəraitdə istehsalı üçün şərait yaradılıb.
Metro yollarında istifadə ediləcək beton bloklar mövcud taxta şpallardan keyfiyyətinə və uzunömürlüyünə görə çox fərqlənir. Belə ki, ağac şpalın ömrü 18-25, ən uğurlu istismar şərtləri daxilində 30-35 ildirsə, beton bloklar 80 il xidmət göstərə bilər. Beton bloklardan istifadə qatarların hərəkəti zamanı titrəmənin və səs-küyün, fiziki təsirlərin, təkərə əks-zərbələrin qarşısının alınması, ələlxüsus bunun milli-mədəni, dünyəvi əhəmiyyəti olan tarixi-memarlıq abidələrinin qorunması (məsələn, «İçərişəhər-Sahil» mənzili boyunca) üçün əlverişlidir.
Beton blokların yerli şəraitdə istehsalı məhsulun alınması, ölkəyə gətirilməsi, daşınma xərcləri, yol-gömrük və s. rüsumların ödənməsi baxımından iki dəfədən də artıq qənaətə səbəb olacaq. Bu, yeni iş yerləri, yerli mütəxəssislərin hazırlanması, laboratoriya şəraitində yeniliklərin tətbiqi ilə elmi-praktiki potensialın inkişafı, həmçinin gələcəkdə «Made in Azerbaijan» brendinin yaradılması ilə həm də ölkə iqtisadiyyatına xidmət deməkdir. Yeni istehsal olunan beton bloklardan ilkin mərhələdə Bənövşəyi xəttin «Memar Əcəmi» və şərti adı «B-03» olan stansiyalararası yollarında, həmçinin «Nərimanov» elektrik deposunda sınaq yollarında istifadə ediləcək.
“Bakı Metropoliteni” QSC-nin yaranmasından ötən qısa müddət ərzində, ümumilikdə, dəmir-beton konstruksiyaları sahəsində böyük işlər görülüb. Müəssisədə yeni elektrik yarımstansiyası inşa edilib. Yarımstansiyada müasir standartlara cavab verən yeni avadanlıqlar quraşdırılıb və onu qidalandırmaq üçün elektrik veriliş xətləri çəkilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm