“Ağdam” gəmi-bərəsi istismara buraxılır
Bizi izləyin

Nəqliyyat

“Ağdam” gəmi-bərəsi istismara buraxılır

“Ağdam” gəmi-bərəsi istismara buraxılır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nəqliyyat donanmasına məxsus “Ağdam” gəmi-bərəsi yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək.

QSC-nin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, “Ağdam” gəmi-bərəsi yenidən yükdaşımalara tam hazırdır. 2016-cı ilin dekabrından “Zığ” Gəmi Təmiri Zavodunda başlayan əsaslı təmir işləri qısa vaxtda və yüksək keyfiyyətlə həyata keçirilib. Gəmi-bərənin baş və köməkçi mühərrikləri, su, yağ, yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğuları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə zəruri təmir işləri görülüb.

Eyni zamanda, “Ağdam”ın bütün sualtı və suüstü hissələri tam təmizlənərək rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib.

Yanvarın 24-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev “Ağdam” gəmi-bərəsində olub və ona təmirin necə həyata keçirildiyi barədə məlumat verilib. R.Vəliyev gəmi-bərənin ayrı-ayrı bölmələrinin təmirdən sonrakı vəziyyəti ilə tanış olub. “Ağdam”ın heyəti ilə də görüşən sədr dənizçilərə bir sıra tapşırıqlarını verib. Vurğulanıb ki, təhlükəsizlik, nizam-intizam kimi məsələlərə xüsusi diqqət yetirilməlidir. Gəmiçiliyin rəhbəri eyni zamanda, işində fərqlənən əməkdaşların karyeralarında da irəliləyişlərin olacağını bildirib.

Dəniz sınaq yoxlamasından da uğurla çıxan “Ağdam” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xətlərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşıyacaq.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Xəzərdə yeganə bərə operatorudur. Hazırda Gəmiçiliyin donanmasında 13 gəmi-bərə, 2 Ro-Ro tipli gəmi var. Donanmada mövcud olan 13 gəmi-bərədən 7-si 28 vaqon, 6-sı isə 52-54 vaqon götürmə imkanına malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm