Avtobuslar üçün xüsusi hərəkət zolaqları - FOTO
Bizi izləyin

Nəqliyyat

Avtobuslar üçün xüsusi hərəkət zolaqları - FOTO

Hərəkət zolağının çəkilməsinə start verilib.

Artıq Bakıda avtobuslar üçün xüsusi hərəkət zolağının çəkilməsinə start verilib.

Publika.az-ın xəbərinə görə, bunu bu gün jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

"Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatdan istifadə edən vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində yalnız sərnişin avtobuslarının hərəkət etməsi üçün xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlayıb. Xətlənmə işləri ilkin mərhələdə paytaxtın 9 küçə və prospektində aparılacaq. Artıq Füzuli küçəsində xüsusi hərəkət zolağının çəkilişinə başlanılıb. Xüsusi hərəkət zolaqları yalnız sərnişin avtobuslarının hərəkəti üçün nəzərdə tutulub. Digər nəqliyyat vasitələrinin bu hərəkət zolaqlarından istifadəsi qadağandır. Bu zolaqlarda avtomobillərin park edilməsi də qadağandır", - deyə M.Ağayev bildirib.

Onun sözlərinə görə, zolaq boyunca yerləşən yaşayış məntəqələrində yaşayan sakinlər üçün xüsusi nişanlar qoyulacaq ki, həmin yerlərdən sakinlər məhəllələrinə daxil ola biləcəklər.

M.Ağayev bildirib ki, Bakı Nəqliyyat Agentliyinin ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqlarının təşkil edilməsi barədə təklifi Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası tərəfindən məqbul hesab edilib: “İlkin olaraq, Babək, Xocalı, Nobel, Gəncə prospektlərində, M.Useynov, Ə.Rəcəbli, M.Füzuli (Qış parkı boyunca), M.Əliyev və Y.Səfərov küçələrində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün müvafiq yol nişanı qurulmaqla xüsusi hərəkət zolaqlarının təşkil edilməsinə razılıq verilib. 3 və daha artıq zolaq olan yollarda bu yenilik tətbiq ediləcək ki, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olmasınlar”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bu zolaqların çəkilməsinin təhlükəsizlik baxımından uğurlu addım olduğunu deyib: “İctimai nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağının yaradılması təhlükəsizlik üçün mühüm şərtlərdən biridir. Bu gün paytaxtın inzibati ərazisinə aid küçə və prospektlərdə yaşanan hər hansı problem digər iştirakçıların hərəkətinə təsir edir. Bu zolaqlar təhlükəsizliklə yanaşı, ictimai nəqliyyatdan istifadə edənlərin daha mənzil başına ləngimədən çatması deməkdir. Bu zolaqlar yalnız avtobuslar üçün nəzərdə tutulub. Bu yoldan istifadə edən digər nəqliyyat digər avtomobil sürücülərə qarşı inzibati tənbeh tədbirləri nəzərdə tutulur. İctimai nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı tələblər öz həllini tapdıqdan sonra cərimələr barədə tələblər açıqlanacaq. Bu gün hələ ki, xətt çəkilir, bir neçə gün sonra bu xətlərə daxil olan digər nəqliyyat vasitələrinə qarşı hansı tədbirlərin görüləcəyi ilə bağlı məlumat verilə bilər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm