• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Beynəlxalq terrorizm və İslam: Əks qütblər

  • Nida.az
  • 9 Mart 2014 16:30
  • 1 178 Baxış
Beynəlxalq terrorizm və İslam: Əks qütblər

Beynəlxalq terrorizm XXI əsrdə bəşəriyyət üçün ən qorxulu təhlükə hesab edilir. Terrorçuluq fəaliyyətinin bu növünü bəzən səhv olaraq «İslam terrorizmi» kimi də qiymətləndirməyə cəhdlər göstərilir.

Məsələyə belə yanaşıldıqda, XIX əsrdə Afrikanın müstəmləkəyə çevrilməsi müstəmləkəçi dövlətlərin dini mənsubiyyətinə görə «xristian müstəmləkəçiliyi» adlandırılmalıdır. Belə son dərəcə həssas məsələlərdə ifadələr dəqiq ölçülüb-biçilib işlədilməlidir. Müsəlmanlar «Nyu-York göydələnlərini dağıtdılar» kimi ifadələrin işlədilməsi yolverilməzdir, çünki məsələnin belə qoyuluşu bütün müsəlman dünyasını terrorizmdə ittiham etmək deməkdir. Çox qəribədir ki, heç kim «induslar Mahatma Qandini öldürdülər» və ya «yəhudilər İshaq Rabini öldürdülər» kimi fikirlər söyləmirlər. Eyni məntiqə söykənilsə, ABŞ prezidenti C.Kennedini öldürən Li Harvi Osvalda görə bütün Amerika xalqını müttəhim kürsüsündə əyləşdirmək lazım gələrdi.

Bu vəziyyətdə belə bir mif yayılmaqdadır ki, guya islam dininin mahiyyətində zorakılığa hüsn-rəğbət vardır. Əslində isə tanınmış Rusiyalı şərqşünas alim A.M.Xazanovun fikrincə desək, «terrorizm heç də müsəlmanların ixtirası deyildir. Xristian Avropanın tarixi eyni zamanda müsəlmanlara qarşı kütləvi qətllər və terror aktları ilə zəngindir. Səlib yürüşləri və Rekonkista müsəlmanların və iudeylərin zorən katolikliyə keçirilməsi, onların «müqəddəs inkvizisiyaya» və autodafeyə tuş gətirilməsi ilə müşaiyət olunmuşdur».

Bu bir həqiqətdir ki, terrorçunun dini və milli mənsubiyyəti olmur. Hitlerin başkəsənlərinin qayışlarının toqqasında «Allah bizimlədir»,-ifadəsi həkk olunmuşdu. Bunu əsas götürüb, «faşist xristian orduları» ifadəsi işlətmək olarmı? Əlbəttə, yox. Öz antimüsəlman mövqelərinə haqq qazandırmaq üçün «psevdoislamşünasların» ən çox müraciət etdiyi məsələ «cihad»termini ilə bağlıdır. Onlar səhvən və ya bilərəkdən «cihadı» «qeyri-müsəlmanlara qarşı müqəddəs müharibə» kimi yozmaqda davam edirlər. Bu isə, guya ki, müsəlmanları qeyri-müsəlman dünyasına qarşı mübarizəyə və bu mübarizədə bütün üsullardan, hətta terrordan da belə bəhrələnməyə sövq edir.

Başqa sözlə, guya ki, «cihad» konsepsiyası terrorizmə haqq qazandırır. Əslində «cihad» hərfi mənasına görə «ən yüksək səy» deməkdir. İslam ideologiyasının təqdimatına görə, «cihad» İslamın yayılması və müdafiəsi uğrunda mübarizə deməkdir. Amerikalı alim Tomas Lippmanın fikrincə, «cihad» sözü Məhəmməd peyğəmbərin öz ardıcılları üzərinə qoyduğu öhdəliyi-»dinin qorunmasını» əks etdirir.

Həqiqətən də Quranın 2-ci surəsində («İnək surəsi») deyilir: «Allah qoyduğu yol naminə sizi öldürənləri öldürün, lakin ölçülərdən kənara çıxmayın, çünki Allah həddini aşanları sevmir». Nəhayət, İslamı həddindən artıq döyüşkənlikdə və hərbə çağırışda ittiham edənlər ədalət naminə İisus Xristosun məşhur fikrini unutmamalıdırlar: «Düşünməyin ki, mən Yer üzünə sülh gətirmək üçün gəlmişəm. Mən sülh yox, qılınc gətirdim» .

Bu yerdə «təməlçilik» məsələsinə də aydınlıq gətirmək lazımdır. Təəssüf ki, çox zaman səhv olaraq bu anlayışla radikalizm, ekstrimizm və hətta terrorizm arasında bərabərlik işarəsi qoyurlar. Təməlçilik-dinin köklərinə qayıdışın zəruriliyini, onun ilkin təmizliyinin hifz edilib qorunmasını təbliğ edir. Belə yanaşma tərzi istənilən dində ola bilər.

Yeri gəlmişkən, o, ABŞ-da yaranmışdır. Belə ki, 1919-cu ildə pres-viterian, baptis və metodist dünya görüşlərinin daşıyıcıları olan qruplar Ümumdünya Xristian Fundamental Assosiasiyasını yaratmışlar. Məqsədləri-inamlarının fundamental əsasları saydıqları məsələlərin qorunub saxlanılması olmuşdur. (Məsələn, onlar insanın yaranışı haqqında Darvinin nəzəriyyəsini inkar edirlər).

İslam təməlçiləri nümayəndələri də (ərəbcə «əs-sələf-ayi»-»ulular») öz dinlərinin köklərinə qayıdışa çağırırlar və bu heç bir qeyri-müsəlmanlara qarşı zorakılığa çağırış kimi yozulmamalıdır.

Buna görə də İslamı müxtəlif cinayətlərdə ittiham etmək kökündən səhvdir və yuxarıdakı araşdırmalarımız belə yanaşma tərzinin nə qədər təhlükəli olduğunu bir daha sübut edir. Bu yerdə «mərdi qova-qova namərd edərlər» xalq deyimimiz yada düşür.

Obyektivlik naminə onu da qeyd edək ki, son zamanlar böyük insan tələfatlarına gətirib çıxaran terror aksiyalarında özünü müsəlman kimi təqdim edənlərin xüsusi çəkisi artmaqdadır. Şübhəsiz ki, bu tendensiya səbəbsiz deyildir.

ELMAN NƏSİROV

SİYASİ ELMLƏR DOKTORU, PROFESSOR

Xəbər lenti

DAHA ÇOX XƏBƏR