ATƏT bəyannaməsi Ermənistana necə təsir edəcək? – ŞƏRH
Bizi izləyin

Nida.az

ATƏT bəyannaməsi Ermənistana necə təsir edəcək? – ŞƏRH

ATƏT Parlament Assambleyası azərbaycanlıların işğal olunmuş ərazilərə qayıtmaq hüququnu təsdiq edib.


Publika.az xəbər verir ki, bu barədə ATƏT PA-nın Helsinki sessiyasının nəticələri üzrə qəbul olunan yekun bəyannamədə deyilir.


Bəyannamə münaqişələr nəticəsində qaçqın və məcburi köçkün olmuş Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna əhalisinin təhlükəsizliyin və şərəf və ləyaqətə hörmətin təmin edilməsi şərti ilə evlərinə qayıtmasının ayrılmaz hüquqları olduğunu bir daha təsdiq edir. Həmçinin bu fəaliyyətlərin həyata keçirilməsi üçün lazımi şəraitlərin yaradılmasının zəruriliyi vurğulanır”, - deyə qeyd olunur.

Bəyannamədə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı məsələsi də vurğulanır.


Son vaxtlar beynəlxalq ictimaiyyətin Ermənistanın işğalçı olduğunu etiraf etməsi halları çoxalıb. Misal üçün, Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqovlar işi” ilə bağlı qərarı bu istiqamətdə ən tutarlı sənəddir.


Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə Publika.az-a açıqlamasında bildirib ki, istənilən imkanlardan istifadə edərək beynəlxalq təşkilatlarda Ermənistanın ifşa olunmasına çalışmalıyıq: “Çalışmalıyıq ki, beynəlxalq ictimaiyyətin diqqəti buna yönəlsin. Çünki ortada beynəlxalq hüququn kobud şəkildə pozulması var və bu hüququ pozan Ermənistan sülh istiqamətində heç bir addım atmır. Azərbaycanın hədəfi də bu işğalçı dövlətin ifşa olunmasıdır. Bunu beynəlxalq təşkilatların əli ilə etməliyik. Bu bəyannamə müsbət qiymətləndirirəm və hesab edirəm ki, belə bəyannamələr daha çox olmalıdır”.


Lakin etiraf olunmalıdır ki, indiyə qədər Ermənistanın açıq, yaxud dolayısı yolla işğalçı olduğunu təsdiq edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr, qərarlar, yaxud bu cür bəyannamələrin konkret nəticələri olmur. Buna ən bariz nümunə isə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini göstərmək olar. Halbuki, Rusiya Krıma müdaxilə edəndə eyni tipli qərarları, qətnamələr ona qarşı da qəbul olundu və ardınca dərhal praktiki addımlar atıldı.


A. Mollazadə də qeyd edir ki, bu cür bəyannamələr kağız üzərində qalmamalıdır: “Ukrayna ilə bağlı Rusiya haqda çıxarılan qərarlar dərhal yerinə yetirildi, sanksiyalar tətbiq olundu. Lakin bu, Ermənistana qarşı edilmir. Bu bəyannamə də praktiki olaraq nəsə etmir. Çünki arxasında konkret təkliflər, təzyiq mexanizmləri yoxdur. Hesab edirəm ki, bu qərarların ardınca Ermənistana qarşı təzyiq mexanizmləri formalaşdırılmalı və reallaşmalıdır”.


Millət vəkili bu cür bəyannamələri müsbət qiymətləndirsə də, hesab etmir ki, bununla Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində irəliyə doğru addım atılıb.


“Hesab edirəm ki, daha çox addımlar atılmalı, irəliyə doğru gedilməlidir ki, nələrəsə nail olaq”, - deyə o bildirir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm