“Cavanlığımda belə hadisə olmuşdu...” - evini qərargaha çevirən Əli Əliyevlə qeyri-siyasi SÖHBƏT/FOTOLAR
Bizi izləyin

Nida.az

“Cavanlığımda belə hadisə olmuşdu...” - evini qərargaha çevirən Əli Əliyevlə qeyri-siyasi SÖHBƏT/FOTOLAR

Onun şəxsi həyatı və fəaliyyətinin maraqlı tərəfləri hələ 10 il bundan əvvəl gündəmə gəlmişdi. Rəqibə çevrilmiş keçmiş partiyadaşlarının ittihamları kəskin idi. 2005-ci ildə AMİP-in daxilində siyasi burulğan başladı və Əli Əliyevin həyat və fəaliyyətinin qeyri-siyasi tərəfləri gündəmdən itdi. Publika.az olaraq biz qərara aldıq ki, Vətəndaş və İnkişaf Partiyasının sədrini “Siyasətsiz siyasətçi” rubrikasına qonaq edərək onu sorğu-suala tutaq. Razılaşdı, amma təklif etdi ki, söhbətə kabinetindəki kresloda başlamayaq.

“O, mənə kömək edir”

- Əli bəy, niyə kresloda oturmadınız? Təklif etdiniz ki, divanda əyləşək. Kreslonu sevmirsiniz?

- Mən, adətən, qonaqları üzbəsurət qarşılayıram. Atmosferin yumşaq olması üçün belə söhbət etməyə üstünlük verirəm. Kresloda söhbət etməyi sevmirəm.

- Zəhmət olmasa, özünüz barədə danışın. Əli Əliyev kimdir?

- Adi vətəndaş. 1967-ci ildə Bakı şəhərində doğulmuşam. Təxminən 30 yaşıma qədər o vaxt “Montin” qəsəbəsi adlandırılan ərazidə yaşamışam. Həmin yerlə bağlı xatirələrim çoxdur. Taleyimin əsas əhəmiyyətli hissəsi bura ilə əlaqədardır.

- Ata-ananız..?

- Atam keçmiş Lenin, indiki Heydər Əliyev sarayında çalışıb. Həmin müəssisə açılan gündən dünyasını dəyişənə qədər orda mühəndis işlədi. Anam atam dünyasını dəyişən günə qədər tibbi müəssisədə işlədi. Atamın vəfatından sonra işdən çıxdı, evdar qadındır. Çünki ailənin qayğıları onun üzərinə düşüb.

- Ailədə neçə uşaq idiniz?

- Beş - dörd qardaş, bir bacı. Ən böyükləri mənəm. Orta təhsilimi 45 saylı orta məktəbdə aldım. Hamımız həmin məktəbin məzunuyuq. Bir qardaşım iqtisadçıdır. Digəri hüquq sahəsi üzrə təhsil alıb, amma dərman şəbəkəsi sistemində fəaliyyət göstərir. Başqa bir qardaşımın əczaçılıq sahəsində biznes qurub. O, maliyyə məsələlərində mənə kömək edir. Yeri gəlmişkən, mənim da baza ixtisasım həmin sahə üzrədir.

“Yeniyetmələrin Azərbaycan yığmasına dəvət aldım”

- Orta təhsil məktəb illəri yaddaşınızda daha çox hansı məqamlarla qaldı?

- Orta məktəbə 1974-cü ildə daxil oldum. Bu illər ancaq xoş xatirələrlə yaddaşıma həkk olunub. Elə bir pis məqam yadıma gəlmir. İdmanla da məşğul olurdum. Özünü öymək çıxmasın, yaxşı futbol oynayırdım. Hətta yeniyetmələrin Azərbaycan yığmasına da dəvət aldım. Təhsilin həlledici mərhələsində futbolu tərk edib, ali təhsil seçimimi müəyyənləşdirdim. Çünki yüksək ali təhsillə peşəkar idmanla eyni vaxtda məşğul olmaq mümkün deyil. 1983-cü ilin martında iki variant arasında seçim etdim. Həmin il futbol məşğuliyyətimə xitam verdim.

- Bəs sonra?

- 1984-cü ildə orta məktəbi bitirib, Tibb İnstitutuna daxil oldum. 17 yaşım son imtahan günü tamam oldu. O dövrdə çox çətin hesab edilsə də, birinci həmlədən institutun əczaçılıq fakültəsinə daxil oldum. İkinci kursdan sonra 1986-1988-cı illərdə iki illik hərbi xidmət keçdim.

- Harada?

- Hərbi xidmətin ilk yarım ilini Moskva ətrafındakı Ruza şəhərində başa vurdum. Serjant məktəbini bitirib, kiçik komandir heyətinin nümayəndəsi kimi hərbi hissəyə göndərildim. İlyarımlıq hərbi xidməti isə Estoniyada tamamladım. Əsgərlik illərində Qazaxıstandakı raket poliqonunda da oldum. 1991-ci ildə institutu fərqlənmə diplomu ilə bitirdim. Rəhbərlik tərəfindən əmək fəaliyyətimi burada davam etdirmək təklifi irəli sürüldü. Elə həmin ildən fəaliyyətimə institutun bioloji kimya kafedrasında baş laborant vəzifəsində başladım. 1995-ci ilin martından müəllimlik fəaliyyəti ilə məşğulam.

- İyirmi ildən çoxdur.

- Bəli, düz iyirmi ildir müəllimlik edirəm.

- Hansı kafedrada dərs deyirsiniz?

- Bioloji kimya kafedrasında. Universitetin bütün fakültələrinin tələbələrinə dərs deyirik.

“Cavanlığımda belə hadisə olmuşdu”

- Səmimi deyin, əgər oğlunuz tələbəniz olsaydı, ona hansı qiyməti yazardınız

- İyirmi illik fəaliyyətim dövründə bütün məsələləri tələbələrin xeyrinə həll etmişəm. Bu illər ərzində heç bir tələbəyə qarşı haqsızlıq etməmişəm. Heç bir tələbə də məndən haqsız olaraq yüksək qiymət almayıb.

- Amma bir dəfə rüşvət təklif ediblər.

- Bəli, bir dəfə cavanlığımda belə hadisə olmuşdu.

- Hətta təklifdən sonra açıq-aşkar pul da uzatdılar.

- Onda məni yaxşı tanımırdılar. İkinci il idi ki, dərs deyirdim. Başqa yol tapmayan tələbə imtahandan qabaq mənə pul uzatmışdı. Təbii ki, mən ona acıqlandım.

- Yüz dollar təklif etmişdi?

- Bəli...

- Özü də 1996-cı ildə. Onda dolların kursu da yüksək idi.

- Ola bilər. Nə isə...(tələsik) Hesab edirəm ki, müəllim tələbədən asılı olmamalıdır. Onlar bizi tərbiyə etmiş ictimai valideynlərimizdir. Allah şahiddir ki, iyirmi illik fəaliyyətim dövründə bu amilə diqqət yetirmişəm.

- Yeri gəlmişkən, müəllim kimi dolanışıq necədir?

- Mənim dolanışığım universitetdən deyil. Əsasən qardaşlarım kömək edir. Heç vaxt tələbə əlinə baxmamışam. Mən müəllimlərin tələbədən asılı olmasına çox pis baxıram. Bu, təhsil sisteminin belini qıran amillərdəndir.

“…ailəmiz xanımımın da ikinci nikahıdır”

- Səhv etmirəmsə, iki dəfə ailə qurmusunuz.

- Bəli...Birinci dəfə 1996-cı ildə, ikinci dəfə isə 2003-cü ildə ailə qurdum. Halhazırkı həyat yoldaşım həkim-laborantdır. Laboratoriya müdiridir. Həyatımdan narazı deyiləm. Hər şey ürəyimcədir.

- Birinci ailənizdə elə ciddi problem yaranmışdı ki, nikahınızı pozdunuz?

- Problem olan şeydir. Valideynlərin vəzifələri öz aralarındakı problemləri övladlara hiss etdirməməkdir. Ailədaxili anlaşılmazlıq müasir cəmiyyətin kabusuna çevrilib. Təəssüf, belə hadisələr çoxalıb. İşimin xüsusiyyətindən, ola bilsin, övladlarıma lazımınca diqqət ayıra bilmirəm. Ancaq hər halda aramızda ciddi anlaşılmazlıq yoxdur. Oğlan uşağı fizioloji cəhətdən elədir ki, yaş baxımdan keçid mərhələsində ona nəzarət olmalıdır. Şükür Allaha, o, həmin mərhələni adlayıb.

- İkinci dəfə nikaha girdiyiniz xanımınızla necə tanış oldunuz?

- Mən onu qiyabi tanıyırdım. 2000-ci ildə ixtisası ilə bağlı bizim kafedraya bir metodikanı öyrənməyə gəlmişdi. Əyani ilk tanışlığımız orada baş tutdu. Yeri gəlmişkən, bizim ailə xanımımın da ikinci ailəsidir. Xasiyyətlərimizin, həyata baxışlarımızın, keçmişimizin uyğunluğu səbəbindən ailə qurmaq qərarına gəldik.

- Övladlarınız..?

- Bir oğlum, bir qızım var. Böyük övladım - oğlum ötən il BDU-nun politologiya fakültəsinə daxil olub. İkinci nikahımdan dünyaya gəlmiş qızım bu il dördüncü sinfi bitirdi.

- Oğlunuzla əlaqəniz var?

- Bəli, əlaqə saxlayırıq.

- Bizdə belə bir “ənənə” var: ailələr dağıldıqdan sonra atalar övladları ilə əlaqələri kəsirlər.

- Oğlum bura, qərargaha gəlib-gedir. Mütəmadi əlqələrimiz var. Görüşürük.

“Qız bir az fərqlidir”

- Yəqin, qızınıza oğlunuzdan çox diqqət ayırırsınız.

- Övlad övladdır. Ancaq təbii ki, qız ataya daha yaxın olur. Qız övladı bir az fərqlidir. Atamın 4 oğlu 1 qızı vardı. Oğlanlarını nə qədər çox istəsə də, həmişə deyirdi ki, qızımdan narahatam.

- Siz indi bacınıza diqqət ayırırsınız?

- Təbii... Gündəlik çətinliklər, təbii ki, ünsiyyətimizə təsir göstərir. Lakin çalışırıq ki, imkanımız daxilində əlaqəmiz olsun. Çalışıram qardaşlarımdan daha çox bacıma diqqət ayırım.

“Qadının bazara getməsinə pis baxıram”

- Evə bazarlığı kim edir?

- Mən, qadınların bazara getməsinə pis baxıram.

- Niyə?

- Olmaz, bazar kişi işidir. Qadının qadın işi var, hansılar ki, bunu kişi etməməlidir. Bazar yükdaşıma ilə bağlıdır. Qadın yük daşımamalıdır. Elə iş də var ki, onu kişi etməməlidir.

- Məsələn, hansı işlər?

- Mətbəx işləri. Hər bir ailədə vəzifə bölgüsü olmalıdır. Mənim gördüyüm işlər var, xanımımın gördüyü işlər də var.

- Belə isə sizin gördüyünüz işlər hansılardır?

- Pul məsələləri ailə başçısının vəzifəsidir. Yəni pul qazanmaq, qazanc əldə etmək.

“…xanımımın evidir”

- Eviniz hardadır?

- Bakının “Torqovı” adlanan hissəsində – Nizami küçəsində.

- Mənzil özünüzündür?

- Yox, xanımımın evidir.

- Neçə otaqdır?

- İki...

- Səs-küydən bezmirsiniz?

- Hə, səs-küy çoxdur.

- Siz isə sakitliyi sevən adamsınız.

- Elə yerdir ki, günün 24 saatı ərzində orda səs-küy var. Yaşamaq üçün münasib yer deyil. Köçməyi fikirləşirik. Xanımım da bu fikirləri bölüşür.

“Qurd Cəbrayıl”ın oğlu maraqlı insandır”

- “Sirab” içirsiniz. Çaylarımızın keyfiyyətinə inanmırsınız, yoxsa..?

- Yox, əvvəla bədənimizin çəkisinin əhəmiyyətli hissəsi sudan ibarətdir. Su mikroelementlər mənbəyidir. Bədənimizin ona ciddi ehtiyacı var. Buna görə insan vaxtaşırı təmiz su qəbul etməlidir. Çayın da öz yeri var. Təəssüf ki, dükanlara satılan çayların əksəriyyəti məişət boyaları ilə “zənginləşdirilir”. Mən təbii çayı dostlarım vasitəsilə Zaqataladan gətizdirirəm.

- Dostlardan danışaq. Siyasətdən kənarda dostlarınız varmı?

- Bəli, uşaqlıq dostum var. Uzun illərdir əlaqə saxlayırıq. Eyni zamanda, orta məktəbdə birlikdə oxuduğumuz sinif yoldaşlarımızla da münasibətlərimiz var. Siyasətdəki dostların isə xüsusi əhəmiyyəti var.

- Partiya fəallarınızın, elə indi qərargahınızda olanların hamısı gənclərdir. Əsasən gənclərlə işləməyə üstünlük verirsiniz?

- Bizim partiyanın gəncləri də var, ağsaqqalları da. Hər birinin də öz statusu var. Gənclər partiyamızın hərəkətverici qüvvəsidir. Partiyamızda xeyli sayda ağsaqqal da var.

- Yeri gəlmişkən, məşhur “Qurd Cəbrayıl”ın oğlu, Xoşqədəm Cəbrayıloğlu da onların arasındadır.

- Mənim o şəxsə çox böyük hörmətim var. Maraqlı insandır. Zahiri ilə daxili fərqlidir. Daxilən zəngin, enerjili adamdır.

- Sizi çox vaxt kostyumda, qalstukda görmüşük, amma indi başqa formadasınız.

- Hər şəraitin özünün geyim üslubu var. Xüsusən siyasətçilər geyim qaydasına diqqət yetirməlidirlər. Bura bizim ofisimizdir, ona görə də daha sərbəst geyinməyə, sərbəst olmağa üstünlük veririk. İş şəraitimiz elədir ki, oturaq rejimdə çox çalışırıq və saatlarla kompüterin arxasında otururuq. Mən müəllimlik fəaliyyəti ilə də məşğul olduğumdan Tibb Universitetinin də tələblərinə riayət etməyə çalışıram.

“Bura mənim mənzilimdir”

- Partiyanız qeydiyyatdan keçib, leqal fəaliyyət göstərirsiniz. Bəs niyə qərargahınızın qapısı üzərinə VİP-in bildiriş lövhəsini yazmamısınız?

- Bura mənim mənzilimdir. Onu qərargah etmişik. Hələlik mənzil statusundadır. Ona görə də qapının üzərinə bildiriş lövhəsini vurmağa ehtiyatlanırıq. Qərargahımız iki otaqdan ibarətdir.

- Əvvəllər “Tofaş”ınız vardı.

- Elə indi də var. Həmin avtomobili idarə edirəm. 2004-cü ilin istehsalıdır.

- 2005-ci ildən həmin avtomobili idarə edirsiniz.

- Bəli, 10 ildir. Qənaətcil maşındır, yüksək texniki xidmət və vəsait tələb etmir. Bugünkü imkanlarıma uyğundur.

- Deyəsən bu gün yazılı mətbuatı izləməmisiniz. Masanızın üstündə qəzet yoxdur.

- Mən daha çox saytlardan istifadə edirəm. Məlumatları oradan alıram. Çünki elektron media daha çevikdir.

- Müşahidələrimə əsasən sərbəstliyi daha çox sevirsiniz.

- Sərbəstlik olan yerdə buna daha çox üstünlük verirəm. Mükəlləfiyyətdən irəli gələn yerin qaydalarına uyğun davranış, geyim tərzi ora uyğun olmalıdır. Mən daha çox sadə həyat tərzinin tərəfdarıyam.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm