Almaniya Azərbaycanın qarşısında geri çəkilir? - TƏHLİL
Bizi izləyin

Nida.az

Almaniya Azərbaycanın qarşısında geri çəkilir? - TƏHLİL

Almaniya hökumətinin 11-ci hesabatında Ermənistanın işğalçı ölkə olaraq tanınması bu ölkənin anti-Azərbaycan kampaniyası fonunda diqqət çəkir.


I Avropa Oyunlarının Bakıda keçirildiyi zaman bu ölkənin mediasında eyni ittihamlar əsasında hazırlanan, əksər vaxt eyni olan məqalələr tirajlanırdı. Nəzərə alsaq ki, 2012-ci il “Eurovision” müsabiqəsi zamanı alman mediası anti-Azərbaycan kampaniyasının ruporu kimi çıxış edirdi, bu o qədər də təəccüblü deyil. Bununla yanaşı, Qərb dairələrində start verilən anti-Azərbaycan kampaniyasında bu ölkənin də yer alması artıq faktlarla sübut olunub. Avropa Oyunlarının açılış günü Bundestaqda 30 deputatın iştirakı ilə tələsik qəbul olunan qətnamə bunu əyani şəkildə isbat etdi.


Avropa Oyunları uğurla başa çatdı və ardınca bir sıra almaniyalı siyasətçi ölkəsinin Azərbaycana qarşı kampaniyada iştirakını kəskin şəkildə pislədi. Oyunların ardınca federal hökumətin hesabatında yer alan ifadələr isə anti-Azərbaycan kampaniyasının tam əksinədir.


Ermənistan beynəlxalq hüquqa əsasən Azərbaycana aid olan Dağlıq Qarabağ və digər ərazilərdə insan hüquqlarının vəziyyətinə görə məsuliyyət daşıyır. Bu ərazilər 1994-cü ildə atəşkəs müqaviləsi imzalanandan bu yana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarıdır. Bu gün yüz minlərlə azərbaycanlı məcburi köçkün bu rayonlara qayıda bilmirlər. Almaniyanın Xarici İşlər Nazirliyi erməni tərəfinin inadla təqdim etdiyi “Qarabağ dövlət quruluşu” haqda miflərə inanmır. Rəsmi Berlin yaxşı bilir ki, işğal olunmuş ərazilərdə insan haqlarının vəziyyətinə qondarma “DQR” yox, məhz Ermənistan məsuliyyət daşıyır”, - deyə hesabatın 204-cü səhifəsində qeyd olunub.


Bu faktiki olaraq Azərbaycanın ədalətli mövqeyinə uyğun şəkildə Ermənistanın işğalçı dövlət kimi qəbul olunmasıdır. Bu həm də bir sıra nüansları ortaya çıxarır.


- Almaniya qeyri-rəsmi olsa da, qoşulduğu anti-Azərbaycan kampaniyasının yanlış olduğunu anlayırdı. Lakin Qərbdən start verilən bu prosesdən kənarda qalmaq istəməyib.


- Oyunlar bitəndən sonra anti-Azərbaycan kampaniyası iflasa uğradı və Almaniya Azərbaycana qarşı olmağın mənasız olduğunu anladı. Xüsusilə Cənubi Qafqazda, həmçinin Şərqlə Qərbin kəsişməsində Azərbaycanın strateji önəmi Berlin üçün Bakını hədəf almağın sərfəli olmadığını göstərir.

Federal hökumətin ədalətli qərarı və Ermənistanı ittiham etməsinin arxasında siyasi maraqların olduğu da aydındır. Xüsusilə, Almaniya kimi hegemon güc olmağa can atan böyük ölkələr ədalətdən də siyasi maraq çərçivəsində istifadə etməsi faktının mövcudluğu fonunda bir sıra ehtimallar gündəmə gəlir.


Birincisi, Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakçı olaraq yer almaq istəyir. Prezident İlham Əliyevin Berlin səfərində bu məsələ kansler Angela Merkel tərəfindən açıq şəkildə ifadə olundu. Burada Rusiyanın münaqişədə əsas faktor olmasının aradan qaldırılması ilə yanaşı, Avropa Birliyinin dolayısı ilə ABŞ hegemonluğuna qarşı çıxması da var. Çünki AB Vaşinqtonun təsirindən qurtulmaq və daha azad şəkildə proseslərə təsir etmək imkanlarının axtarışındadır. Ukrayna böhranından sonra gündəmə gələn post-sovet ölkələrində dondurulmuş münaqişələrin həllinə diqqətin artırılmasında Brüssel daha fəal iştiraka çalışır.


İkincisi, hesab etmək olar ki, Fransa Minsk qrupunun üç həmsədr dövlətindən biridir və Brüsseli birbaşa təmsil edir. Belə olanda Almaniyanın prosesdə iştirak edib-etməməsi Avropa Birliyi üçün o qədər də əhəmiyyətli sayılmamalıdır. Lakin Berlinlə Paris arasında birinci olmaq uğrundakı yumşaq mübarizə buna təsirsiz ötüşmür. Çünki Almaniya Avropa Birliyinin lideri rolunda çıxış etməyə can atır və onun üçün post-sovet məkanına təsir vasitələrinin Fransanın əlində olması qəbul olunan deyil.


Üçüncüsü, Almaniyanın Azərbaycanla bağlı öz maraqlarının olmasıdır. Burada iqtisadi və siyasi faktlar özünü göstərir. Hazırda fransız şirkətləri Azərbaycanda biznes üçün yaradılan şəffaf mühitdən səmərəli yararlanırlar. Həmçinin Azərbaycanın ilk peyki “Azərspace” fransız şirkətləri tərəfindən hazırlanmışdı. Bu iqtisadi baxımdan Azərbaycana sərf etdiyi qədər Fransaya da xeyirdir. Almaniya iqtisadi sahədə Fransadan geri qalmasını qəbul edə bilmir və buna görə də Bakıya öz dəstəyini nümayiş etdirməklə zaman-zaman manevrlər edir. Digər tərəfdən, Avropanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycanın alternativsiz olan Cənub Qaz Dəhlizi layihəsinin daha tez və səmərəli olaraq reallaşması Berlin üçün də vacibdir. Çünki Brüsselin sahibi olmağa iddialı olan Berlin bir növ Avropanın taleyini də öz üzərinə götürür.

Siyasi faktora gəlincə, Azərbaycanın yerləşdiyi coğrafiyada təsir imkanlarını artırmaq gələcəkdə Brüsselin sahibi kimi Almaniyaya Rusiya ilə oyunda ABŞ-ın köməyindən yararlanmadan müstəqil addımlar atmağa imkan verə bilər.

Bu baxımdan hesab etmək olar ki, Almaniya anti-Azərbaycan kampaniyasına verdiyi dəstəyə görə Bakıdan üzrxahlıq edir və gələcək siyasi əlaqələr üçün ilk addımı özü atır.


Mövcud situasiyada ortaya çıxan ehtimallar bunlardır və bütün addımların arxasında hansısa siyasi marağın olması faktını inkar etməməliyik. Lakin bütün hallarda Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına verilən hər hansı dəstək, həmçinin beynəlxalq hüququn tələb etdiyi formada ədalətli addım təqdirəlayiqdir. Ehtimal etmək olar ki, Almaniyanın Ermənistana qarşı təzyiqləri bundan sonra daha kəskin xarakter alacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm