• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

GÜNƏŞ DOĞDU...

  • Nida.az
  • 10 İyul 2015 17:38
  • 1 430 Baxış
GÜNƏŞ DOĞDU...

Azərbaycan tarixin gedişatını necə dəyişdirdi?

(TƏHLİL)


Zira, o kəslər qalib gəlir ki, onlar inandılar və savaşdılar...


Qədim Şərq fəlsəfəsində əks olanan bu deyim müasir dünya üçün çox keçərlidir. Yaşadığımız dünya heç də həmişə Haqqın, Ədalətin yanında ola, Ədalətli ola bilmir. Burada yalnız inanmaq və mübarizə aparmaq lazım gəlir... Azərbaycan kimi...

Şərqdə doğulub Qərbdə yaşayan və Qərblə Şərqi özündə yaşadan Azərbaycan o ölkədir ki, öz ilkləri ilə tarixin gedişatını həmişə dəyişə bilib. Şərqin ilk operasının yarandığı, ilk demokratik respublikanın qurulduğu, qadınlara ilk dəfə seçmək hüququnun verildiyi bu ölkə ilk Avropa Oyunları ilə də tarixə növbəti dəfə adını yazdırmağı bacardı.


Yalnız tarixin gedişini dəyişə bilənlər qalib gəlir” – bəli, bu, həyatın dəyişilməz aksiomudur.


I Avropa Oyunlarının beynəlxalq idman aləmində Azərbaycan Brendi olması da XXI əsrin aksiomuna çevrildi. 17 günlük idman bayramı ilə bu, qeyd-şərtsiz isbatlandı.

Yaxşı başlanğıc uğurun yarısıdır”. Fransız yazıçı Andre Jidin təbirincə desək, Azərbaycan iyunun 12-də qarşıdakı Uğurun yarısını əldə etmişdi. Həmin tarixdən artıq hər kəs sonun da belə olacağına əmindi...

12 iyun, 2015-ci il...

Avropa təqvimində bir Azərbaycan günü. Bu ölkəni tanımayanlar, yaxud onun gücünə şübhə ilə yanaşanlar hər şeyin bu qədər fərqli, bu qədər gözəl və özünəməxsus olacağını, yəqin ki, gözləmirdilər. Azərbaycan gözlənilməyənləri, real hesab edilməyənləri gerçəkləşdirməyi bacardı.


Açılış mərasimində milliliklə bəşəri dəyərlərin vəhdətindən təqdim olunan ecazkar səhnələr, meydanda rəqqasların şousu, atletlərin paradı, Avropa və Azərbaycan musiqilərinin səslənməsi, bir sözlə, hər şey füsunkar idi. Azərbaycanın tarixi, mədəniyyəti, mənəviyyatı təntənəli şəkildə dünyaya təqdim edildi. Gerçəkdən möhtəşəm idi... Hətta son iki Olimpiya Oyunlarının – “London-2012” və “Soçi-2014”ün açılış mərasimlərini kölgədə qoyacaq qədər... İlk Avropa Oyunlarının açılış mərasiminin “London-2012” və “Soçi-2014”lə müqayisədə izlənmə rekordu vurması da bunu sübut etdi.

Halbuki London və Soçinin məxsus olduğu ölkələr Qərb və Şərq yarımkürəsində böyük söz sahibidirlər, həmçinin bu şəhərlərdə keçirilən mərasimlər bütün dünyanın oyunları sayılırdı. Bakı isə 24 illik müstəqillik təcrübəsi olan Azərbaycanın paytaxtıdır və dünyanın deyil, yalnız bir qitənin oyunlarına məxsus açılış mərasimini keçirirdi. Keçirirdi və Avropa Oyunlarının tarixində yeni səhifə yazırdı...


Bu uğurlu başlanğıcdan sonra Azərbaycan 17 gün müddətində dünyaya praktiki təşkilatçılıq örnəyi göstərdi. Oyunların təşkilatçılıq səviyyəsi, ən xırda detaldan tutmuş ən böyük işlərə qədər hər şeyin incəliklə həyata keçirilməsi göz önündə idi. Lakin bir məqam da diqqət çəkirdi: dünya ilk dəfə idi ki, heç bir problemin yaşanmadığı idman tədbirini izləyirdi. Əcnəbi jurnalistlər 2008-ci ildə Pekin Olimpiya Oyunları keçiriləndə yaşadıqları çətinlikləri, 2012-ci ildə Londonda üzləşdikləri ayrı-seçkilikləri, 2014-cü ildə Soçidə yaşadıqları əlverişsiz şəraiti hələ də unutmayıblar.

Bakı bambaşqadır, burada hər şey mükəmməl təşkil olunmuşdu”. Avropa Oyunlarını ilk gündən sonadək izləyən fotoreportyor Riçard Hitkoy belə deyir.

Atletlər Kəndində yaradılan şərait, təhlükəsizliyin tam təmin olunması, oyunların qrafikə uyğun və mükəmməl şəkildə keçirilməsi... Dünya heyrət içindəydi və indiyədək hansısa beynəlxalq idman tədbirinin bu səviyyədə keçirilməsinin şahidi olmamışdı. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin rəhbəri Patrik Hikki “Növbəti ev sahibi üçün Azərbaycanın səviyyəsinə çatmaq çətin olacaq” deyə bildirib.

Və nəhayət, bağlanış mərasimi, 17 günlük möhtəşəm bayramın mükəmməl sonluğu. Bu, Avropa Oyunlarının son nöqtəsi, qitə tarixinin yeni başlanğıcı idi...

Əlyazmalar yanmır

Bulqakovun məşhur sözləri yada düşür. Həqiqətən də, Azərbaycanın yazdığı 17 GÜN tarixdən heç vaxt silinməyəcək. Çünki... bu ölkə idmanla, sadəcə, bir yarış, oyun düzənləmədi, dünya sülhü üçün çalışdı və Avropanı xilas etdi...


Azərbaycan hər şeydən öncə Avropa qitəsinə öz oyunlarına sahib olma şansını verdi. Bu, artıq inkarolunmaz fakta çevrilib. İqtisadi böhranın Avropa Birliyi ölkələrini bir-birinə qarşı qoyduğu, qarşıdurmanın ictimai şüura sirayət etdiyi bir vaxtda “Qoca Qitə”nin buna çox ehtiyacı var idi. Bunu aradan qaldırmaq, ən azından yumşaltmaq üçün hər kəsi eyni yerə toplayacaq və eyni dəyərlər uğrunda mübarizə aparacaq bir olay baş verməli idi ki, Azərbaycan məhz bunu etdi. Sülhün rəmzi olan idman Bakıda bütün qitə insanlarını birləşdirmişdi.

Avropa Bakıda yeni dönəmə qədəm qoyur, aşınma təhlükəsi ilə üz-üzə qalan demokratik dəyərlərin xilası Xəzər dənizinin sahilləri ilə Qafqaz dağlarının qoynunda yerləşən bu torpaqlarda baş verirdi. Söhbət demokratik dəyərlərə ən böyük zərbə olan və Avropanın iliklərinə işləmiş islamofobiyanın Azərbaycanda alt-üst olmasından gedir. Halbuki bu gün islamofobiyanın Qərbin işğal siyasətinə xidmət etdiyi açıq şəkildə ortadadır.

Avropada yaşayan yəhudi əsilli yazar Roni Marqulies bu barədə deyir: “ABŞ və Avropada şüurlu şəkildə müsəlmanlara qarşı ayrı-seçkilik edilir və bununla islam ölkələrinə qarşı hücumlar legitimləşdirilir”.

Bəli, “islamofobiya” bu siyasətə xidmət edir, lakin Avropa dəyərlərinin gələcəyini təhdid altına aldığı da şübhəsizdir. Belə bir məqamda müsəlman ölkəsi olaraq Azərbaycanın avropalıları qəbul etməsi, onlara müsəlmanların təbliğat aparıldığı kimi olmadığını nümayiş etdirməsi demokratik dəyərlərin gələcəyinin xilas edilməsi istiqamətində atılan mühüm addım idi. Belə demək mümkünsə, Azərbaycan qitənin gələcək taleyində öz xilaskar missiyasını həyata keçirdi və Avropa Azərbaycanın paytaxtında yenidən doğuldu...

Bu həm də Avropa idmanının xilası idi. Axı biz tez-tez Avropa idman cameəsinin dilindən “Panamerika, Asiya, yaxud Afrika Oyunları var, nədən Avropa Oyunları olmasın” sözlərini eşidirdik.

Azərbaycanın qazancı...

Avropaya öz töhfəsini verən Azərbaycan Avropa Oyunlarını keçirməklə öz gələcəyi üçün də əsaslı qazanc əldə etdi. Bunu bir neçə istiqamət üzrə əsaslandırmaq olar:

1. İdman
2. İqtisadi
3. Mədəni
4. Siyasi
5. Psixoloji.


İdman faktoru. Azərbaycan Avropa Oyunları ilə dünyanın idman xəritəsində öz yerini qərarlaşdırdı. Növbəti oyunlarda məşəlin Bakıda yandırılması, həmçinin atletlərin paradında Azərbaycan komandasının başda addımlaması ölkəmizə bu xəritənin mərkəzində dayanmaq hüququ verir. Bununla yanaşı, milli komandamızın 21-i qızıl olmaqla 56 medala sahib olması ölkəmizi dünya arenasında cəlbedici amilə çevirir. Çünki Olimpiya Oyunları təcrübəsinə görə, medalların sayına uyğun olaraq sıralamada ilk yerlərdə qərarlaşmaq həmin ölkənin dünyada tanınması baxımından çox əhəmiyyətlidir. Beynəlxalq idman cameəsinin təşkilatçılıq səviyyəsinə görə Olimpiya Oyunları ilə eyni çəkidə qiymətləndirdiyi Avropa Oyunlarında ikinci pillədə yer almaq da Azərbaycanın dünyada tanınması üçün əsas amildir. Xüsusilə, medal sayında Böyük Britaniya, Almaniya kimi böyük dövlətləri geridə qoymağımız ...

Azərbaycanın dünyada daha yaxından tanınmasını maraqlı bir detal da təsdiq edir. Belə ki, oyunlar zamanı su idman növləri üzrə yeni dünya rekordu qeydə alındı. Nəzərə alsaq ki, dünya rekordları nadir hallarda baş verir, deməli, növbəti rekorda qədər Azərbaycanın adı sonuncu rekordun məkanı olaraq xatırlanacaq. Bu, kiçik, amma olduqca mühüm detaldır.


Avropa Oyunları Azərbaycanda idmana marağı ikiqat artırdı. Artıq biz paytaxtda və bölgələrdə ailələrin öz övladlarının idman komplekslərinə getməsi üçün müraciətlərinin artdığı barədə xəbərləri oxuyuruq. Bu, ölkədə sağlam gələcəyin formalaşmasına böyük təsir edir.

Bu oyunlarda idman infrastrukturunun yenilənməsi və əsaslı şəkildə qurulması da Azərbaycanın əsas qazanclarındandır. Qarşıdakı dönəmdə beynəlxalq idman yarışlarının – “Formula 1”, İslam Həmrəyliyi Oyunları, Beynəlxalq Şahmat Olimpiadası, həmçinin, futbol üzrə Avropa Çempionatının qrup oyunlarının Bakıda keçirilməsi barədə qərarlar verilib və bütün bu idman tədbirlərinin bir çoxu Avropa oyunları üçün inşa olunan obyektlərdə keçiriləcək. Bunun özü ölkə iqtisadiyyatının gələcəyinə qoyulan kapital hesab oluna bilər.


İqtisadi faktor. Sadalanan idman tədbirlərinin öz azarkeş kütləsi var, xüsusilə Formula 1 yarışları dünyada populyardır. İlkin proqnoza görə, Azərbaycan 2016-cı ildə böyük turist axınını qarşılayacaq. Turizm sektorunun inkişafı hər bir ölkənin makroiqtisadi göstəricilərinin artması deməkdir. Azərbaycana gələnlərin sayı çoxaldıqca əlavə xidmətlərə tələbat da artır ki, bundan da kiçik və orta sahibkarlıq gəlir əldə edir. Misal üçün, kafe, restoranlar, həmçinin, nəqliyyat, bank sektoru üçün yeni imkanlar yaranır. Turist axını hətta tərcüməçilər üçün də yeni iş yerlərinin yaranması deməkdir. Ölkəyə gələcək turistlərin bölgələrə səfəri yerli əhalinin əlavə gəlirlər əldə etməsini təmin edir. Fikrimizcə, Avropa Oyunları yaxın 5 ildə Azərbaycanın qeyri-neft sektorunun inkişafını təmin edib...


Mədəni faktor. Azərbaycan öz zəngin mədəniyyətini, mətbəxini və tarixini dünyaya əyani şəkildə çatdıra bildi. Təkcə açılış mərasimində müasirliyin vəhdətində nümayiş olunan millilik buna sübutdur. Misal üçün, dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərindəki miniatürlərlə bəzədilən səhnələr, şairin öz obrazının təqdim olunması “Nizami Gəncəvi Azərbaycan şairi deyil” kimi iddiaları alt-üst etdi. Azərbaycan xalçaçılığının şah əsərlərinin təsviri də buna bariz nümunədir.

Öz möhtəşəmliyi ilə dünyanın diqqətini növbəti dəfə Bakıya yönəldən bağlanış mərasimi də Azərbaycan mədəniyyətini bütün canlı və virtual izləyicilərin yaddaşlarına qazıdı. Zərdüştlüyün simvolu olan Atəşgah Məbədi ilə müasirliyi özündə əks etdirən Alov Qüllələri, Buta simvollarının nümayişi, Qobustan abidələri, Qız Qalası, İçərişəhər incilərinin nümayişi – bir sözlə, bütün səhnə qədim və müasir dünyamızı göz önünə sərdi. Simurq quşunun təsviri ilə Azərbaycan dünyaya öz humanist mesajını da vermiş oldu. Çünki Simurq quşu simvolu köməyə ehtiyacı olanlara, darda qalanlara yardım əlinin uzadılmasını özündə əks etdirir. Bununla dünya Azərbaycanın yardımsevər və sülhsevər ölkə obrazını gördü.

Oyunların açılış və bağlanış mərasimlərində, eləcə də bütün növ idman yarışlarında “Sarı Gəlin” xalq mahnısının, Alim Qasımovun möhtəşəm ifasında “Qarabağ şikəstəsi”nin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin əsərlərinin səslənməsi isə qondarma iddialarla Azərbaycan musiqisinə iddia edən ermənilər üçün əsl zərbə idi.

Ümumilikdə Azərbaycan bu oyunlarla mədəni üstünlük qazandı. Ötən yazımızda qeyd etdiyimiz kimi, bu, “mədəni diplomatiyamızın” yeni mərhələyə keçməsinə əsl zəmin yaradır.


Siyasi faktor. “Mədəni diplomatiya” amilindən çıxış edərək bir daha deyə bilərik ki, Azərbaycan dünyada cəlbedici ölkə imicini gücləndirdi. Bu, özlüyündə siyasi güc deməkdir. Siyasi güc təkcə ordunun, yaxud iqtisadiyyatın güclü olması ilə yox, həm də mədəni üstünlüklərlə, ölkənin tanınma arealının genişliyi ilə ölçülür. Bu prosesdə idman faktoru da xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan, ilk Avropa Oyunları Azərbaycanın siyasi güc olaraq qəbul olunmasına növbəti dəfə təkan verdi. Dünya ictimaiyyəti Azərbaycanı yalnız neft ölkəsi yox, mədəni, humanist, qüdrətli bir dövlət olaraq qəbul etdi. Eyni zamanda, Azərbaycan həqiqətlərinin təbliği, Dağlıq Qarabağın işğal faktının dünyaya çatdırılması həyata keçirildi. Bunun özü düşmən üzərində daha bir psixoloji üstünlük deməkdir.

Psixoloji faktor. Əminliklə demək olar ki, oyunlar zamanı Azərbaycana gələn xarici qonaqlar, həmçinin, televiziya vasitəsilə bu oyunları izləyən tamaşaçılar - rəsmi məlumatlara görə, Avropa Oyunlarını ümumilikdə 1 milyarddan artıq insan izləyib - bundan sonra erməni yalanlarına inanmayacaq. Bu, təkrar edirik, düşmən üzərində psixoloji üstünlükdür. Avropa Oyunlarının 11-cü günündə 50 ölkənin atletləri Bakıda qalib gəlmək uğrunda mübarizə apardığı, paytaxtımızın gözəlliklərini seyr etdiyi bir vaxtda İrəvanda başlanan etiraz aksiyaları düşmən üzərindəki daha bir psixoloji qələbəmiz oldu. Bu, ilk növbədə dünyanın İrəvan və Bakı arasındakı əsl fərqi görməsi, digər tərəfdən, sadə ermənilərin “Qarabağ uğrunda” deyib dözdükləri rejimin xislətini anlaması idi. Hesab etmək olar ki, məhz bu amil sadə erməni xalqının Azərbaycan kimi ölkədə yaşamaq istəyini artırır. Bu da ərazi bütövlüyümüzün bərpa olunması yolunda irəliyə doğru atılmış daha bir ciddi addımdır.

Xalqımızın həmrəyliyi...

Avropa Oyunları Azərbaycan xalqının həmrəyliyini də nümayiş etdirdi. Xüsusilə, oyunlar öncəsi başladılan anti-Azərbaycan kampaniyasına qarşı bütün xalqın eyni mövqedən çıxış etməsi bu ölkəni zəiflətməyin, arxasını yerə vurmağın mümkün olmadığını göstərdi. Anti-Azərbaycan şəbəkəsi Azərbaycanda xalq-iqtidar birliyi və bu birliyin əsas təminatçısı olan Prezident İlham Əliyevin səyləri nəticəsində əsl zərbəni almış oldular. Halbuki bu qüvvələr ümidliydi ki, Azərbaycan Avropa Oyunları kimi genişmiqyaslı idman tədbirini ya keçirə bilməyəcək, ya da buna imkan verilməyəcəkdi. Çünki...


a) Azərbaycan kimi gənc müstəqilliyə sahib olan ölkə onlardan asılı qalmalı, bir növ boyunduruqda yaşamalıdır. Məhz buna görə Azərbaycan Prezidenti İlham Əliyevin öz xalqının azad, müstəqil gələcəyi uğrunda mübarizəsi bu dairələri qıcıqlandırır.


b) Avropa Oyunları kimi beynəlxalq idman tədbirinə ev sahibliyi hər bir ölkə üçün iqtisadiyyat başda olmaqla, bir sıra istiqamətlərdə dividentlər deməkdir. Bəzi ölkələr, yaxud müəyyən dairələr bu oyunlara ev sahibliyi etmək şansını itirməyin ağrısını yaşayır və ev sahibliyi hüququnu qazanmış ölkəni hədəf seçirlər. Azərbaycana qarşı hücumlarda bu tezis açıq şəkildə özünü göstərirdi.



c) Bəzi Qərb ölkələrinin fikrincə, Avropa Oyunları kimi böyük idman tədbirlərini Avropa Birliyinə daxil olmayan ölkələr keçirə bilməz. Çünki uzun illər ərzində Avropa cəmiyyətinə məhz bu fikir diktə edilib. Xüsusilə, müsəlman ölkələrinin bunu bacarması onların çoxstandartlı siyasəti üçün böyük zərbədir.


d) Nəhayət, islamofobiya amili. Yuxarıda qeyd etdiyimiz kimi, Qərb ölkələrində islamofobiyanı məqsədli şəkildə dəstəkləyir və bu siyasətlə müsəlman dünyasına qarşı silahlı, yaxud mənəvi hücumlara ictimai legitimlik qazandırırlar. Azərbaycan isə Əfqanıstana, İraqa və Yaxın Şərqə hərbi müdaxilələrə əsas yaradan bu siyasəti kökündən məhv etdi, orta statistik avropalının düşüncəsində əsl müsəlman ölkəsinin obrazını yarada bildi.

Günəş doğdu

Tarix hər şeyi öz yerinə qoyur”. Ümummili lider Heydər Əliyevin bu sözləri sanki hazırkı situasiya ilə assosiasiya olunur. Hər şey və hər kəs öz yerini tutdu və Azərbaycan qalib gəldi.

Böyük Heydər Əliyev illər öncə bir fikir də işlətmişdi: “Azərbaycan dünyaya günəş kimi doğacaq”. İlk Avropa Oyunlarına möhtəşəm ev sahibliyi etməklə Azərbaycan sözün əsl mənasında, dünyaya GÜNƏŞ KİMİ DOĞDU...


Bu qələbənin təminatçısı isə xalqın inandığı, arxasında dayandığı və sona qədər dəstəklədiyi Prezident İlham Əliyev idi.


Lider yalnız o zaman güclü olur ki, onun arxasında inandığı xalqı dayanır” fikri siyasi leksikonda öz yerini təsadüfən tapmayıb. Azərbaycan lideri də öz xalqına güvənərək ölkəsini qələbəyə apardı. O, xalqın içində idi. O, əlçatan idi. İdmançılar, adi tamaşaçılar onunla ünsiyyətə girə, şəkil çəkdirə, sözünü deyə bilirdi. O, sevinirdi, fərəhlənirdi, hətta kövrəlirdi... Siyasi meydanlarda, atletlərimizin arasında, tribunalarda, qalib gələnləri təbrik edəndə, məğlub olanlara təsəlli verəndə O, bu ölkənin Əsgəri və Lideri kimi hərəkət edirdi...


17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. İdman leksikasından istifadə etsəm, deyə bilərəm ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Siz bu komandanın şərəfli kapitanı idiniz. Burada qalib gəlməmək mümkün deyildi”,- Mehriban xanım Əliyeva Prezident haqqında danışarkən deyib.

Ölkəmizin Birinci Xanımı və ya sadəcə, Mehriban Əliyeva

Azərbaycanın qələbəsində Prezident İlham Əliyevlə bahəm Mehriban xanım Əliyevanın gücü, zəhməti və inamı açıq-aydın görünür.

Əslində dövlət başçısı bütün bu işləri Birinci Xanıma həvalə edəndə indi sevincini yaşadığımız qələbənin təməli atılmışdı. Sadəcə, zaman və səbir lazım idi...


Məhz Mehriban Əliyevanın incə detallarına qədər ölçüb-biçilən, ilmə-ilmə toxunan təşkilatçılığı Azərbaycanı qələbəyə doğru apardı. Və O, bütün bunları, sadəcə, öz ölkəsinin qələbəsi naminə etdi. Özünün dediyi kimi, “Xalqımıza, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir”.

Bu şərəfli işdə Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Azərbaycan xalqına güvənərək bu ölkənin bayrağını göylərə qaldırdılar.

Zira, o kəslər qalib gəlir ki, onlar inandılar və savaşdılar.

Artıq əminliklə deyə bilərik: Zəfərin mübarək, Azərbaycan.

Qoy Tanrı hər zaman Azərbaycanı və Azərbaycanlıları qorusun!!!

Aynur Camalqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR