“Azərbaycan üçün dünya gücləri ilə bir sırada durmaq çox önəmlidir”
Bizi izləyin

Nida.az

“Azərbaycan üçün dünya gücləri ilə bir sırada durmaq çox önəmlidir”

“Azərbaycan Qərblə də ikitərəfli əməkdaşlığını saxlayacaq və hətta daha yüksək inkişaf mərhələsində maraqlı olacaq. Sadəcə olaraq, üzərinə öhdəlik qoyan heç bir sənədi imzalamaq fikrində deyil. Siyasi, iqtisadi, sosial və ticari cəhətdən tam bərabər hüquqlu əməkdaşlıq. Qərb isə bişim-bişim oyununu davam etdirəcək. Başqa yol da yoxdur. Azərbaycana müharibə elan edəsi deyil ki...”.


Publika.az xəbər verir ki, bu barədə “Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tərəfdaş olaraq qəbul olunmasını şərh edərkən deyib.


Politoloq qeyd edib ki, 2001-ci ildə əsası qoyulan və Çin, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistanı sıralarında toplayan ŞƏT indiyə kimi 1,5 milyard əhalisi olan bir məkanı özündə birləşdirirdi: “10 iyulda isə Ufada keçirilən zirvə toplantısında Hindistan və Pakistanın da bu sıraya qoşulması onu dünyada ən böyük təşkilatlardan birinə çevirdi. Belə demək olar ki, dünya əhalisinin yarıya yaxın bir hissəsi bu təşkilatda birləşmiş oldu. Rusiya prezidenti Putin və Çin prezidenti Xi Jinping ABŞ-a “təkpolyarlı” dünyanın sonu olduğunu xatırlatdılar. Doğurdan da bu təşkilat qarşısına qoyduğu məqsədlərə çatarsa, o zaman 5-6 ildən sonra dünya düzəninin əsaslı şəkildə dəyişdiyinin şahidi ola bilərik. ŞƏT-də Azərbaycan tərəfdaş ölkə statusunu aldı. Bundan sonra nə baş verəcək? Azərbaycanın ŞƏT-da ciddi iqtisadi göstəricilər əldə etməsi o qədər real görünmür. Həm də ŞƏT-də ciddi iqtisadi mənfəətlərin olması məsələsi də yoxdur. Bu qurum, əsasən hərbi və geosiyasi bir qurumdur. Azərbaycan üçün dünya gücləri ilə bir sırada durmaq çox önəmlidir”.


R. Nurullayev Azərbaycanın ümumilikdə Asiya qitəsi ilə sıx əlaqələrinin müsbət perspektivlər vəd etdiyini qeyd edib.


“Asiya qitəsi iqtisadi möcüzələr yaradan bir məkana çevrilib. Asiyanın iqtisadiyyatı 4,4 milyard əhalini əhatə edir ki, bu da dünya əhalisinin 49 müxtəlif ölkəsində yaşayan 60 faizi deməkdir. Asiya hazırda dünyada ən tez böyüyən iqtisadi bölgədir və təbii ki, Azərbaycan həm də iqtisadi cəhətdən çox böyük mənfəətlər əldə edə bilər. Bu bölgə Yaponiya, Cənubi Koreya, Çin və Hindistan kimi güclü iqtisadiyyata və iqtisadi möcüzələr yaratmış ölkələrə malikdir. Bu ərazidə yerləşən və günü-gündən dünya düzənində çəkisini artıran Türkiyə artıq dünyanın 17-ci ən böyük iqtisadiyyatıdır və 2023-cü ilə kimi dünyanın 10 ən böyük iqtisadiyyatı siyahısına daxil olmağı planlayıb. Asiya qitəsi hazırda dünyanın xarici valyuta ehtiyatlarının yarısından çoxuna malikdir və təbii ki, Azərbaycan Asiya ilə iqtisadi əlaqələrini ixrac məhsulları üzrə genişləndirə bilərsə, ciddi mənfəətlər əldə edə bilər. Asiya qitəsini heç də qeyri-demokratik bir məkan kimi də qələmə vermək olmaz. Artıq Asiyada da özünəməxsus və bəzən ifrat demokratik ənənələr formalaşmaqdadır. Yaponiya, Hindistan və Cənubi Koreya demokratiyası bəzən ifratçılığa da vara bilir. Bu o deməkdir ki, Asiya ilə daha yaxın əməkdaşlıq demokratik inkişafa sədd çəkmək deyildir. Azərbaycan müəyyən demokratiya ənənəsi olan ölkədir və yaxın onillikdə tam demokratiyaya mənsub bir ölkəyə çevriləcək”, - deyə politoloq bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm