Ağ Evdən gələn xüsusi elçi: “Türk axını” arxivə göndərilir, Azərbaycan öndə – TƏHLİL
Bizi izləyin

Nida.az

Ağ Evdən gələn xüsusi elçi: “Türk axını” arxivə göndərilir, Azərbaycan öndə – TƏHLİL

Avropanın qaz bazarı uğrunda müharibədə kartlar yenidən qarışır, “Türk axını” layihəsi sələfinin taleyi ilə üz-üzə və Bakının maraqlarının reallaşması istiqamətində yeni proseslər.


İyunun 11-də ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya səfər etdi. Prezident İlham Əliyevlə görüşdə ABŞ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, eləcə də enerji məsələləri üzrə əməkdaşlıq və gələcəkdə bunun davam etdirilməsi müzakirə olundu.


Bu, xüsusilə son dövrlər yaşanan gərginlik fonunda ABŞ-Azərbaycan münasibətlərinin inkişafı baxımından olduqca müsbət məqamdır. İkitərəfli münasibətlərin müəyyən dövrlərdə ABŞ-ın bəzi dairələri tərəfindən gərginləşdirilməsi təcrübəsi mövcuddur. Lakin son anda həmişə qarşılıqlı maraqlar əsas önəm kəsb edir.

Vaşinqtonun xüsusi elçisinin Bakı səfərinin arxasındakı digər məqamlar isə olduqca diqqət çəkir. Söhbət Avropanın enerji bazarı uğrunda ABŞ-Rusiya mübarizəsindən gedir.


Amos Hokstayn. Yaxın günlərdə Ağ Evin enerji məsələləri üzrə xüsusi elçisi olan bu diplomat “Türk axını” layihəsinə görə Afinanı sərt tənqid etməsi ilə yadda qaldı. O, yunanların Moskvaya yaxınlığı ilə seçilən Çipras hökumətinə “bu layihə siyasi mahiyyət kəsb edir, siz TAP layihəsinə üstünlük verməklə qazana bilərsiniz” deyə bildirmişdi. Afinanın öz qınını (Avropa Birliyini) bəyənməməsi və məhz buna görə ciddi təzyiqlərlə üzləşərək uçurumun ağzına qədər gəlməsində bu amerikalı diplomatın rolu böyük oldu. Azərbaycan bu proseslərə qarışmasa da, Köhnə Qitənin daxilində baş verən qarşıdurma Bakının maraqlarına uyğun gəlir.


Hokstaynın səfərindən üç gün öncə - iyunun 8-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın energetika naziri Natiq Əliyevlə görüşməsi də bu yöndə diqqət çəkir. Məlumatlara görə, görüşdə “Türk axını” və TAP müzakirə olunub.

Natiq Əliyev TAP layihəsinin reallaşdırılması istiqamətində işlərin qrafikə uyğun aparıldığını bildirib. Həmçinin TAP ətrafında müşahidə olunan problemlərə toxunaraq, ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib.

“BTC nümunəsi də təsdiqləyir ki, iri enerji layihələrinin həyata keçirilməsi üçün siyasi dəstək çox vacibdir. TAP-ın reallaşması üçün də belə dəstək mühüm əhəmiyyət kəsb edir”, - deyə nazir vurğulayıb.


Göründüyü kimi, enerji savaşında yeni proseslər baş verməkdədir və Amerika bütün vasitələrlə “Türk axını”nı sıradan çıxaracaq, əvəzində Azərbaycan qazının dominantlığını təmin edəcək addımlar atmaqda israrlıdır. Təbii ki, bu, Azərbaycanın maraqlarına xidmət edir, lakin ABŞ-ın öz çıxarları da var. Xüsusilə, Rusiyanın zəiflədilməsi və Ukraynadan asılı vəziyyətə gətirilməsi üçün Vaşinqton bütün artilleriyasını işə salıb.

Buna qədər Avropanın enerji təhlükəsizliyinin zamini olan Azərbaycan qazına qarşı bir sıra maneələr var idi. Prezident İlham Əliyevin bu haqda dediyi sözlər də təsadüf deyildi.


Ümid edirəm ki, TAP qarşısında hər hansı süni maneə meydana çıxmayacaq, ancaq belə əngəllər meydana çıxsa, əlbəttə ki, bundan udan tərəf olmayacaq”, - deyə dövlət başçısı Respublika günü ilə bağlı keçirilən mərasimində çıxışı zamanı bildirmişdi.

Əsas maneələr isə Yunanıstanın solçu hökuməti və Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) keçəcəyi İtaliya ərazisində Moskvaya yaxın olan bəzi dairələrin “ekoloji çirklənməni” əsas gətirərək etdikləri çıxışlar idi.
Belə ki, bu prosesə keçmiş italiyalı şoumen, hazırda “5 Star” (5-Star Movement-M5S) adlı siyasi hərəkata başçılıq edən və parlamentdə 23 faizlik fraksiyası olan Beppe Qrillo rəhbərlik edir. O, Rusiya KİV-nə müsahibəsində Azərbaycan qazının İtaliyadan keçməməsi üçün əlindən gələn hər şeyi edəcəyini açıqlayıb.


İtaliya maneəsi, demək olar ki, aradan qalxdı. Bu ölkənin hökuməti TAP-ın təqdim etdiyi ekoloji layihə haqda sənədi imzalamaqla, layihənin gerçəkləşməsi istiqamətində ilkin addımı atdı. Boru kəmərinin İtaliyadan keçən quru hissəsinin tikintisi üçün ilkin seçim elan edilib və inşa olunacaq kəmər bu ölkənin “Snam Rete Gas” qaz nəqli şəbəkəsinə qoşulacaq. Prezident İlham Əliyevin ötən həftə İtaliyaya səfəri və aparılan müzakirələr də problemin aradan qalxdığını deməyə əsas verir.


Yunanıstan əngəli hələ mövcud olsa da, artıq qüvvədən düşür. Belə ki, Afinanın solçu rəhbərliyi SOCAR-ın bu ölkənin DESFA qazpaylayıcı şirkətinin 60 faiz səhmlərini alması haqda müqaviləyə qarşı çıxır. Bununla bağlı qərarın qəbulu sentyabrda veriləcək. Həmçinin Çipras hökuməti Moskvanın “Türk axını” layihəsinə sonsuz dəstəyini nümayiş etdirirdi. Yunan solçuları Rusiyadan alacaqları güzəştli kreditə və digər köməyə bel bağlayaraq, Brüsselə buynuz göstərir, Azərbaycan qazının çıxışını tıxamağa çalışırdı. Lakin proseslər fərqli məcraya yönəldi, ruslar vəd etdikləri pulu vermədilər və Yunanıstan faktiki olaraq defoltla üz-üzə qalıb. Bu isə artıq Afinanın nəinki “Türk axını” layihəsinə, ümumiyyətlə hər hansı layihəyə verə biləcəyi dəstəyinin qalmadığını göstərir. Yəni Afina ABŞ-ın qarşısına qoyacağı istənilən məsələ ilə razılaşmaq məcburiyyətindədir.

Bununla yanaşı, Rusiyanın “Türk axını” üçün seçdiyi marşrut ölkələr - Makedoniya və Serbiya da oyundan çıxıb. Belə ki Makedoniya hökuməti Qərbə yaxın müxalifətin aksiyalarından sonra geri çəkildi. Baş verənləri izləyən Serbiya da analoji halla qarşılaşmamaq üçün Rusiya layihəsindən imtina etdi.

Beləliklə, ləğv olunan “Cənub axını” layihəsinin əvəzinə Moskvanın gündəmə gətirdiyi “Türk axını” da sələfinin taleyini yaşayacaq. Ötən həftə “Qazprom”un “Türk axının”ın tikintisi üçün İtaliyanın “Saipem” şirkəti ilə müqaviləsini ləğv etməsi Rusiyanın bununla müəyyən mənada barışdığını göstərir. Halbuki, layihə gündəmə gələndə Kreml hesab edirdi ki, bu, 2016-cı ilə qədər reallaşacaq, beləliklə, Azərbaycan qazını 2019-cu ildə Avropa bazarına çıxaracaq boru kəmərlərini qabaqlayacaqdı. Lakin məsələ kağız üzərində qaldı. Artıq Türkiyənin də layihədən imtina etdiyini demək olar.

Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız “Türk axını” ilə bağlı hər-hansı nəticənin əldə olunmadığını deyib. Rusiyanın əsas ümid etdiyi Ankara faktoru qazın qiymətində razılığın əldə olunmaması ilə ortadan qalxır. Əvəzində Azərbaycan qazını Avropaya çıxaracaq marşrutun Türkiyə ərazisində keçən hissəsinin inşa istiqamətində işlər sürətləndirilib.

Proseslər göstərir ki, Rusiya sonda Ukrayna marşrutu ilə barışmaq məcburiyyətində qalacaq.

Artıq iyulun 1-dən “Qazprom” qazın Ukraynaya çatdırılmasını dayandırıb. Şirkət mavi yanacaq üçün Ukrayna tərəfindən ödənişin əvvəlcədən edilməsini tələb edir. Öz növbəsində, Ukrayna tərəfi qiymətdə razılaşma olmadığı üçün Rusiya qazını almaqdan imtina edib.

“Rusiya qazının hazırkı bazar qiyməti min kubmetr üçün 250 dollar təşkil edir. Amma rusların fikrincə, onlar qazı 300 dollara sata və deyə bilərlər ki, 50 faiz endirim edirlər. Bu, endirim deyil, bazardır. Biz “Qazpprom”a dotasiya verməyəcəyik”, - deyə Ukraynanın baş naziri Arsen Yasenyuk deyib.

Prezident Pyotr Poroşenko isə bildirib ki, “Naftoqaz” və “Qazprom” arasındakı tranzit razılaşması uzadıla bilər: “Əminəm ki, “Naftoqaz” və “Qazprom” arasındakı tranzit razılaşması 2019-cu ildən sonra da davam etdiriləcək. Çünki bunun alternativləri yoxdur”.

Təbii ki, Poroşenko “alternativlər yoxdur” deməklə Vaşinqtonun sözlərini çatdırır. ABŞ-ın “qaz müharibəsində” Rusiyanı məğlub etməsi üçün mütləq şəkildə Azərbaycan qazına üstünlük verməsi lazımdır. Bu isə Azərbaycan qazının önəmini daha da artırır.

Diqqət çəkən və təqdir olunası məqam isə bütün bu qarşıdurmada Azərbaycan qazı uğrunda olsa da, rəsmi Bakı hədəf olmaqdan yayına bilir. Bu, Azərbaycan siyasətinin manevr imkanlarının genişliyindən xəbər verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm