Prezident sərt danışdı: “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları haqq qoyurlar, “krışalıq” edirlər”
Bizi izləyin

Nida.az

Prezident sərt danışdı: “Vergilər Nazirliyi, hüquq mühafizə orqanları haqq qoyurlar, “krışalıq” edirlər”

“Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü çox sərt aparır, tələbkardır. Burada biz iki məsələni bir-birindən ayırmalıyıq. Vergilər Nazirliyi çalışmalıdır ki, vergi ödəyiciləri vergiləri birmənalı olaraq qanuni şəkildə, tam şəkildə versinlər. Burada heç bir başqa söhbət və güzəşt ola bilməz. Ancaq heç bir başqa əsassız tələb irəli sürülməməlidir”.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun çıxışı zamanı deyib.

Prezident qeyd edib ki, sahibkarlar sadə dillə desək, dövlətin pulunu 100 faiz verməlidirlər, vəssalam: “Ondan başqa, heç kimə 1 manat verməməlidirlər. Bax, mən onlara tapşırıram və göstəriş verirəm. Eyni zamanda, dövlət qurumlarına çox ciddi göstəriş verirəm ki, heç bir əsassız tələb irəli sürülməməlidir. Əfsuslar olsun ki, belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, yerli icra hakimiyyətləri Bakıda və rayonlarda haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Bu, dözülməz haldır, buna son qoyulmalıdır. Əgər hesab edirlərsə, bunu heç kim bilmir, səhv edirlər. Bu, çox ciddi məsələdir və mənə siqnallar gəlir ki, bu, bəzi yerlərdə kütləvi xarakter alıb. Bu, tamamilə yığışdırılmalıdır. Ona görə bu gün mən bütün aidiyyəti qurumlara və eyni zamanda, sahibkarlara göstəriş verirəm. Mənə məlumat versinlər, qorxmasınlar, siqnal versinlər, məktub yazsınlar, e-mailə yazsınlar. Əgər belə hallar varsa, o xoşagəlməz işlərlə məşğul olan dərhal öz cəzasını alacaq”.

Dövlət başçısı qeyd edib ki, ölkəmiz sahibkarlıq hesabına inkişaf edəcək: “Di gəl ki, kimsə varlanmaq üçün gəlsin sahibkarları boğsun ki, sahibkar qapısına qıfıl vurub çıxıb getsin. Bu, dözülməz haldır. Yəni, bunu edən dövlətə xəyanət edir. Bunu edən, sadəcə olaraq, pul qazanmır, dövlətə xəyanət edir. Mən bunu belə qəbul edirəm və hamı bunu bilsin və nəticə çıxarsın”.

Prezident daha sonra deyib: “Biz ilin sonuna qədər sosial infrastrukturun yaradılması ilə məşğul olacağıq. Göstəriş vermişəm ki, məktəblərin, uşaq bağçalarının və tibb ocaqlarının tikintisinə əlavə vəsait ayrılsın.

Köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu sahədə lazımi tədbirlər görülür, həm Dövlət Neft Fondunun xətti ilə vəsait ayrılır, yeni binalar tikilir, eyni zamanda, dövlət büdcəsində güzəştlər nəzərdə tutulub. Bu məsələ daim diqqət mərkəzindədir. Çalışmalıyıq ki, köçkünləri gələcəkdə də maksimum dərəcədə tezliklə yaxşı mənzillərə, evlərə köçürək. Bilirsiniz ki, hər il orta hesabla 20 min insan artıq yeni mənzillərə köçürülür”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm