Bakı-Ankara-Tiflis ittifaqı, İrəvan qorxu içində – CİA-nın leqal qolundan şok məqalə
Bizi izləyin

Nida.az

Bakı-Ankara-Tiflis ittifaqı, İrəvan qorxu içində – CİA-nın leqal qolundan şok məqalə

ABŞ kəşfiyyatının leqal üzü hesab olunan “Stratfor” Mərkəzi Cənubi Qafqazda Türkiyə, Azərbaycan və Gürcüstanın hərbi əməkdaşlığı və buna qarşı Rusiyanın Ermənistanı gücləndirməsi haqda məqalə hazırlayıb.


Publika.az xəbər verir ki, məqalədə Bakı-Ankara-Tiflis müttəfiqliyi fonunda Rusiyanın bölgədə aktivləşdiyinə xüsusi diqqət çəkilir.


Türkiyə, Gürcüstan və Azərbaycan son altı həftə boyunca hərbi əməkdaşlığı genişləndirmək istiqamətində addımları intensivləşdirib. Mayın 31-də üçtərəfli hərbi təlimlər də bunu göstərdi. Ondan bir neçə gün öncə isə Azərbaycan və Türkiyə hərbçiləri genişmiqyaslı təlimlər keçirdi.
Cənubi Qafqazda hərbi fəaliyyətlərin genişləndiyi bir vaxtda Moskva da aktivliyini artırıb. Rusiya Bakı-Ankara-Tiflis hərbi əməkdaşlığından çıxış edərək Ermənistanda hərbi bazasını gücləndirir.


Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq 1992-ci ildən başlayıb. Əvvəlcə hərbi təhsil sahəsində başlanan əməkdaşlıq sonrakı illərdə bir sıra istiqamətlərə doğru genişləndi. 2010-cı ildə iki ölkə arasında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması haqda müqavilə imzaladı. Bununla kənar təhlükələr zamanı iki ölkə bir-birinə hərbi dəstək göstərəcək. Şuranın hər il yüksək səviyyəli iclasları keçirilir.

Daha sonra hər iki ölkənin hərbi sənayesi inkişaf etməyə başladı. 2012-ci ildə isə Gürcüstan Türkiyə və Azərbaycanın hərbi sahədə əməkdaşlığına qoşuldu. 2014-cü ildə üç ölkənin müdafiə nazirləri üçtərəfli görüşlərin keçirilməsinə start verdi.


Cənubi Qafqazın digər ölkəsi Ermənistan hazırda ciddi iqtisadi problemlərlə üzləşib. Həmçinin siyasi dayanıqsızlıqla hərbi münaqişələr onun qonşuları ilə geosiyasi problemlər yaşamasına səbəb olub. Azərbaycan, Türkiyə və Gürcüstan Ermənistan sərhədinin çoxunu təşkil edir. Son dövrlər Dağlıq Qarabağ münaqişəsi ciddi şəkildə kəskinləşib, cəbhə boyunca gərginlik artır. Azərbaycanın güclü ordusu problemlər içində olan Ermənistan ordusunu itkilərə məruz qoyub. Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda bəyan etdi ki, onun ölkəsi Ermənistan üzərində tam üstünlük əldə edib.


May ayında Türkiyə və Azərbaycanın Naxçıvanda keçirdiyi hərbi təlimlər də Bakının güclü olduğunu göstərdi. İrəvan üçün daha bir çətinlik, münaqişə qızışacağı təqdirdə müqavilələrə əsasən Türkiyənin müdaxilə etməsidir. Bu prosesdə Gürcüstanın iştirakı da olduqca maraqlıdır. Çünki bu ölkə Ermənistan üçün qapı – giriş rolunu təmsil edir.


Rusiyanın Avrasiya İttifaqına daxil olandan sonra Ermənistan üçün Gürcüstan koridorunun əhəmiyyəti daha da artdı. Gürcüstanın Azərbaycan və Türkiyə ilə üçtərəfli hərbi əməkdaşlığı İrəvan üçün xeyli çətinliklər yaradır. Lakin bu məsələyə erməni KİV-i və rəsmi şəxslər tərəfindən az diqqət edilir. Ermənistan Müdafiə Nazirliyi bununla bağlı qısa bəyanat yayıb: “Ümidvarıq ki, Gürcüstanın Türkiyə və Azərbaycanla hərbi əməkdaşlıq etməsi münasibətlərimizə xələl gətirməyəcək”.

Bu arada Rusiya Ermənistanda möhkəmlənir. Bu ilin aprelində Rusiya Ermənistan, Abxaziya, Cənubi Osetiya və Qırğızıstanda hərbi bazalarını gücləndirmək planlarını elan etdi. Lakin Moskvanın bu günlərdə hərbi yardım olaraq İrəvana 200 milyon kredit verməsi xüsusilə diqqət çəkir. Məlumatlar var ki, Rusiya bu ölkə ərazisində hərbi ballistik raketlər də yerləşdirəcək. Görünür, Kreml Cənubi Qafqazda Bakı-Ankara-Tiflis hərbi əməkdaşlığına qarşı Ermənistanda möhkəmlənməyə çalışır.


Lakin hər üç ölkənin müdafiə nazirləri regionun təhlükəsizliyi istiqamətində birgə əməkdaşlığın sürətləndirilməsinin vacibliyini diqqətə çatdırır, kənarda nələrin baş verdiyinə, kimlərin nə etdiyinə o qədər də diqqət yetirmirmiş kimi görünürlər.


Son zamanlar Türkiyə Cənubi Qafqazda geosiyasi mövqeyini yenidən gözdən keçirir. Xüsusilə, Rusiyanın Gürcüstan müharibəsinin ardınca Cənubi Osetiya və Abxaziyada möhkəmlənməsi, həmçinin, Ermənistandakı Gümrü hərbi bazasının istifadə müddətinin 2044-cü ilə qədər uzatması fonunda bu diqqət çəkir.

Görünür, rusların gücünə qarşı Türkiyə regionda Azərbaycan və Gürcüstanla hərbi əməkdaşlığı gücləndirməyə ehtiyac duyur.

Türkiyə və Azərbaycan həmçinin regionda enerji xətlərini müdafiə etməyə məcburdurlar. Bakı-Tiflis-Ceyhan, Cənubi Qaz Dəhlizinə daxil olan boru kəmərləri hər an Rusiya təhlükəsi ilə üzləşə bilər. Misal üçün, 2008-ci ilə Gürcüstan müharibəsində enerji layihələri belə təhlükəyə məruz qalmışdı.

Hesab etmək olar ki, Azərbaycan-Türkiyə-Gürcüstan arasında məhz enerji xətlərinin müdafiəsi üçün birgə hərbi birləşmənin yaradılması istəkləri var və bunun gerçəkləşmək imkanları genişdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm