YAP rəsmisi: “Prezidentin çıxışı bütün Avropaya bir mesaj idi”
Bizi izləyin

Nida.az

YAP rəsmisi: “Prezidentin çıxışı bütün Avropaya bir mesaj idi”

Xəbər verdiyimiz kimi, iyulun 13-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

İclasda çıxış edən dövlət başçısı Avropa Şurasının sərgilədiyi ikili standartlardan, islamofobiyadan, paxıllıq və bədniyyətdən danışıb: “Mən bəzi hallarda dövlət məmurlarından, deputatlardan, ictimai xadimlərdən eşidirəm ki, biz Avropaya inteqrasiya etməliyik. Siz bunu deyəndə bir düşünün. Birincisi, Prezidentin mövqeyini bilməlisiniz. İkincisi, siz necə inteqrasiya edəcəksiniz, hansı formada inteqrasiya edəcəksiniz? Bu inteqrasiya sizə lazımdırmı, yoxsa yox? Hansı simada Azərbaycanı orada qəbul etmək istəyirlər? İkinci dərəcəli üzv kimi, assosiativ üzv kimi, yaxud da kənardan sanki yapışan bir ölkə kimi? Bu format bizə lazım deyil. Biz hara lazımdırsa inteqrasiya etmişik. O illərdə etmişik ki, o vaxt Avropada vəziyyət fərqli idi. Mən hesab edirəm ki, əgər bu gün biz bu vəziyyəti nəzərə alaraq seçim etməli olsaydıq, bəlkə də Avropa Şurasına da üzv olmazdıq. Azərbaycanı nə qədər təhqir etmək olar? Bizi nə qədər alçaltmaq cəhdləri göstərilə bilər? Artıq bizim hövsələmiz tükənib. Biz Avropa Şurasız da yaxşı yaşaya bilərik, yaşamışıq da. 2001-ci ilə qədər yaşamışıq. O vaxt Azərbaycanda vətəndaş müharibəsi, erməni işğalı, siyasi böhran, iqtisadi tənəzzül yaşanırdı. Yaşamışıq, ölməmişik.

Biz oraya üzv olmuşuq ki, ilk növbədə Qarabağ problemi həll edilsin. Məsələ bunda idi. Biz bilirdik ki, Ermənistan Avropa Şurasına üzv olmağa can atır. Biz istəyirdik ki, biz də orada olaq və bu məsələ ədalətli şəkildə həll edilsin. Ancaq biz nəyi görürük: ədalətsizlik, ikili standartlar, islamafobiya, paxıllıq, bədniyyət. Bax, bu yaxınlarda Avropa Oyunları zamanı qətnamə qəbul edirlər. Qətnamənin məruzəçilər tərəfindən təklif edilmiş mətnində yazılıb ki, assambleya nəzərə alır ki, Azərbaycan torpaqları işğal altındadır. Götürüb o cümləni dəyişirlər, yazırlar ki, assambleya nəzərə alır ki, Dağlıq Qarabağ münaqişəsi mövcuddur. Yəni, bu nə deməkdir?! Bu, açıq-aydın anti-Azərbaycan mövqeyidir. Ona görə, yenə də bu mövzuya qayıdıram. Biz heç yerə inteqrasiya olmuruq. Hara olmuşuq, kifayətdir. Lazım olarsa, yenə də başqa birliklərə də üzv olarıq, ancaq bərabərhüquqlu tərəfdaş kimi, ləyaqətli ölkə kimi”.

Dövlət başçısının çıxışına münasibət bildirən hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Publika.az-a açıqlamasında deyib ki, Avropanın ayrı-ayrı təşkilatları və qurumları, erməni lobbisinin vəsaiti hesabına çalışan qüvvələr Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirləri gözdən salmaq məqsədilə qərəzli iş aparırlar. Onun sözlərinə görə, həmin dairələr Azərbaycanın haqlı mövqeyinə qarşı çıxır və ölkəmiz haqqında mənfi imic yaratmağa çalışır: “Avropa Şurasının son iclasındakı Azərbaycanla bağlı qətnamədə əvvəlki prinsiplərindən fundamental şəkildə geri çəkilərək özünün qəbul etdiyi qərarın əleyhinə yenidən qərar qəbul etməsi tam ədalətsiz və qeyri-obyektiv idi. Həmçinin Almaniya Bundestaqında qəbul edilən qərar da eyni mahiyyət daşıyır. Almaniya Bundestaqı BMT Təhlükəsizlik Şurası və ya dünya yığıncağı deyil. Baxmayaraq ki, bu gün BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr belə icra edilmir. Halbuki BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı qəbul etdiyi 4 qətnamə qeyd-şərtsiz yerinə yetirilməlidir. Bu gün biz görürük ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan belə ayrı-ayrı ölkələrə qoşun yeridilir, ərazilər işğal edilir, dövlətçilik darmadağın edilir və sairə. Bu gün biz dünyada bunun da şahidi oluruq. Bu baxımdan da Almaniya Bundestaqında hər hansı xarici ölkənin məsələsinin müzakirə olunması doğrudan da gülüncdür. Almaniya Bundestaqının qəbul etdiyi hər hansı sənəd yalnız bu ölkənin sərhədləri çərçivəsində şamil oluna bilər. Yəni, bu sənəd nəinki Azərbaycanda, heç yaxın qonşusu olan ölkələrdə belə keçə bilməz. Bunu Almaniya Bundestaqı üzvləri də çox yaxşı dərk edirlər. Onlar yaxşı bilir ki, bu qərarın Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur, adi kağız parçasıdır, Azərbaycana qarşı bir qarayaxmadır. Hesab edirəm ki, cənab Prezidentin ötən gün keçirdiyi müşavirədə bu məsələ ilə bağlı mövqeyi bütün Avropaya bir mesaj idi. Yəni, Azərbaycan bütün dünya ilə səmimi və qarşılıqlı tərəfdaşlığa açıqdır. Kim istəyirsə, gəlib Azərbaycanla səmimi münasibətlər qura bilər. Kim istəmirsə, artıq bizim onlarla münasibət qurmaq fikrimiz də yoxdur”.

YAP-çı deputat qeyd edib ki, bu gün dünya üçün Azərbaycan çox əhəmiyyətlidir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır. Bu gün Azərbaycan Avropanın qazla təmin olunmasına görə ayrı-ayrı dövlətlərlə mübarizə aparır. Bəs Avropa bizim üçün nə edir? Bizim üçün fərq etməz, ya Almaniya, ya da Cənubi Koreya, Yaponiya və digər ölkələrlə əməkdaşlıq edək. Bu gün biz Almaniyadan aldığımız malları gedib Cənubi Koreya və Yaponiyadan da ala bilərik. İndi Azərbaycan Almaniyadan kifayət qədər mal alır və əvəzində bu ölkəyə böyük vəsait gedir. İstəsək sabah gedib o malları Almaniyadan deyil, Yaponiyadan, Cənubi Koreyadan da ala bilərik. Bizim üçün bu gün onlarla alternativ ölkələr var. Ona görə də düşünürəm ki, Avropa dövlətləri Azərbaycanla münasibətlərinə diqqət etməlidir. Kim bizimlə səmimi münasibət qurmaq istəsə, qapımız onlara hər zaman açıqdır. Kim qurmaq istəmirsə, o zaman biz onlardan da əvvəl bu münasibətləri qurmaq istəmirik. Azərbaycan istəyir ki, hər bir dövlətlə, beynəlxalq təşkilatla yaxşı münasibətlər qurulsun. Ancaq bu münasibətlər ədalətli olmalıdır”.

S.Novruzov Azərbaycanın gələcəkdə Avropa Şurası üzvlüyündə qalıb-qalmaması məsələsinə də toxunub: “Biz vaxtilə Avropa Şurasına üzv olmağı özümüz seçmişik. Biz Avropa Şurasına nə isə güdmək üçün getməmişik. Biz Avropa dəyərlərinə olan hörmətimizə görə, eyni zamanda Azərbaycan dəyərlərinin də Avropada qəbul olunması şərtilə bu təşkilata qoşulmuşuq. Bu gün Azərbaycanın kifayət qədər elə dəyərləri var ki, Avropanın bu dəyərlərə ehtiyacı var. Yəni, Azərbaycan Avropa Şurasına qarşılıqlı dəyərlərin mübadiləsi çərçivəsində üzv olub. Biz Avropa Şurasına daxil olmamışıq ki, kimsə bizə müəllimlik etsin. Kimsə Azərbaycana nəyisə diktə edə bilməz. Azərbaycan Demokratik Respublikasında qadınlara seçki hüququ veriləndə, dünya ölkələrinin 60 faizində qadınların seçki hüququ yox idi. Azərbaycanda dövlət strukturu demokratik əsaslarla formalaşan zaman dünyanın əksər ölkələrində imperializm hökm sürürdü.

Azərbaycanda ilk opera yarananda dünyanın çox yerində heç məktəb yox idi. Mən anlaya bilmirəm ki, Avropa bizə nəyi öyrətmək istəyir. Hesab edirəm ki, Azərbaycanın qədim tarixə malik olması, zəngin mədəniyyəti, müstəqillik mübarizəsi və sürətli inkişafı çox dövlətləri narahat edir. Ona görə də həmin dövlətlər Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe nümayiş etdirir, ölkəmizi gözdən salmağa çalışır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm