• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ordumuz hücuma keçərsə... və ya Ermənistanın bir həftəlik canı - ŞƏRH

  • Nida.az
  • 14 İyul 2015 14:05
  • 2 415 Baxış
Ordumuz hücuma keçərsə...  və ya Ermənistanın bir həftəlik canı - ŞƏRH

Kimin gücü varsa, o da haqlıdır və bu reallıqdır. Bu, xoşagəlməz reallıqdır, ancaq biz real dünyada yaşayırıq, biz virtual dünyada yaşamırıq”.

Bəli, bugünkü dünyada haqlı olmaq güclü olmaq kimi qəbul olunur və humanist dəyərlər alt-üst edilir. Bu situasiyanı ağıllı dəyərləndirən rəsmi Bakı öz gələcək konturlarını cızır: hərbi güc və qüdrətli ordu.

“Hərbi güc gələcəkdə hər bir ölkənin maraqlarını ilk növbədə təmin edən amil olacaqdır”.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı bunu açıq şəkildə bəyan etdi. Dövlət başçısı məsələnin mahiyyətinə də aydınlıq gətirib: “Çünki beynəlxalq hüquq normaları sadəcə olaraq belə çıxır ki, o qədər də böyük olmayan ölkələr üçün yazılıb. Beynəlxalq davranış qaydaları dəyişilir, kim necə istəyir beynəlxalq hüquq normalarını elə də yozur və nəticə etibarilə biz görürük ki, güc amili bir çox məsələləri həll edir. Biz də buna hazır olmalıyıq və hazırıq. Ona görə, gələcəkdə də ordu quruculuğu, hərbi potensialın gücləndirilməsi bir nömrəli vəzifə olacaq. Nəzərə alsaq ki, biz müharibə şəraitində yaşayırıq, əlbəttə, bu, daha da ciddi diqqətə malik olmalıdır”.

Daha sonra dövlət başçısı ordu quruculuğunun daim prioritet olduğunu vurğulayıb.

“Xəzər sahilində ən böyük hərbi obyektlərdən biri bu il Azərbaycanda istifadəyə verilib. Hərbi dəniz qüvvələri bazası yaradılıb. Bütün digər lazımi tədbirlər görülür, hərbi şəhərciklər, bazalar tikilir, təmir olunur, əsgərlər, zabitlər üçün gözəl şərait yaradılır. Təbii ki, silah-sursat, maddi-texniki təminat daim diqqət mərkəzindədir. Ən müasir silah, texnika alınır və bu gün Azərbaycan Ordusu, dediyim kimi, dünya miqyasında güclü ordular sırasındadır”, - deyə Prezident bildirib.

Azərbaycanın ərazi bütövlüyü pozulmuş bir ölkə kimi güclü orduya hər zaman ehtiyacı var. Xüsusilə nəzərə alsaq ki, Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalında yalnız Ermənistan deyil, onun arxasındakı qüvvələr də iştirak edib, o zaman Azərbaycan ordusu Ermənistandan daha böyük gücləri məğlub etmək səviyyəsində olmalıdır. Rəsmi Bakı da məhz bunu anlayır və bu istiqamətdə inamla irəliləyir. Təbii ki, yalnız Ermənistan olsaydı, güclü Azərbaycan ordusu bu ölkəni çox yox, cəmi bir həftəyə susdura bilərdi.

“Xarici maliyyə, hərbi və siyasi dəstək hesabına Ermənistan hələ ki, bizim torpaqlarımızı işğal altında saxlayır. Mən bu auditoriyada bir dəfə demişəm ki, bizim torpaqlarımızı işğal edən təkcə Ermənistan deyil. Bizim torpaqlarımızı işğal edən Ermənistanın havadarları, ermənipərəst, islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələrdir. Ermənistan bizim torpaqlarımızı işğal edə bilərmi? Bir həftə ərzində orada daş daş üstündə qalmaz. Bu da reallıqdır və yenə də deyirəm, biz real dünyada yaşayırıq, öz tədbirlərimizi görürük və gün gələcək Azərbaycan öz ərazi bütövlüyünü təmin edəcək. Hələ ki, biz bu istiqamətdə bütün hazırlıq işlərini görürük”, - deyə Prezident İlham Əliyev də bunu açıq şəkildə bəyan edir.

Qərbdə erməni diasporuna bağlı ermənipərəst və islamofob siyasətçilər, anti-Azərbaycan qüvvələr, ümumilikdə erməni lobbisi...

Güclü haqlıdır prinsipi ilə hərəkət edən dünyada Azərbaycanın ədalətli mövqeyinə qarşı çıxanlar mövcuddur. Əgər bu gün Ukraynanın ərazi bütövlüyü pozulursa, beynəlxalq ictimaiyyət ayağa qalxır, Rusiyaya qarşı sanksiyalar tətbiq edir. 20 ildən çoxdur davam edən erməni işğalını isə görməzdən gəlirlər. Qeyd etdiyimiz kimi, burada ermənipərəst qüvvələr hansısa maraqlar, konkret olaraq, erməni diasporunun böyük pulları qarşılığında beynəlxalq hüququ çeynəyirlər.

Araşdırmalar göstərir ki, erməni lobbisinin məqsədi sırasında Azərbaycan torpaqlarının işğal altında saxlanılması siyasəti əsas prinsiplərdəndir.

1. Qondarma erməni soyqırımını tanıtmaq.
2. Erməni diasporunun siyasi proseslərdə iştirakını təmin etmək.
3. ABŞ-Ermənistan əlaqələrinin gücləndirilməsi.
4. Ermənistan və Dağlıq Qarabağ separatçılarına dəstək əldə etmək.
5. Erməni diasporunun maraqlarına uyğun olaraq böyük dövlətlərin xarici siyasətinə təsir etmək.

Göründüyü kimi, ermənipərəst qüvvələrin apardığı siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasına maneələr yaradılır. Bu qüvvələr hətta beynəlxalq hüququn pozulması ilə nəticələnən addımlar atmaqla buna cəhdlər edirlər.

Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, YAP icra katibinin müavini Siyavuş Novruzov Publika.az-a açıqlamasında bildirib ki, Azərbaycan ordusu öz torpaqlarını bir neçə günə işğaldan azad edə bilər: “Buna ordumuzun potensialı çatır. Lakin mövcud situasiya buna imkan vermir. Gürcüstan praktikasında bunun şahidi olduq. Biz bu gün tək Ermənistanla döyüşmürük, bu ölkəni himayə edən tərəflər var. Onlar həm siyasi, həm hərbi baxımdan havadarlıq edirlər. Xristianlıq nöqteyi-nəzərindən olan dəstək də var. Bu məsələ Ermənistanla Azərbaycan arasında qalsa, ölkəmizə 1 həftə vaxt lazımdır ki, Azərbaycan qoşunları qədim torpağımız İrəvanda dayansın. Ordumuzun mövcud potensialı yüksəkdir. Həm Azərbaycana qarşı ola biləcək təxribatların qarşısını almaq iqtidarındadır. Həm də zamanı çatanda, o situasiya yarananda ərazi bütövlüyümüzü bərpa edib dədə-baba torpaqlarımızı bərpa etməyi öz öhdəsinə götürəcək”.

Rusiya faktoru: Azərbaycan və Rusiya arasında yüksək səviyyəli münasibətlər formalaşsa da, Ermənistan işğalına bu və ya digər formada dəstək verənlər arasında bu ölkə də var. Rusiyanın Ermənistana pulsuz silah verməsi haqda kifayət qədər mövcud olan faktlar da bunu sübut edir. Bu yaxınlarda, Moskvanın erməni ordusunun gücləndirilməsi üçün ayırdığı 200 milyon dollar kredit də buna əyani nümunədir. Moskvanın bölgəyə dair maraqları mövcuddur və bunun əlavə şərhə ehtiyacı yoxdur. Rusiya Gümrüdəki hərbi bazası ilə Ermənistanı faktiki təsir dairəsində saxlasa da, bu baza həm də işğal siyasətinin davam etməsinə zəmin yaradır. Bu günlərdə Rusiyanın “Nezavisimaya qazeta” nəşri Gümrü bazası haqda yazır: “Gümrü ərazisində yerləşən 102-ci hərbi baza Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə əsasən, Ermənistanın təhlükəsizliyinin zamini rolunda çıxış edir. 2010-cu ildə Rusiya Ermənistanla bazanın 2044-cü ilə qədər bu ərazidə qalması haqqında müqavilə imzaladı. Bazada şəxsi heyətin ümumi sayı təxminən 4 mindir. Motoatıcı, tank, artilleriya bölmələri və təminat bölmələri, həmçinin, BMP-2 piyada döyüş maşınları, T-72B tankları, yaylım atəşin reaktiv sistemi - “Qasırğa”, özüyeriyən artilleriya, S-300, M1-2 və Ox-10 zenit –raket kompleksləri yerləşdirilib. Bütün bunlara baxmayaraq, Rusiya Ermənistanı silahlandırmağa davam edir”.

Bütün bunlar Azərbaycan torpaqlarını işğal edən qüvvələrin yalnız Ermənistan olmadığını bir daha sübut edir. Lakin o da faktdır ki, artıq situasiya bizim xeyrimizə dəyişməkdədir. İlk növbədə rəsmi Bakı Rusiya ilə münasibətlərini ən yüksək səviyyəyə çatdırıb. Həmçinin, Azərbaycan rəhbərliyinin ağıllı manevrləri Moskvanın yaxın gələcəkdə Ermənistanın arxasından çəkiləcəyi ehtimalını artırır.

Digər tərəfdən, beynəlxalq səviyyədə şəbəkələşmiş islamofob, ermənipərəst və anti-Azərbaycan qüvvələri iflasa uğramaqdadır. Onların bütün cəhdlərinə baxmayaraq, Ermənistandan hər gün ağırlaşan vəziyyət, bu ölkənin ordusunda yaşanan problemlər bunu deməyə əsas verir. Ermənistan Azərbaycan torpaqlarını işğal etsə də, bu siyasət ona baha başa gəlir və Bakının uğurlu siyasəti nəticəsində bu ölkə uçuruma yuvarlanır.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir. Biz isə güclənirik, öz tədbirlərimizi görürük, iqtisadi, siyasi, hərbi güc toplayırıq. Əlbəttə ki, Ermənistan və Azərbaycan müqayisəedilməz səviyyədədir”, - deyə Prezident İlham Əliyev mövcud situasiyanı əyani şəkildə göz önünə sərir.

Dövlət başçısının dediyi kimi, Ermənistanı Azərbaycanla müqayisə etmək absurd yanaşma olardı. Təkcə ordu sahəsindəki müqayisə bunu sübut edir.

Azərbaycan: 2003-cü ildə hərbi büdcəmiz 135 milyon ABŞ dolları olduğu halda, 2013-ci ildə 3,7 milyard ABŞ dolları təşkil edib. 2014-cü il üçün hərbi büdcəmiz 3 milyard 800 milyon dollar civarındadır. Bununla yanaşı, Azərbaycan öz ordusunun qüdrətlənməsi istiqamətində əməli işlərini sürətlə aparır.

S. Novruzov Azərbaycan ordusunun təkcə Cənubi Qafqazda deyil, ümumiyyətlə Avropada ən güclü ordulardan biri olduğunu bildirib.

“Həm təchizat, həm büdcə, həm ordumuzun əhval-ruhiyyəsi, keçdiyi təlimlər, tədris və təhsili imkan verir ki, bu gün Azərbaycan istənilən ordu ilə qarşı-qarşıya gələrək öz qələbəsini tam şəkildə təmin etsin”, - deyə millət vəkili qeyd edib.

Ermənistan: 2013-cu il dövlət büdcəsinin bütövlükdə gəliri 2,9 milyard dollar (Azərbaycanın təkcə hərbi büdcəsindən 900 milyon ABŞ dolları az), xərcləri isə 3,1 milyard dollar olub. Hazırda Ermənistan hərbi büdcəsi yarım milyondan azdır.

Bu ölkənin ciddi problemlərlə üz-üzədir. Artıq xarici maliyyə axını azalıb və daxili resursların yoxluğu Ermənistanı uçuruma doğrun aparır. Bu ölkədəki xunta rejiminin apardığı siyasət nəticəsində əhali ölkəni tərk edir, əyalətlər demək olar ki, boşalıb. Orduda özbaşınalıq, qanunsuzluq hökm sürür. Təsadüfi deyil ki, son dövrlər Ermənistan ordusunun əsgərlərindən bir neçəsi özbaşınalığa etiraz edərək könülü şəkildə Azərbaycan tərəfində keçib.

Ermənistanın Qafan şəhərindəki kilsənin xidmətçisi 70 yaşlı Edik erməni ordusu haqda belə deyir: “Orduda hər şeyə görə pul tələb edirlər. Əgər pul verməsən, baxmırlar. Sovet dövründə iş vardı, pul vardı. Ona ət də yeyirdik, kolbasa da yeyirdik. Hamı qaçıb. Müharibədən, işsizlikdən qaçıblar. Leninqrada, Moskvaya, bütün Rusiyaya səpələniblər. Mən əliləm, mənə 305 rubl (9 dollar) verirlər, buna yaşamaq olar?”

İyunun 23-də İrəvanın mərkəzində başlanan kütləvi aksiyalar da bu ölkədəki vəziyyəti açıq şəkildə göstərdi. Baş verənlər yaxın gələcəkdə Ermənistanın dünya xəritəsində olmayacağını deməyə əsas verir.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR