Müsəlmanlar dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinə qarşı birləşsin - Çağırış
Bizi izləyin

Nida.az

Müsəlmanlar dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinə qarşı birləşsin - Çağırış

Müsəlmanlar dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinə qarşı birləşsin - Çağırış

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə dindən şəxsi məqsədlər üçün istifadə cəhdlərinə qarşı müsəlmanların birləşməsini vacib sayır.

Trend QMİ-nin rəsmi saytına istinadən xəbər verir ki, Abu-Dabi şəhərində keçirilən "Müsəlman cəmiyyətlərində sülhün təmini" mövzusunda beynəlxalq konfransında çıxışı zamanı A.Paşazadə qeyd edib ki, qloballaşma şəraitində İslama qarşı artan hücum və haqsız ittihamlar, dini səviyyədə qarşıdurma yaratmaq, dindən şəxsi məqsədlər üçün istifadə cəhdləri fonunda sülh və ədalətin bərqərarı üçün bütün İslam ümmətinin bir araya gəlməsi zəruridir:

"İslam sülh dinidir. Sülh İslamın cövhərindədir. Bu gün sülhə çağırış Abu-Dabidən - mötəbər tədbirimizdən səslənir. Dünyamızın çağdaş durumunda iqtisadi, siyasi, mənəvi sahələrdə yaşanan çoxsaylı problemlər fonunda sülhün təmini olduqca mühümdür. Əminəm ki, inşallah, müsəlman ümməti böyük sınaqların öhdəsindən layiqincə gələcək, məmləkətlərimizdə və ümumən İslam dünyasında sülh və istiqrar bərqərar olacaqdır".

A.Paşazadə vurğulayıb ki, İslam dünyada ümümi sülhün bərqərar olması baxımından əhəmiyyət kəsb edən sivilizasiyalararası dialoq və multikulturalizmə böyük önəm verir: "İslam özgə mədəniyyətlərlə səmərəli qarşılıqlı dialoq yaratmaq ənənələrinə malik bir dindir. Hər zaman olduğu kimi, bu gün də sülh, İslami birlik və İslam həmrəyliyi məsələsi olduqca vacibdir. Ümmətdaxili ixtilaflar nəticəsində İraqda, habelə Əfqanıstan, Livan, Suriya və Fələstində illərdən bəri qırğınlar davam edir ki, nəticədə müsəlman ümməti əziyyət çəkir və bu faciəli hadisələr bizi hədsiz narahat edir".

A.Paşazadə erməni təcavüzündən də danışıb: "Təmsil etdiyim Azərbaycanın müsəlmanları da erməni ekstremistlərinin təcavüzünə məruz qalmış, ölkə ərazisinin 20 faizi, əzəli torpağımız olan Qarabağ işğal olunmuş və azərbaycanlılara qarşı təcavüz, o cümlədən, Xocalı şəhərində soyqırımı törədilmişdir. Ölkəmiz təcavüzə məruz qaldığı dövrdə qardaş müsəlman ölkələri, bəzi beynəlxalq islam təşkilatları bizimlə həmrəylik nümayiş etdirmiş və haqq işimizi müdafiə etmişlər. Azərbaycan xalqı dövlətimizin ərazi bütövlüyünü tanıyan, Azərbaycan həqiqətlərinin dünyaya yayılması işində bizlərə dəstək nümayiş etdirən qardaşlarımızın səylərini təqdir edir və buna görə dərin minnətdarlığını bildirir".

QMİ sədri bildirib ki, İslam cəmiyyətlərində sülhə, birliyə və həmrəyliyə nail olmaq yollarından biri də cəmiyyət daxilində birliyin bərqərar olmasıdır: "Sülhün təmini, birlik və həmrəyliyimizin qorunub saxlanması və möhkəmlənməsində biz-din xadimləri, alim və mütəfəkkirlərin də üzərinə böyük vəzifələr düşür. Bu da bir həqiqətdir ki, belə bir ümumi vəhdət və həmrəyliyə, multikulturalizmin bərqərarına, son nəticədə, sülh və əmin-amanlığa möhtərəm dövlət rəhbərlərimizin dəstəyi olmadan nail olmaq çox çətindir".

A.Paşazadə qeyd edib ki, Azərbaycanın misalında bu sahədə anlaşma və birlik hökm sürür: "Bu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur. Allaha çox şükürlər olsun ki, dini-mənəvi dəyərlərə diqqət və qayğı istiqamətində bu siyasət möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uca və Qadir Allahdan arzu edərdim ki, belə ənənəni, sülh və əmin-amanlığı bütün islam cəmiyyətlərində bərqərar etsin! Amin!".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm