• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub - FOTOLAR

  • Nida.az
  • 15 İyul 2015 09:38
  • 392 Baxış
Kannda Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub - FOTOLAR

İyulun 14-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti Günlərinin açılışı olub.

Açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Yay mövsümündə dünyanın hər yerindən turistləri özünə cəlb edən Kann şəhərinin gündəmində yenidən Azərbaycandır. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə burada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Kann zəngin mədəniyyətimizin təntənəsinə ev sahibliyi edir. Öz mədəni tədbirləri ilə dünyada məşhur olan Kann bu günlərdə Azərbaycanla bağlı baner və posterlərlə bəzədilib. İyulun 31-dək davam edəcək tədbirlər çərçivəsində Azərbaycanın qədim mədəniyyəti, milli, klassik və caz musiqisi, ənənə və müasirliyini yaşadan incəsənətinin təqdimatına həsr olunan müxtəlif proqramlar nəzərdə tutulub.

Tədbirə Fransanın tanınmış ictimai-siyasi xadimləri, bu ölkənin nüfuzlu şəxsləri də qatılıblar. Mərasim iştirakçılarına Heydər Əliyev Fondunun ölkəmizlə bağlı nəşrləri də təqdim olunub.

Tədbirin aparıcısı ölkəmiz haqqında mərasim iştirakçılarına ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan zəngin mədəniyyəti və qədim tarixi ilə seçilən müasir ölkədir. Tədbirin aparıcısı Azərbaycan-Fransa əlaqələri, bu münasibətlərin inkişafına ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun töhfələri, Kannda ənənəvi keçirilən Azərbaycan Mədəniyyət Günləri barədə danışıb. Vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyəti və incəsənəti Fransada böyük maraqla qarşılanır. Mərasimdə Azərbaycan Mədəniyyət Günləri çərçivəsində həyata keçiriləcək tədbirlər barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, “Bakı-2015” birinci Avropa Oyunları ölkəmizdə ən yüksək səviyyədə təşkil olunub.

Sonra mərasimdə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan-Fransa parlametlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva çıxış edib.

Azərbaycan gecəsinin əlamətdar bir gündə - 14 iyul Fransanın Milli Bayramı günündə keçirildiyini qeyd edən Mehriban Əliyeva bayram münasibəti ilə bütün fransız xalqını təbrik edib. “Fransa-Azərbaycan münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və son illər bir çox sahələrdə sürətlə inkişaf edir”, - deyən Mehriban Əliyeva bu baxımdan regionlararası münasibətlərin əhəmiyyətindən bəhs edib, son bir neçə il ərzində Azərbaycanla Fransanın 12 şəhəri arasında əməkdaşlıq və dostluq sazişinin imzalandığını, belə əlaqələrin ölkələrimizi, xalqlarımızı daha yaxşı tanımağa imkan yaratdığını, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişafı üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Bu ilin noyabrında Gəncə şəhərində Fransa-Azərbaycan Regionlararası Əməkdaşlıq Forumunun birinci iclasının keçiriləcəyini bildirən Mehriban Əliyeva belə formatda təşkil edilən görüşlərin ölkələrimiz arasında olan dostluğa daha güclü təkan verəcəyinə əminliyini ifadə edib. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın həqiqətlərini Fransa ictimaiyyətinə çatdıran Azərbaycanın Dostları Assosiasiyasının fəaliyyətini də yüksək qiymətləndirib. Ötən ay Azərbaycanda ilk Avropa Oyunlarının böyük uğurla keçirildiyini qeyd edən birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xarici ölkələrdə bu Oyunların təqdimatının ötən il ilk dəfə məhz Kann şəhərində baş tutduğunu vurğulayıb. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Azərbaycanın yığma komandasının ümumi nəticələrə görə 21-i qızıl olmaqla 56 medal qazanaraq ikinci yeri tutduğunu böyük qürur hissi ilə qeyd edib, dost Fransanın bu Oyunlarda 254 idmançı ilə təmsil olunduğunu və 43 medalla 5-ci yeri tutduğunu vurğulayıb, fransız idmançılarını bu qələbə münasibətilə təbrik edib.

Mehriban Əliyeva onu da vurğulayıb ki, Azərbaycan 2017-ci ildə dördüncü İslam Həmrəylik Oyunlarını keçirəcək. Bu da ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi növbəti töhfə olacaq. Azərbaycanın birinci xanımı “Pirotexnika sənəti” festivalı çərçivəsində bu gecə Kann şəhərinin səmasını bəzəyən atəşfəşanlığın Fransa-Azərbaycan arasında olan dostluğun daha bir təsdiqi olacağına əminliyini bildirib.

Daha sonra Kann şəhərinin meri David Lisnar çıxış edib. Mer Azərbaycan-Fransa əlaqələrinin inkişafından danışıb, bütün sahələrdə, o cümlədən mədəniyyət sferasında uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Mer Azərbaycana Fransa ilə qurulan əməkdaşlığa görə minnətdarlığını ifadə edib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman və mədəniyyət sahəsində də davamlı inkişafından danışan David Lisnar bildirib ki, bu amil Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsinə töhfəsini verir. “Bakı-2015” birinci Avropa Oyunlarının uğurla keçməsindən və qısa müddətdə Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasını qeyd edən Kannın meri vurğulayıb ki, rəhbərlik etdiyi şəhər gələcəkdə ölkəmizin təcrübəsindən bəhrələnmək niyyətindədir. “Azərbaycan bəşər sivilizasiyasının mühüm bir parçasıdır”,- deyən David Lisnar yaxın gələcəkdə mədəniyyət, turizm və idman sahələrini təmsil edən rəsmi nümayəndə heyəti ilə ölkəmizə səfərə gəlmək niyyətində olduğunu diqqətə çatdırıb.

Heydər Əliyev Fondu Azərbaycanın qədim və zəngin tarixinin, mədəniyyətinin dünyada təqdim olunması məqsədilə müxtəlif ölkələrdə layihələr reallaşdırır. Fransa və onun regionlarında bir sıra tədbirlər həyata keçirən Fond dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində artıq 3 ildir ki, Azərbaycan Mədəniyyəti Günlərini təşkil edir. Bu günlərin keçirilməsi dünya mədəni irsinə əvəzolunmaz şəxsiyyət və əsərlər bəxş edən Azərbaycan mədəniyyətinin təbliği baxımından müstəsna əhəmiyyətə malikdir. Ölkəmiz həmişə öz zəngin mədəni irsi və dəyərləri ilə haqqlı olaraq fəxr edib.

Sonra Kannda ənənəvi “Pirotexnika sənəti” festivalına start verilib. Festivalda ilk çıxış edən ölkə Azərbaycan olduğundan Fransanın və Azərbaycanın dövlət himnləri səslənib.

Beləliklə, də “Bakı Atəşfəşanlıq Qrupu” ənənəvi “Pirotexnika sənəti” festivalının açılışını edib. Ölkəmiz bu festivala 2013-cü ildən qatılsa da, iştirakçı kimi ilk dəfə məhz bu il təmsil olunur. Ona görə də builki atəşfəşanlıq həm də müsabiqə xarakterli olması ilə seçilir.

Şounun Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Tofiq Quliyevin, Müslüm Maqomayevin, Ələkbər Tağıyevin ölməz əsərləri və görkəmli muğam ustası Alim Qasımovun ifası ilə müşayiət olunması tədbiri daha da maraqlı və rəngarəng edib. 25 dəqiqəlik atəşfəşanlıq şousu tərtibatı və ecazkar musiqi müşayiəti ilə seçilib. Bu müddət ərzində tədbir iştirakçıları və Kruazett bulvarı boyunca yerli sakinlər, turistlər Azərbaycan musiqisi sədaları altında möhtəşəm şounun şahidi olublar.

Bir sözlə, pirotexnika şousunda musiqi işıq effektləri ilə ideal formada uyğunluq yaradaraq vahid kreativ konsepsiya təqdim edib. Kannda keçirilən builki ənənəvi “Pirotexnika sənəti” festivalında Azərbaycanla yanaşı Polşa, Fransa, İngiltərə və Argentina da iştirak edir. Bu şou Kannın yay mövsümünün ən yaddaqalan hadisələrindən hesab edilir. Qalibin müəyyənləşdirilməsində isə mövzunun orijinallığı, şounun quruluşu, musiqinin keyfiyyəti, onun işıq effektləri vəhdəti və digər meyarlar nəzərə alınır.

Bu festival Kannda ilk dəfə 1967-ci ildə keçirilib. 1998-ci ildə bu şou pirotexnika sahəsində ən əlamətdar və böyük tədbirlərdən biri olub. Bir neçə gün davam edən atəşfəşanlıq şousu festival qalibinin şəninə təşkil edilən yekun atəşfəşanlıqla başa çatır. Ölkəmizin təqdim etdiyi builki şou orijinallığı ilə seçilərək Kann şəhər sakinləri və buraya dünyanın müxtəlif ölkələrindən gələn turistlər üçün əsl atəşfəşanlıq bayramına çevrilib, onların xatirində heç vaxt silinməyəcək xoş izlər buraxıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR