Ceyms Uorlik: “Münaqişə kəskinləşə bilər, qorxuruq”
Bizi izləyin

Nida.az

Ceyms Uorlik: “Münaqişə kəskinləşə bilər, qorxuruq”

“Biz bu il Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü səbirsizliklə gözləyirik”.


Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Rusiyanın “Vedomosti” nəşrinə müsahibəsində deyib.


Həmsədrlərin Moskva səfərini şərh edən C. Uorlik bildirib ki, ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yollarının axtarışına davam etməlidir: “Biz Moskvada bunu bir daha təsdiq etdik. Bu il prezidentlərin görüşünü səbirsizliklə gözləyirik. Lakin görüşün uğurlu olması üçün müzakirəni hazırlamalıyıq. Həmsədrlərlə bu məsələni müzakirə etdik”.


Amerikalı həmsədr qeyd edib ki, Rusiya uzun müddət Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün aparılan danışıqlarda aktiv iştirak edir: “Biz konkret prinsiplər və nizama salınma elementləri haqda danışırıq. Onlardan bir çoxu Dmitri Medvedevin həyata keçirdiyi danışıqlar zamanı irəli sürülüb. O zaman nələrin edildiyi haqda müzakirələr gedir. Yəni biz yeni yanaşmaları ixtira etməyə çalışmırıq. O zaman nail olunan bir sıra əhəmiyyətli məsələlər haqda danışıqları davam etdirməyə çalışırıq. Bura Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması, Dağlıq Qarabağın statusu, qaçqınların vəziyyəti, təhlükəsizliyinin zəmanəti kimi məsələlər daxildir. Biz bütün bu məsələlərə kompleks olaraq baxırıq”.


C. Uorlik Minsk qrupunun 23 il fəaliyyət göstərməsinə baxmayaraq, real nəticələrə nail olmadığını bildirib: “Bu format müzakirələrə, dialoqa imkan yaradır. Bu həqiqətdir ki, böyük məyusluq baş verir, xüsusilə regionun özündə. Çünki regionun sakinləri artır iki onillikdir ki, bu münaqişəyə şahidlik edir. Atəşkəsə tam şəkildə əməl olunmur. Bu, bizdə qorxulara səbəb olur. Lakin hesab edirik ki, sülh əldə oluna bilər. Bu da yalnız danışıqlar yolu ilə mümkündür. Vaşinqton və Moskva bu prosesdə iştirak etməyə davam edir və biz gələcəkdə razılaşmaya gətirib çıxaracaq bütün elementləri araşdırırıq”.


Amerikalı həmsədri münaqişənin yenidən kəskin şəkildə gərginləşə biləcəyi ehtimalını istisna etməyib və bundan qorxduqlarını etiraf edib.


“2014-cü il çox təhlükəli oldu. Hər iki tərəf toqquşmalarda itkilər verdi. 2015-ci ilin yanvarında itkilər daha da böyüdü. Bu, son 20 il ərzində ən təhlükəli anlar idi. Ona görə də münaqişənin genişlənə biləcəyindən ehtiyat etməyə əsaslar var. Buna görə də danışıqlar yolu ilə həll variantını tapmaq və atəşkəs rejiminin qorunub saxlanılması üçün birlikdə işləmək əhəmiyyətlidir. Çünki bu, təhlükəli və qanlı münaqişədir. Biz Azərbaycan və Ermənistan tərəfinin silahlanmaya xüsusi diqqət yetirdiyini anlayırıq, hər iki ölkə təhlükəsizliyinin qeydinə qalır. Lakin bu, eyni zamanda hərbiləşməni gücləndirir, təmas xəttində gərginliyi artırır. Çünki vaxtilə atəşkəs kiçik çaplı silahlar və snayperlərlə pozulurdusa, indi biz orada ağır silahların işə salındığını bilirik. Bu bizi ciddi şəkildə narahat edir. Digər tərəfdən hərbi balansın pozulması bizi narahat edir və biz istəmirik ki, hansısa ölkə digərindən daha güclü olsun. Bu istiqamətdə də danışıqlar aparırıq. Buna görə də Ermənistan danışıqlar prosesində iştirakını davam etdirməlidir. İşğal edilmiş ərazilər ümumi nizama salınma çərçivəsində Azərbaycanın idarəçiliyinə qaytarılmalıdır. Lakin bəzi amillər də var. Sadəcə olaraq, biz həmişə münaqişənin kompleks həllindən danışırıq. Kimlərsə hansısa müddəaları əsas gətirib iddialar irəli sürə bilər. Amma dediyim kimi, bu, ümumi məsələdir. Nizama salınma elementlərindı təhlükəsizlik zəmanətləri əsas olmalıdır. Bu da beynəlxalq sülhməramlıların iştirakına zərurət yaradır. Nə vaxt ərazilər qaytarılacaq, insanlar geri dönəcək, o zaman Dağlıq Qarabağın təhlükəsizliyini təmin etmək üçün beynəlxalq sülhməramlılar bu prosesdə iştirak edəcəklər”, - deyə C. Uorlik vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm