Cənubi Qafqazın xəritəsi dəyişir: bir ölkə məhv olacaq – TƏHLİL
Bizi izləyin

Nida.az

Cənubi Qafqazın xəritəsi dəyişir: bir ölkə məhv olacaq – TƏHLİL

Cənubi Qafqaz ölkələrindən biri xəritədən silinəcək.


1990-cı illərdə rus politoloqlarının irəli sürdüyü bu tezis SSRİ ağrısından doğan fikirlər kimi qəbul olunurdu. Lakin 20 il sonra baş verənlər regionun üç ölkəsindən birinin – Ermənistanın məhv olacağı və dünya xəritəsindən silinəcəyi ehtimallarını artırır.


Hər bir ölkənin ayaqda dayanmasını şərtləndirən əsas amil iqtisadiyyatdır. Bəsit desək, aclıq nəinki bir ölkənin, ümumilikdə dünyanın məhvinə gətirib çıxara bilir. Bu gün Ermənistanda yaşanan iqtisadi çöküş “məhv olma prosesinin” başladığını göstərir.


Erməniləri yunanların taleyi gözləyir


Bu günlərdə Avropanın ən qədim dövlətçilik ənənələri olan Yunanıstanda pensiyaçının bankın qarşısında oturub ağlaması görüntüləri bütün dünyaya səs-küy saldı. Bu, iqtisadi böhranın ən əyani fotosu idi. Yunanıstan texniki defolt elan etdi, hazırda Avropa Birliyinin ağır şərtli kreditlərinə ümidini bağlayıb.

Ekspertlərə görə, yaxın günlərdə eyni foto İrəvan küçələrində də çəkilə bilər. Hansı ki, artıq bunun siqnalları gəlməkdədir.

“Jubilee Debt Campaign” təşkilatının hazırladığı hesabatda 20 ölkəni Yunanıstanın taleyi gözlədiyini qeyd olunur. Bu siyahıda Ermənistanın adı ilk sıralardadır.

Çünki hər bir ölkənin defoltu ilk növbədə xarici borcun şişməsi ilə başlayır. Yunanıstan buna ən bariz nümunədir. Cənubi Qafqazda isə eyni vəziyyət məhz Ermənistandadır. Hazırda bu ölkənin xarici borcu 4,6 milyard dollara qədərdir. Bu, ümumdaxili məhsulun 52,8 faizini təşkil edir. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2020-ci ilə qədər xarici borc ÜDM-in 62 faizinə bərabər olacaq. “Dövlət borcu haqda” qanuna görə, Ermənistanın xarici borcu 60 faizdən yuxarı olmamalı idi. Lakin qanuna edilən son dəyişiklikdə bu baryer götürüldü və hökumətin borcları dövlət borcları siyahısına salındı. Yerli ekspertlərə görə, bu Mərkəzi Banka istədiyi qədər borc götürmək imkanı yaradır. Ölkədəki iqtisadi vəziyyət isə xarici borcun 60 faiz baryerini aşarsa, bu, birbaşa defolt deməkdir. Artıq proqnozlar bu prosesin başladığını göstərir.


Hazırda Ermənistanda kasıblıq pik həddə çatacaq. Rəsmi rəqəmlərə görə, artıq 40 faizi keçib. Lakin ekspertlər bunun 50 faiz olduğunu deyir. Əhalinin hər iki nəfərindən biri kasıb təbəqəyə daxildir.


“Legatum Institute” təşkilatının ötən ilin sonunda hazırladığı “Prosperity Index” reytinqinə görə, Ermənistan firavan ölkələr arasında 95-ci sırada qərarlaşıb. Ümumdünya rəqabət qabiliyyətinin analiz edildiyi “The Global Competitiveness Report 2014-2015” nəticələrinə görə isə Ermənistan 6 pillə geri gedərək 144 dövlət arasında 85-ci olub.

“Walk Free Foundation” təşkilatının son hesabatında qeyd olunur ki, əhalinin sayına nisbətdə qul əməyindən istifadə edən ölkələr arasında Ermənistan 81-ci yerdədir.


Erkən yaşda işləməyə məcbur olmuş və buna görə də təhsil ala bilməyən uşaqlar, yüksək məbləğdə borclandıqlarına görə iş yerlərini tərk edə bilməyən insanlar, heç bir hüquqa sahib olmayan ev xidmətçiləri kimi işləyən qızlar və qadınlar”. Təşkilatın hesabatında qul əməyi bu cür təsvir olunur.


Amma hazırkı situasiyanın daha acınacaqlı olduğu bildirilir. Buna əsas yaradan səbəblər isə müxtəlifdir. Birincisi, Rusiya iqtisadiyyatında müşahidə olunan geriləmə birbaşa Ermənistana da təsir edib. Erməni miqrantların köçürmələri kəskin şəkildə azalıb. İkincisi, Avrasiya İttifaqına qoşulandan sonra dram dollara nisbətdə sürətlə dəyərini itirib. Belə ki, büdcədə 1 dollar 411 drama bərabər götürülsə də, artıq dəyərini 5 faiz itirib.

Üçüncüsü, xarici borc artır. Dördüncüsü isə əhalisinin aclıqdan əziyyət çəkməsinə baxmayaraq, İrəvan rejimi silahlanmaya külli miqdarda pul xərcləyir. Yerli ekspertlərin fikrincə, Serj Sarkisyan hakimiyyəti Dağlıq Qarabağ faktorundan varlanmaq üçün istifadə edir. Belə ki, büdcənin pulları silah almaq adı altında Sarkisyanın və bir qrup oliqarxın cibinə axır. “Bonn International Center for Conversion”-nin hazırladığı “Qlobal silahlanma indeksi 2014” məruzəsində əvvəlki illərlə müqayisədə Ermənistanın silahlanma reytinqi 724 baldan 783 bala yüksəlib və silahlanma yarışında bu ölkə 3-cü yerdə qərar tutub.


Ermənistanın tanınmış iqtisadçısı Vaan Xaçatryan isə hesab edir ki, Sarkisyan iqtidarı bütün pulları ölkədən çıxarır.


Serj Sarkisyan iqtidarının ölkədən qanunsuz yolla çıxardığı 5.7 milyard dollar Ermənistanın kasad büdcəsinə xeyli ziyan vurub”, - deyə o bildirib.


Ölkədə iqtisadi çöküş əhalinin sürətlə miqrasiya etməsinə səbəb olub. Bu da işçi qüvvəsinin azalması və sənayenin məhv olması ilə nəticələnir. Bir neçə gün öncə Rusiya rəsmilərinin yaydığı məlumatda deyilir ki, Rusiyaya işçi vizası ilə MDB ölkələrindən ən çox Ermənistan vətəndaşları gedir.

“Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zoqrabyan Ermənistanda hər gün bir kəndin boşaldığını bildirib. Onun sözlərinə görə, hər gün 300-400 nəfər ölkəni tərk edir.


Ermənistan miqrasiya xidmətinin rəisi Qaqik Yeganyan bildirib ki, indiyə qədər Ermənistanı 1,5 milyon insan tərk edib. Orta hesabla hər il 100 mindən çox insan ölkədən gedir. Məlumatlara görə, orta məktəblərdə 600 mindən çox şagird yeri boş qalıb.

Son məlumatlara görə, Ermənistanda 1,6 milyon qadın (52 faiz) və 1,4 milyon kişi yaşayır. Əhalinin 1 milyon nəfərdən çoxunun (40 faiz) orta təhsili, 500 min nəfərinin (20 faiz) ali təhsili var. Ermənistan əhalisinin cəmi 600 min nəfəri işləyir. Kənd təsərrüfatı ilə 300 min nəfər, digər işlərlə 89 min nəfər məşğul olur. Ölkədə 1.3 milyon vətəndaşın ailə himayəsində yaşaması da diqqət çəkir. Ailələr, adətən, iki uşaqla kifayətlənir. Yalnız kənd yerlərində 3 uşaqlı ailələrə rast gəlmək mümkündür.

Bu ölkədə korrupsiya məişət həyatından tutmuş rəhbərliyə qədər hər yerdə var. Misal üçün, hər il 65 min insan əlillik qrupu almaq və ya qrupuna yenidən baxmaq üçün rüşvət verir. Sözügedən sahədə anarxiya hökm sürür. Məmurların süründürməçilik siyasəti nəticəsində əlil vətəndaşların hüquqları pozulur. Tibb müəssisələrində bir ərizə üçün 20 min dramadək pul tələb edilir. Əlillik aşkar edilmədikdə 200 min drama əlillik qrupu almaq mümkündür.


Acınacaqlı vəziyyət Ermənistan ordusunda da hökm sürür. ABŞ-da fəaliyyət göstərən “Policy Forum Armenia” təşkilatının hesabatında bu barədə deyilir:Ordudakı sistematik rüşvətxorluq və korrupsiya hallarına görə ordu üçün ayrılmış resursların qeyri-səmərəli istifadəsi, mənimsəmə və israfçılıq, silahlı qüvvələrin idarə olunmasının aşağı səviyyədə təşkili, nepotizm, şəxsi heyətin qüsurlu şəkildə komplektləşdirilməsi, ordu içərisində dövlət maraqlarını öz şəxsi və klan maraqlarına tabe etdirən xüsusi maraq qruplarının formalaşması, demokratiya pərdəsi altında hakim kriminal-oliqarx sistemin yaranması, hakimiyyəti gücləndirmək üçün qeyri-konstitusion əsasda ordudan istifadə olunması və sair. Bütün bunlar Ermənistan ordusu üçün adi hal alıb”.


Ordudakı özbaşınalıq, “dedovşina” halları erməni əsgərlərinə iki yol buraxır: intihar və fərarilik.

Hər il intiharların sayı daha da artır. Burada əsas faktor əsgərlərin zabitlər tərəfindən zorlanmasıdır. Statistik məlumatlara görə, Ermənistan hərbçilərinin 25 faizi homoseksualdır. Ölümlərin 80 faizi qeyri-döyüş şəraitində qeydə alınıb.

Ermənistan Hərbi Prokurorluğunun bir neçə il öncə məlumatına əsasən orduda fərarilik 74 faizdir. Hazırkı vəziyyət isə daha da acınacaqlıdır. Məhz buna görə, son illər erməni hərbçilərinin könüllü şəkildə Azərbaycana tərəf keçməsi halları artıb.

Bütün bunlar isə ölkədə sosial narazılığı artırıb. İyunun 23-də başlanan kütləvi aksiyalar da buna nümunədir. İrəvan rejimi kütləvi aksiyaları polis gücünə yatırmağa çalışsa da, bu, əvvəlki effekti vermir. Artıq bir neçə günlük fasilələrlə aksiyalar davam etməkdədir.

Göründüyü kimi, 20 il öncə rus politoloqlarının dediyi Ermənistan Cənubi Qafqaz xəritəsindən silinmək vəziyyətindədir.


Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı Ermənistandakı vəziyyəti dəqiqliklə analiz edib.


Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində heç bir irəliləyiş yoxdur. Ermənistan sadəcə olaraq danışıqlar prosesini boykot edir və çalışır ki, bu məsələni maksimum dərəcədə uzatsın. Ancaq məsələ uzandıqca Ermənistan daha da çox tənəzzülə uğrayır. Qeyd etdiyim kimi, ölkə dərin siyasi, mənəvi, psixoloji və maliyyə böhranı içindədir. Ölkənin inkişafı üçün heç bir resurs yoxdur. İqtisadiyyat çöküb, sənaye ölüb, insanlar ölkəni tərk edir, yəni, insan resursları da yoxdur. Belə getsə gələcəkdə Ermənistan kimi ölkə bəlkə də dünya xəritəsində heç olmayacaq da. Əgər belə olarsa, bunun günahkarı ancaq bugünkü kriminal diktatura rejimidir”, - deyə dövlət başçısı vurğulayıb. Qeyd edib ki, Azərbaycan güclənir, iqtisadi, siyasi və hərbi qüdrətini artırır.


Əslində rəsmi Bakının ərazi bütövlüyünü hərbi yolla həll etmək üçün gözləməsinin səbəblərindən biri də budur. Yəni elə bir situasiya yetişəcək ki, heç bir itki verilmədən işğal olunmuş ərazilər geri qaytardılacaq.


a) Ermənistanın düşdüyü vəziyyətdə dövlət olaraq varlığı sual altına düşəcək.

b) Ermənistan əhalisi aclıq çəkməsinin əsl səbəbinin mövcud rejimdə olduğunu tamamilə anlayacaq və ölkənin inkişaf etməməsinin əsas səbəbinin məhz işğalçılıq siyasəti olduğunu dərk edəcək. Beləliklə, sadə ermənin əhalisi küçələrə “Qarabağı qaytar” şüarları ilə çıxacaq.

c) Sadə Erməni əhalisi bütün çətinliklərdən bezərək, Azərbaycan kimi inkişaf etmiş ölkədə yaşamaq istəyini açıq şəkildə dilə gətirəcək.


Rəsmi Bakının apardığı blokada siyasətinə istinadən proqnozlaşdırdığı bütün bu məsələlərin reallaşması üçün artıq vaxt yetişir.

Ermənistanın dövlət olaraq varlığı sual altındadır, əhali defolt təhlükəsi ilə üz-üzə qalan ölkənin inkişaf etməməsinin əsas səbəbi kimi İrəvan rejimi və onun apardığı işğalçı siyasət olduğunu dərk edir və onlarda Azərbaycan kimi ölkədə yaşamaq istəkləri baş qaldırır. Ermənistan əhalisinin hələ ki dilə gətirməkdən çəkindiyi bu fikirləri yaxın günlərdə İrəvan küçələrində eşidə bilərik.

Bu isə Azərbaycanın ərazi bütövlüyünü bərpasını sürətləndirir, Cənubi Qafqaz regionuna sabitlik bəxş edir və sadə erməniləri hazırkı vəziyyətdən xilas edir. Yaxın vaxtlarda bunları müşahidə edəcəyimiz ehtimalları yüksəkdir.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm