Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki
Bizi izləyin

Nida.az

Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbriki

Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə xalqımızı təbrik edib.

Təbrikdə deyilir:

"Hörmətli həmvətənlər!

Mübarək Ramazan bayramı münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq, mərhəmət, şəfqət və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir. İnsanların qəlbini və ruhunu ilahi hikmətlərlə nurlandıran bu bayram günlərində mömin vətəndaşlarımız din qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirir, mənəvi zənginliyin, əxlaqi kamilliyin sevincini yaşayırlar.

Bu günlər ölkəmizin hər yerində xalqımızın əmin-amanlığı üçün dualar səslənir, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. İ ki, bu müqəddəs bayram günlərində sizin dua və diləkləriniz, saf niyyətiniz Tanrı dərgahında qəbul ediləcək, Uca Yaradan öz mərhəmətini sevimli xalqımızdan əsirgəməyəcəkdir.

Əziz bacı və qardaşlarım!

Bu müqəddəs bayramın dövlət səviyyəsində qeyd edilməsi bizim multikultural və tolerant prinsiplərə necə yüksək qiymət verməmizi nümayiş etdirir. Bu gün biz dünyaya bir daha qəlbimizdəki milli dəyərlərə sadiq olduğumuz qədər bəşəri dəyərləri də yaşatdığımızı bəyan edirik. Dini, milli rəngarəngliyimizi mənəvi bütövlüyümüzün zənginliyi kimi qəbul edirik. Elə buna görə də bu əziz gün münasibətilə hər bir vətəndaşımıza, ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi bayram təbriklərimi çatdırır, ailələrinizə firavanlıq və xoşbəxtlik, süfrələrinizə xeyir və bərəkət arzulayıram.

Ramazan bayramınız mübarək olsun!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm