“Xocalını kim satdı?” sualı yenidən gündəmdə: keçmiş hərbçilərdən sərt ittihamlar
Bizi izləyin

Nida.az

“Xocalını kim satdı?” sualı yenidən gündəmdə: keçmiş hərbçilərdən sərt ittihamlar

AXC zamanı daxili qoşunların komandanı olmuş Fəhmin Hacıyevlə həmin dövrdə batalyon komandiri və hərbi polis şöbəsinin rəisi vəzifəsində çalışmış Camal Əhmədov arasında qarşıdurma yaşanıb.


Publika.az xəbər verir ki, tərəflərin bir-birinə 1992-ci ilin fevralın 22-də Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək üçün nəzərdə tutulan əməliyyat və onun kim tərəfindən pozulması kontekstində ittihamlar yağdırıb.


F. Hacıyev bildirib ki, Xocalıda vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək üçün hərbi əməliyyat hazırlanıb: “Sonradan bu əməliyyatın həyata keçirilməsinə o zamankı prezident Mütəllibov razılıq verməyib. Bu məlumatı mən o zamankı müdafiə naziri Şahin Musayevdən almışam”.


Camal Əhmədov isə F. Hacıyevi Xocalıya kömək əməliyyatı müşavirəsi zamanı təxribat törədib müşavirəni və hücumu pozaraq, faciənin miqyasını böyüməsinin baiskarı kimi təqdim edib. O, keçmiş komandana Uzundərə bazasını ermənilərdən almaq məqsədi ilə hazırlanan əməliyyat planını xatırladıb.


“1992-ci ilin fevralın 21-də prezidentin xüsusi səlahiyyətli nümayəndəsi Musa Məmmədovun rəhbərlik etdiyi Ağdam mərkəzi qərargahında toplaşaraq, Xocalının xilası məqsədi ilə Əsgəran istiqamətində hücum planının növbəti dəfə müzakirə etməyə başladıq. Müzakirələrdə Xocalının prokuroru Atakişi Atakişiyev, Daxili İşlər İdarəsinin Qarabağ rəisi, polkovnik Şahin Cahangirov, onun müavinləri Elyaz Həsənov və Ramil adlı mayor iştirak edirdi. Onlar “Xocalıya yol açılmasa, xocalılar son nəfərə qədər məhv ediləcək” deyə haray salırdı, dövlət rəhbərlərindən tədbir görmələrini tələb edirdilər. Tamerlan Qarayev, Rövşən Cavadov və Fəhmin Hacıyev də Ağdamda idilər. Fasilə zamanı Rövşən Cavadovla Tamerlan Qarayev məni qərargahın digər bir otağına dəvət edərək, Xocalının xilas edilməsi üçün Uzundərə hərbi bazasının ələ keçirilməsinin vacibliyi barədə Ayaz Mütəllibovun müsbət fikri olduğunu dedilər və döyüş əməliyyatı planı tərtib etməyimi məndən xahiş etdilər.

Birbaşa hərbi hücumla həmin bazanın ələ keçirilməsinin qeyri-mümkün olduğunu, əks halda, hücumun çoxsaylı insan tələfatı və bazanın partladılması ilə nəticələnəcəyinə bildirdim. Əməliyyatı fevral ayının 22-də gündüz saat 12-də həyata keçirəcəyimizi, təkbaşına bazaya daxil olaraq bütün hərbi qarovul dəstəsini aldadıcı manevrlə tərksilah edəcəyimi, bütün əsgər və zabitlərin xidməti silahları saxlanan 75139 məxfi şifrəli qarovul binasına daxil olaraq həmin silahları ələ keçirib bazanın komandanlığına döyüşsüz təslim etmək barədə ultimatum verəcəyimi dedim. Bildirdim ki, plan baş tutduğu halda havaya yaşıl rəngdə fişəng buraxacağıq. Bundan sonra isə silahlı dəstələrimizin maneəsiz bazaya daxil olacağı, hərbi bazanın Şirin Mirzəyevə təhvil veriləcəyi ilə razılaşdırdıq.

Əgər havaya yaşıl fişəng buraxmasaq, deməli, ələ keçdiyimiz və ya öldürüldüyümüz bəlli olacaqdı. Bunun üçün əməliyyatı dayandırıb silahlı qüvvələri geriyə çəkilməli olduğu razılaşdırıldı. Biz bunu bacardıq, baza ələ keçirildi və Müdafiə Nazirliyinə təhvil verildi. Bununla da hücumu bütün resurslarla təmin edilmişdi. Lakin Xocalıya kömək etmək sizlərin məkr və hiylələrinizə zidd idi. Ona görə də, sən kimdənsə əməliyyat planını pozmaq komandası almışdın. Əməliyyat planını pozdun, qaçıb gizləndin, Xocalı faciəsindən istifadə edərək Mütəllibovu devirdiniz”, - deyə o, F. Hacıyevi ittiham edib.


Fəhmin Hacıyev isə ittihamlara cavab verərək, C. Əhmədovun yalan danışdığını deyib: “Camal, yenə gözünün içinə qədər yalan danışırsan. Əvvəla, iclası mən deyil, karyer Qasımla Şahin pozub. İkincisi, mən demişəm ki, hərbçilərin hazırladığı planı Şahin Musayev təsdiq edəcək. Digər tərəfdən, Bakı əməliyyat keçirilməsinə icazə verməyəcək. Sizdən soruşuram, 24-27 tarixlərində harada idiniz, ey “xalqa yanan qəhrəman”. Niyə Uzundərədə istehkam alayına hücum edib təxribat etdiniz? Niyə imkan vermədiniz ki, F. Bəxşəliyev və F. Asif digər qüvvələrlə döyüşə getsin? Məgər Uzundərəyə və istehkam alayına ermənilər hücum edirdi? Erməni mövqelərindən 70-80 kilometr uzaqlıqda olan obyekti ələ keçirməyə həmin gün nə ehtiyac var idi? Hücum Xocalıya idi, ora müdafiə olunmalı idi.

Sizlər isə Bərdə yolu üzərində olan anbarı qorumağı daha üstün tutdunuz. Budur əsl simanız. İndi də özünüz kimi bir neçə nəfəri misal kimi göstərirsiniz. Unutmayın, hadisələrin vicdanlı şahidləri, rəsmi sənədlər və hərbi ekspertizanın rəyi var. Mən sizə təşəkkür edirəm ki, yazdığınız “kitabda” törətdiyiniz cinayətləri etiraf etmisiniz. İndi söz məhkəmənindir. Uzundərədən çıxardığınız silahların Xocalıya kömək üçün verdiyiniz barədə dedikləriniz də ağ yalandır. Xocalı Şamaxıda, Ucarda, Ağsuda yerləşmirdi”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm