Moskva: “Azərbaycan heç kimin hökmü altına düşməyəcək”
Bizi izləyin

Nida.az

Moskva: “Azərbaycan heç kimin hökmü altına düşməyəcək”

“Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasətini həyata keçirir və bu ölkə heç vaxt kiminsə hökmü altına düşməyəcək”.


Publika.az xəbər verir ki, bu barədə Moskva Dövlət Universitetinin qafqazşünaslıq mərkəzinin rəhbəri, siyasi ekspert İsmayıl Ağakişiyev deyib.


Ekspert I Avropa Oyunları zamanı bəzi Avropa Birliyi ölkələrinin Azərbaycana qarşı apardığı informasiya müharibəsinə toxunub: “Qərb ölkələrinin özlərinə artıq ideal olaraq baxmaq lazım deyil. Biz sovet vaxtı başqa ölkələrin Avropa ilə əlaqələrinə çox ideal olaraq baxırdıq. Hesab edirdik ki, hər şeyi öz ölkəmizin daxilində tapa bilmirik. Lakin Sovet İttifaqı dağıldı və Azərbaycan 1994-cü ildə Avropa ilə bərabərhüquqlu şəkildə neft müqavilələri imzaladı. Lakin Avropa şirkətləri yalnız öz gəlirlərini düşünürlər. Allaha şükür ki, o zaman Azərbaycanın rəhbəri Heydər Əliyev idi və o, ölkənin maraqlarını qorumağı bacardı, iqtisadi dirçəliş yaşandı, “Əsrin Müqaviləsi” birbaşa dövlətin möhkəmlənməsi və uğurlu gələcəyinə xidmət etdi. Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olaraq, bütün Avropa ölkələri ilə bərabərhüquqlu münasibətlərə hazır olduğunu göstərdi. Azərbaycan ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin həllini düşünürdü. Lakin əfsuslar olsun ki, Qərb regionun problemlərindən ölkələrə qarşı təzyiq kimi istifadə etməyə başladı”.


Ekspert vurğulayıb ki, I Avropa Oyunları zamanı Avropanın ziddiyyətli siyasəti üzə çıxdı: “Bu oyunların Bakıda keçirilməsini Avropa özü istəmişdi. Lakin oyunlar zamanı müxtəlif dairələr Azərbaycanı qaralamağa başladılar. Eyni üsul Soçi Olimpiya Oyunları zamanı Rusiyaya qarşı da tətbiq olunurdu. Lakin ölkə idmanın ən yüksək səviyyəsini nümayiş etdirdi. Avropa Oyunları zamanı mən Bakıda idim və yüksək təşkilatçılığı əyani şəkildə gördüm. Amma Avropa bundan siyasi təzyiq kimi istifadə etməyə çalışdı və nəticə olaraq, heç nəyə nail ola bilmədi”.


Almaniya Bundestaqının Azərbaycana qarşı qətnaməsinə Prezident İlham Əliyevin sərt münasibətinə toxunan İ. Ağakişiyev Azərbaycanın haqlı olduğunu bildirib.


“Prezident İlham Əliyev həmişə müstəqil siyasətçi olub. Onun üçün əsas məsələ öz xalqının maraqlarına xidmət etməkdir. O, xalqın prezidentidir. Əlbəttə, ortada biznes maraqları var və Azərbaycan öz enerji resurslarını həmişə satacaq. Lakin biznes maraqları ədalətsizliyə göz yummağa əsas yaratmır. Azərbaycan Prezidenti də bunu edir. O, haqsız iddiaları qəbul etmir və öz xalqının maraqlarını sona qədər müdafiə edir”, - deyə o, diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm