Çin Cənubi Qafqaza gəlir: güc balansı kimin xeyrinə dəyişəcək?
Bizi izləyin

Nida.az

Çin Cənubi Qafqaza gəlir: güc balansı kimin xeyrinə dəyişəcək?

Çin Cənubi Qafqazı təsir dairəsinə almaq uğrunda mübarizəyə başlayır.


Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Huffington Post” nəşrində dərc olunan məqalədə qeyd olunub. Məqalədə bildirilir ki, Pekin İpək yolunun son nöqtəsi olan bu regiona Avropa ilə Avrasiya arasında təbii körpü olaraq baxır: “Çin regiona təsir imkanı uğrunda hər kəslə danışığa getməyə hazırdır. O, klassik üslublardan çəkinərək, hər üç ölkə ilə əlaqələrini düzəldir və bunu heç birində narazılıq doğurmadan edir. Ermənistanla Pekinin əlaqələri ikitərəfli münasibətlər səviyyəsindədir. Bu ilin mart ayında Serj Sarkisyanın Pekinə səfərindən sonra bu münasibətlər artıb. Bu, İrəvana Rusiya məngənəsindən qurtulmağa da imkan verə bilər. Lakin bu o demək deyil ki, Moskva Ermənistanın Çinlə yaxınlaşmasına göz yumacaq. Eyni zamanda, Çin təkcə Ermənistanla münasibət qurmur”.


Nəşr Çinin son dövrlər Azərbaycanla əlaqələrinin daha yüksək səviyyəni əhatə etdiyini yazır.


“Bakı 2008-ci ildə BMT-də Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması haqda qətnamənin Çin tərəfindən dəstəklənmədiyini unutmayıb. Bununla belə Çin Azərbaycan və Gürcüstanı erməni alternativinə qurban vermir və hər üç ölkə arasında balans saxlamağa çalışır. 2013-cü ildə Çinin Azərbaycana qoyduğu investisiya da az deyil. Digər tərəfdən, Qərbdən fərqli olaraq Pekin bu ölkənin daxili işlərinə qarışmır. Azərbaycan və qonşu ölkələr bu amili hörmət əlaməti kimi qəbul edir. Axı bu, Avropa və Amerikanın lovğalığından uzaqdır”.


Məqalədə Çinin Gürcüstanla da əlaqələrə xüsusi önəm verdiyi qeyd olunur: “Halbuki bu ölkə qərbyönümlü istiqamət seçib. 2013-cü ildə Pekin bu ölkəyə 597 milyon dollar investisiya yatırıb. Bu gün Çin Türkiyə və Azərbaycandan sonra Tiflisin üçüncü iqtisadi partnyorudur. Son dörd il ərzində investisiya əhəmiyyətli dərəcədə artdı. Çinlilər nəqliyyat, energetika və səhiyyəyə maraq göstərir. Bu, Gürcüstan üçün geosiyasi planda əhəmiyyətlidir. Çünki Gürcüstan Rusiya qarşısında müdafiəsiz qalanda Qərbin etibarsız üzünü gördü. Uzaq perspektivdə isə Çin etibarlı tərəfdaş kimi görünür”.


Nəşr Çinin yeni tip güc dövləti nümunəsini təqdim etdiyini yazır.


“Pekin ölkələrə daha çox konstruktiv diplomatiya ilə təsir etməyə çalışır, “klassik” lovğalığın içində batıb qalmır. Çinin konstruktiv mövqeyi Qərb və Rusiyadan fərqli olaraq ona Bakıda, Tiflisdə və İrəvanda dostlar qazanmağa imkan verəcək. Bundan başqa, Çinin Cənubi Qafqaz siyasətində digər dövlətlər – İran, Türkiyə və Rusiya onu təhlükə kimi görmür”, - deyə məqalədə vurğulanır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm