• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Şuşada biznes qurmaq istəyən rus biznesmen İnterpola verilir

  • Nida.az
  • 23 İyul 2015 16:18
  • 573 Baxış
Şuşada biznes qurmaq istəyən rus biznesmen İnterpola verilir

Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiya vətəndaşı German Sterliqovun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizə məlum səfəri, orada Azərbaycan dövləti və ərazi bütövlüyünə qarşı etdiyi çıxışlar və çağırışlarla bağlı “Exo Moskvı” radiosunun canlı efirində müsahibə verib.


Rusiyadakı səfirliyimizdən Publika.az-a verilən məlumata görə, müsahibə zamanı aparıcı Vladimir Varfolomeyev Azərbaycan Baş Prokurorluğu tərəfindən G. Sterliqova qarşı cinayət işinin qaldırılmasının səbəbləri ilə bağlı sual verib.

Suala cavab olaraq P. Bülbüloğlu bildirib ki, Dağlıq Qarabağ rəsmi olaraq bütün dövlətlər tərəfindən, o cümlədən Rusiya Federasiyası tərəfindən işğal olunmuş ərazi kimi qəbul olunur. Bu terminin münaqişə ilə bağlı beynəlxalq qətnamə və sənədlərdə, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə əks olunduğunu, Rusiyanın da TŞ-nin üzvü kimi bu qətnamələrə səs verdiyini, sözügedən ərazilərin de-yure Azərbaycan əraziləri olduğunu və burada Azərbaycan qanunlarının tətbiq edildiyini deyən səfir bütün dünya dövlətlərinin ölkəmizin ərazi bütövlüyünü tanıdığını qeyd edib.

Münaqişənin gec-tez həll olunacağına əminliyini vurğulayan Azərbaycanın Rusiyadakı səfiri hər bir insanın işğal olunmuş ərazilərə səfər etməklə bağlı cavabdehlik daşıdığını deyib. Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sında adları qeyd olunan şəxslərin Azərbaycan tərəfinə əsaslı müraciət edəcəyi təqdirdə, həmin şəxslərin adlarının sözügedən siyahıdan çıxarılması məsələsinə baxıla biləcəyini vurğulayıb. Lakin konkret G. Sterliqovun məsələsinə gəldikdə P. Bülbüloğlu qeyd edib ki, adıçəkilən şəxs işğal altında olan ərazilərə qanunsuz səfərdən, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi tanıtmaq cəhdlərindən əlavə, jurnalistləri, müxtəlif iş adamlarını dəvət edib ki, bu da Azərbaycan Respublikası dövlətinə, ərazi bütövlüyünə qarşı çağırış kimi qəbul olunur. Bu səbəbdən də Azərbaycan Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının “Dövlət sərhədi”, “Pasportlar haqqında” qanunlarının və ən əsası, Azərbaycan Miqrasiya Məcəlləsinin ciddi şəkildə pozulması səbəbindən cinayət işinin başlandığını söyləyən səfir G. Sterliqovun hərəkətlərini təxribat adlandırıb və münaqişə zonasında atəşkəs rejiminin pozulduğunu xüsusi vurğulayaraq Rusiya vətəndaşlarını münaqişə zonasına səfər etməkdən çəkinməyə çağırıb.

P. Bülbüloğlu G. Sterliqovun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini qeyd edərək, məsələ ilə Azərbaycan Baş Prokurorluğunun məşğul olduğunu deyib və onun cinayət məsuliyyətinə cəlb olunması üçün Azərbaycan ilə Rusiya arasında mövcud olan geniş hüquqi bazanın, həmçinin İnterpolun imkanlarından istifadə olunacağını vurğulayıb.

Canlı efir zamanı G. Sterliqovun işğal olunmuş Azərbaycan Respublikasının ərazilərinə səfəri, ölkəmizin buna sərt reaksiyası ilə bağlı sorğu aparılıb ki, burada səs verənlərin 78 faizi Azərbaycanın mövqeyini dəstəklədiklərini bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR