• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türkiyə “Suriya bataqlığının” astanasında: müharibə başladımı?

  • Nida.az
  • 24 İyul 2015 17:00
  • 1 106 Baxış
Türkiyə “Suriya bataqlığının” astanasında: müharibə başladımı?

Türkiyə Suruç terror aktından sonra faktiki olaraq Suriya müharibəsinə qoşulub. Hələlik hər şey sərhədlərdə baş verir.


İŞİD üzvü olan terrorçunun Suruçda 30-dan artıq insanın ölümü, 100-dən çox şəxsin yaralanması ilə nəticələnən hücumunun ardınca PKK sərhədlərdə türk əsgəri ilə silahlı qarşıdurmaya getdi. Bütün hücumlar dəf edilsə də, 5 əsgər şəhid oldu. Bununla yanaşı, yeni terror aktları haqda xəbərlər yayıldı, geniş miqyaslı əməliyyatlar hazırda da davam edir.


Dünən axşam düyməyə basıldı. Təhlükəsizlik şurasının dünən keçirilən toplantısından sonra Türkiyə Silahlı Qüvvələrinə məxsus 4 ədəd F-16 döyüş təyyarəsi gecə saatlarında Suriya ilə sərhəd boyunca İŞİD-in mövqelərini bombalayıb.Şəhid Yalçın hərəkatı” adlanan əməliyyat 1 saat 12 dəqiqə çəkib və uğurla yekunlaşıb.

İŞİD sərhədə yaxın kəndləri boşaldıb və sərhəd boyunca atışma davam edir. Terror qruplaşmasına məxsus snayperlərin Türkiyə hərbçilərini hədəfə aldığı deyilir. Atışmalar nəticəsində bir türk zabiti şəhid olub, iki əsgər yaralanıb. Məlumatlara görə, dünən Türkiyə Silahlı Qüvvələrinin “bordo berelilər” adlanan xüsusi təyinatlıları da Suriya ərazisinə daxil olub. 60 “bordo bereli” İŞİD terror qruplaşmasının nəzarət etdiyi Ayyaşe kəndini ələ keçirib. Xüsusi təyinatlıların hücum zamanı 100-dən artıq İŞİD üzvünü məhv etdiyi xəbərləri də yayılıb.


Artıq ox yaydan çıxıb və Türkiyə faktiki olaraq müharibə aparır. İŞİD-lə mübarizə daxildə də davam etdirilir. Belə ki, İstanbul Təhlükəsizlik Xidmətinin Terrorla Mübarizə Şöbəsi şəhər daxilində helikopterlərin də dəstək verdiyi xüsusi əməliyyat keçirib. 5 min polisin cəlb edildiyi əməliyyat zamanı 140 yaşayış ünvanında axtarış aparılıb. Məlumatlara görə, İŞİD və PKK ilə əlaqəsi ehtimal olunanlar həbs edilib. Həmçinin ölkənin 13 bölgəsində minlərlə polisin cəlb edildiyi genişmiqyaslı əməliyyatlar davam edir. Bu arada Türkiyə hökuməti PKK-ya sonuncu dəfə “silahı yerə qoyun” çağırışını etməyə hazırlaşır. Mənfi cavab alınacağı təqdirdə PKK-ya qarşı da əməliyyatlara start veriləcək.


Türkiyədə yaşanan bu çaxnaşma onu göstərir ki, 2013-cü ildən bəri bu ölkəni Suriya müharibəsinə çəkmək istəyənlər müəyyən mənada istəklərinə nail olurlar. Lakin baş verənlər xüsusi məqama diqqət çəkir.


İŞİD-in bu bölgədə ən böyük hədəfi Türkiyədir. Təbii ki, bu terror qruplaşması, yaxud onun lideri Bağdadinin məqsədi yox, onları ortaya çıxaran qüvvələrin hədəfidir. Türkiyə zəifləməli, daxili çaxnaşmalar bataqlığına sürüklənməlidir.


Bunun yolu də məhz onun Suriya müharibəsinə bu və ya digər formada cəlb olunmasından keçir. Buna qədər bu istiqamətdə addımlar atılıb.


- İraq və Suriyada türkmanlar qətlə yetirildi.
- Terror aktları törədildi.
- İŞİD Mosulu tutarkən yalnız türk diplomatlarına hücum etdi və əsir götürdü.
- Şah Süleyman türbəsinə hücum planı hazırlandı.
- “Kürd dəhlizi” ssenarisi işə salındı.
- PKK dövriyyəyə girərək Türkiyəyə qarşı addımlar atdı.


Və nəhayət, Suruçda terror aktı törədildi. Buna qədər Ankara “Suriya bataqlığı” tələsindən qurtula bilib. İndi vəziyyət başqadır. Türkiyə bu bataqlığa girməsə də, onun astanasına qədər gəlib çıxıb.


Görünən budur ki, Ankaranın əlindəki kartlar yavaş-yavaş bitmək üzrədir və Türkiyənin İŞİD-ə qarşı müharibə aparmaqdan başqa yolu qalmır. Əks təqdirdə, terror qruplaşması və onun arxasındakı qüvvələr ölkə daxilinə sirayət edir, öz köklərini genişləndirirlər. Həmçinin Türkiyə regionda qaçılmaz müharibədən kənar dayandıqca PKK öz təsir imkanlarını artırır. Bu da Ankaranın strateji maraqlarına uyğun deyil.


Hələlik müharibə Suriya sərhədlərində və daxildə aparılır. Lakin bu o demək deyil ki, türk əsgəri sərhədi keçmək məcburiyyətində qalmayacaq.

Proseslər göstərir ki, Türkiyənin geriyə addım imkanları tükənir və yaxın vaxtlarda daha genişmiqyaslı əməliyyatlar gözləniləndir.

Müharibə Türkiyəyə nə verəcək?: Ölkə hərbi itkilərə məruz qalacaq, zəifləyəcək, daxili problemlər çoxalacaq, Ərdoğan hökumətinin yola salınmasına start veriləcək və s. Ümumilikdə, Türkiyə regiona təsir gücünə malik olan ölkədən müharibə aparan və daxili problemlərlə məşğul olan ölkəyə çevrilə bilər. Bu isə İŞİD-in və PKK-nın əl-qolunu açacaq. Xüsusilə Türkiyə sərhədləri yaxınlığında kürd dövlətinin yaranmasının qarşısındakı əngəllər götürüləcək. Təbii ki, bu, Türkiyəyə sərf etmir. Lakin baş verənlərə müşahidəçi qalmaq da regiondakı təsir imkanlarına zərbə vurur və kənar hücumlara məruz qalır.


Hazırda Türkiyə hökuməti Suriya ilə 900 kilometrlik sərhəd xəttini gücləndirmək planlarını açıqlayıb, eləcə də sərhəd boyunca və daxildə İŞİD-lə mübarizə aparır. Bunun konkret hansı nəticələrə səbəb olacağı yaxın zamanlarda bəlli olacaq.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR