Azadlığa çıxan “Ərgenekon”çulardan ilk AÇIQLAMALAR - FOTO
Bizi izləyin

Nida.az

Azadlığa çıxan “Ərgenekon”çulardan ilk AÇIQLAMALAR - FOTO

Azadlığa çıxan “Ərgenekon”çulardan ilk AÇIQLAMALAR - FOTOLAR

“Əsas hədəf Türkiyə dövlətini çökdürmək və bitirməkdir”

Türkiyədə “Ergenekon iddiası” məsələsinə görə həbs olunmuş Kemal Kerinçsiz, Sedat Peker, istefada olan polkovnik Levent Göktaş, İbrahim Şahin, Doğu Perinçek, Yalçın Küçük, Merdan Yanardağ, Hasan İğsız və Aleattin Sevim azadlığa çıxan kimi mediaya açıqlama veriblər.

Publika.Az-ın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, İstanbul 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə azad olunan vəkil Kemal Kerinçsizi həyat yoldaşı Gönül Kerinçsiz və yaxınları qarşılayıb.

Jurnalistlərə açıqlama verən K.Kerinçsiz 22 yanvar 2008-dən həbsdə olduğunu və bu uzun fasilədən sonra mübarizəsini yenə də davam etdirəcəyini söyləyib.

Mustafa Kamal Atatürkün əsgəri olan Mahmut Esad Bozkurtun varisi olaraq qaldığı yerdən mübarizəsini davam etdirəcəyini vurğulayan K.Kerinçsiz 6 il 2 aylıq həbsin onu əsla mübarizəsindən geri döndərməyəcəyini bildirib.

K.Kerinçsiz vətənpərvər insanlara da müraciət edərək deyib ki, “Ərgenekon” hadisəsi əvvəlcədən hazırlanmış plan idi: "2001-ci ildə başlayan bu planın icrasına da həmin ildə başlanılıb. Bu, 2006-cı ildən başlanan Oslo danışıqlarına da bərabər paralellik gətirib. 2007-ci ilin may ayında başlanan “Ərgenekon əməliyyatı” əsasən 2 hədəfə yönəlib. Burada əsas hədəf Türkiyə dövlətini çökdürmək və bitirməkdir. Əslində, burada Türkiyənin bütün qurumlarını vətənpərvərlərdən təmizləməkdir. Ən əsası isə Türkiyə Silahlı Qüvvətlərini yenidən NATO-ya qopmaz zəncirlərlə bağlamaqdır. Bunu bacarıblarmı? Bəli, çox təəssüf ki, yenidən Türkiyə dövləti və Türkiyə Silahlı Qüvvələri 2000-ci illərin əvvəllərində Avrasiya siyasətindən uzaqlaşdırılıb və ayrılmaz tellərlə NATO-ya, ABŞ-a bağlanmaq vəziyyətində qalıb.

“Ərgenekon əməliyyatı”nın ikinci əsas məqsədi Türkiyədə federasiya yolunun açılmasıdır. Çox təəssüf ki, bu məsələ də 2006-cı ildən bəri Oslo danışıqları ilə bərabər aparılır. Artıq kürd dövlətinin təməlləri də atılmaq üzrədir. Bu nöqtədən sonra isə “Ərgenekon” planının həyata keçirilməsinə ehtiyac qalmayıb. Çünki onlar öz məqsədlərinə çatıblar”.

Həbsxanada 6 il qaldığını diqqətə çatdıran K.Kerinçsiz azadlığa çıxmasından çox sevindiyini dilə gətirib: “Əlbəttə ki, azadlıq gözəldir. Ancaq əsas odur ki, azad ölkədə və Vətən yaşaya biləsən. Mühüm olan da bu azad Vətəni qoruya biləsən”.

“Ərgenekon əməliyyatı” zamanı həbs olunmuş Sedat Peker də azadlığa çıxan kimi Silivri Həbsxanası önündə jurnalistlərə qısa açıqlama verib: “Bilirsiniz ki, mən artıq 10 ildir ki, həbsdəyəm. Ancaq bu 10 il ərzində ölkəmizdə baş verən prosesləri izləyə bilmişəm. Özümlə bağlı düşüncəm odur ki, baş verən bu prosesləri və dəyişiklikləri yaxından izləməkdir. Bu 10 il içərisində bir çox ölkələr quruldu və dağıldı. Gördüyünüz kimi mən hələ də başım uca ayağdayam. Bundan sonra da mübarizəmizə davam edəcəyik. Həbsxanada olan bütün günahsız insanları da tezliklə ailələrinə və yaxınlarına qovuşmasını Allahdan arzu edirəm”.

“Günahsız yerə içəridə həbsdə yatan adamlar var”

“Ərgenekon əməliyyatı” zamanı həbs olunmuş və İstanbul 21-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə azadlığa buraxılan ehtiyatda olan polkovnik Levent Göktaş da həbsxana çıxışında öz ailə üzvləri və yaxınları ilə görüşüb. Burada jurnalistlərə açıqlama verən L.Göktaş həbsdə olduğu vaxtlarda xalqın hər zaman arxasında olduğunu hiss etdiyini söyləyib: “Heç bir günahı olmayan və günahsız yerə içəridə həbsdə yatan adamlar var. Mən bunu doğrudan söyləyirəm. Günahsız yerə həbs olunan komandirlərimiz, dostlarımız var. İnşallah onların da hamısı azadlığa çıxacaqlar”.

“Türkiyə 1921-ci ildəki istiqlal müharibəsini yaşayır”

“Ərgenekon əməliyyatı” zamanı həbs olunmuş keçmiş Xüsusi Hərəkat Dairəsi başçısının vəkili İbrahim Şahin Silivri Cəza Həbsxanasının çıxışında jurnalistlərin suallarını cavablandırıb. İ.Şahin deyib: “Ehtiyatda olan baş qərargah rəisimizin dediyi kimi, Türkiyə 1921-ci ildəki istiqlal müharibəsini yaşayır. Mən də buna inanıram. Burada olduğum üçün dövlətdən incimirəm. İnşallah bu günlər gəlib keçəcək. Daha əvvəl də baş qərargah rəislərimiz eyni fikirləri söylədi. İndi Türkiyə çox çətin dövr yaşayır. Buna görə bütün insanlarımız çox diqqətli olmalıdır. Vacib olan dövlətin və Türkiyənin yaşamasıdır. Bu günədək necə mübarizə apardıqsa, bundan sonra da həmin mübarizəni davam etdirəcəyik. Buna emin ola bilərsiniz”.

“Rədd olsun Cümhuriyyətin düşmənləri!”

Azadlığa buraxılan digər “Ərgenekon”çu Yalçın Küçük də Silivri həbsxanasından çıxan kimi jurnalistlərə açıqlama verib: “Yaşasın Cümhuriyyət, yaşasın istefada olan Cümhuriyyət, yaşasın aydın Cümhuriyyət, rədd olsun Cümhuriyyətin düşmənləri!

İlker Paşa həzrətləri də azadlığa çıxdı. Çıxarkən kin və nifrət duymadığını söylədi. Tuncay Özkan dostum da azadlığa çıxdı. O da kin və nifrət duymadığını dedi. Doğrudur”.

“Türkiyə hələ ki, azadlığına qovuşmayıb”

İstanbul 13-cü Ağır Cəza Məhkəməsinin qərarı ilə 10 il 6 ay həbs cəzasına məhkum olmuş və Muğla həbsxanasından azadlığa buraxılan “Yurt” qəzetinin baş redaktoru Merdan Yanardağı həbsxana qapıları qarşısında ailəsi və yaxınları qarşıladılar. M.Yanardağ jurnalistlərə açıqlamasında azadlığa çıxdığı üçün çox xoşbəxt olduğunu söyləyib: “Türkiyə hələ ki, azadlığına qovuşmayıb. Bu gün günah işlədənlər hələ də hökuməti işğal ediblər. Onlara qarşı biz heç zaman kin və intiqam almağı bəsləmədik”.

“Onları həbsxanada qoyub azadlığa çıxmağım mənə çox pis gəlir”

Yalçın Küçük ilə bir yerdə azadlığa çıxan “Ərgenekon”çu ordu komandiri, istefada olan ordu generalı Hasan Iğsız jurnalistlərə açıqlama verib: “Bu gün azadlığımı əlimdən alınmasının üzərindən 2 il 7 ay keçir. Normalda azadlığım bu gün mənə qaytarıldığı üçün çox sevinməli idim. Ancaq sizə bunu demək istəyirəm. Az öncə mən 2 il 7 ayımı paylaşdığım həbsxana dostlarımı içəridə buraxaraq onların yanından ayrıldım. Oradakı doslarım da “Balyoz əməliyyatı”dan günahkar bilinərək həbsdə saxlanılır. Həbsdə Dəniz Qüvvələrindən uzun illər bir yerdə xidmət etdiyim çox dəyərli dostlarım var. Mən özümün günahkar olmadığıma necə əminəmsə, onların da günahsız olduğuna o qədər əminəm. Bu səbəbdən də onları həbsxanada qoyub azadlığa çıxmağım mənə çox pis gəlir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm