• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rusiyada Naxçıvan xanlığının bayraqları tapıldı - FOTOLAR

  • Nida.az
  • 27 İyul 2015 16:00
  • 816 Baxış
Rusiyada Naxçıvan xanlığının bayraqları tapıldı - FOTOLAR

Milli Azərbaycan Tarixi Muzeyi Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayragını aşkarlayıb.

Tarix Muzeyindən Publika.az-a verilən məlumata görə, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil Azərbaycan tarixçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olarkən bayraq fondlarında Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayragı aşkar edib.

Sankt-Peterburq şəhərində Dövlət Ermitajı Muzeyinin bayraq fondunda və arxivində Pərvin Gözəlov tərəfindən aparılmış elmi tədqiqat nəticəsində Naxçıvan xanlığının birinci bayrağı tapılıb. Belə ki, tapılan Naxçıvan bayrağı 1812-ci ilin həmin günlərində Aslandüz döyüşündə general-mayor Petr Kotlerevskiy tərəfindən qənimət kimi götürülmüşdür. Dövlət Ermitaj Muzeyinin arxiv sənədlərində qeyd olunan bayraq “1912-1913-1914-ci il döyüşlərinin qənimətləri” kimi göstərilir.

Yeni aşkar edilmiş Naxçıvan xanlığının bayrağı dördkünc formada olaraq, uzunluğu 145 sm. eni 159 sm-dir. Morugu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə“Bismillah”, bayrağın sol tərəfində Qurani-kərindən 48-ci əl-Fəth surəsinin bir hissəsi yazılıb: “Həqiqətən, biz sənə açıq-aydın qələbə verdik”. Bayrağın aşağı hissəsində Qurani-kərimdən 2-ci əl-Bəqərə surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə “Ey rəbbimiz bizə səbr ver, bizi sabit et”, sol tərəfdə isə “Kafirə və qövmeyə qarşı bizə kömək et” yazıları vardır. Bayrağın orta hissəsindəaçıq sarı rəngli romb parça tikilib, üzərində sarı rəngdə şir və günəş, şiri-xurşid rəmzi təsvir edilib. İrəvan xanlığının bayrağından fərqli olaraq burada şir üzü sağ tərəfə duraraq, başı frontal istiqamətdə göstərilir. Şirin sol pəncəsində qılınc təsvir edilib. Bayraq torbacığı sol tərəfdən tikilib. Bayraq ucluğu “xəmsə” - insan əli formasındadır. Ucluğun uzərinə ucları qotazlı ağ rəngdə iki lent bərkidilib. Naxçıvan xanlığının bayrağının İrəvan xanlığının bayraq rəmzlərinə yaxın olması heç də təsadüfi deyildi. Tarixdən məlum olduğu kimi, bu xanlıqlar çox vaxt vahid mövqedən çıxış etmiş, hətta idarəetmədə ortaq prinsipləri qorumuşlar. Bu bayraq Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilmiş döyüş bayrağıdır.

Pərvin Gözəlovun elmi araşdırmaları nəticəsində aşkar etdiyi Naxçıvanın ikinci dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zaman qeneral İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının bayrağı dördkünc formada eni 144 sm, uzunluğu 178 sm-dir. Qızılı ipəkdən hazırlanmış bayraq bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir. Bütün bayraqlarda olduğu kimi, bu bayraqda da sağ tərəfdən bayraq torbacığı tikilib. Bayrağın üzərində ərəb qrafikası ilə Qurani-kərimdən 48-ci əl-Fəth ayəsinin bir hissəsi və dini şuarlarla yanaşı 6 (altı) səkkizguşəli ulduz və nəbati elementlər əks edilir. Üst zolağın üzərində ərəb qrafikası ilə Qurani-Kərimdən 48-ci əl-Fəth surəsinin bir hissəsi “Allahdan kömək qələbə yaxındır, Məhəmməddən mömünlərə müjdə” yazısı qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində diqər xanlıq bayraqlarında əks olunmuş zanbaq gülü burada da parçadan tikilib. Sağ tərəfdə biri digərinin içərisində aralarında dairəvi sədd olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib. Qeyd etmək lazımdır ki, əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast qəlinməyib. Orta zolaqda açıq qızılı parcadan iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı (şəmşir) təsvir olunub. Qılıncın üst hissəsində “Əlidən başqa döyüşçü yoxdur” yazısı əks edilir.

Yazının qarşısında insan əli formasında (xəmsə), yaxud ələm şəklində açıq qızılı parça tikilib. Qılıncın alt hissəsində isə “Zülfuqardan başqa qılınc yoxdur” yazısı var. Yazının qarşısında və hər iki tərəfində səkkizguşəli ulduz olan, ucları sol tərəfə istiqamətlənən aypara və ulduz, aypara təsvirləri əks olunub. Hər iki yazının axırında isə yuxarıda göstərilən səkkizguşəli ulduz və zanbaq gülü tikilib. Ayparanın sağ tərəfində “Əli” adı iki dəfə güzgü əksi kimi təsvir edilib, yazının üstündə minarə yerləşdirilib. Əli sözünün solunda “Hüseyn”, sağında isə “Həsən” adları yazılıb. Sonuncu zolağın sağ tərəfində iç-içə, arasında dairəvi sədd olan səkkizguşəli sonuncu ulduz tikilib.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR