Qərb Bakıda Azərbaycanın gücünü etiraf etdi və Qarabağda silahlar işə düşdü
Bizi izləyin

Nida.az

Qərb Bakıda Azərbaycanın gücünü etiraf etdi və Qarabağda silahlar işə düşdü

“Siyasətdə boşboğazlıq dövləti məhv edir”.

Qərb siyasi ritorikasındakı emosiyalar avropalıların siyasi leksikona gətirdiyi bu ifadələri yada salır. Və siyasətin nəzəriyyəsini avropalılar yazsalar belə, praktikada özlərini məhv edəcək (maraqlarına zidd) boşboğazlıq etdikləri vaxtlar da olur.

Ötən ay Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası da məhz Qərbdə müəyyən dairələrin boşboğazlığından başqa bir şey deyildi. Nə qədər kilişə olsa da, bu faktdır ki, Qərbdə Azərbaycana qarşı hücumların arxasında dayanan əsas bir qüvvə var: erməni lobbisi.

Bu, yalnız əsrlər öncə Avropaya qaraçı kimi axışan və tədricən “müsbət obraza” girməyi bacaran ermənilərdən ibarət deyil. Bura müxtəlif zəiflikləri – pul, qadın, bahalı hədiyyə və s. – olan avropalı siyasətçilər də daxildir. Adətən onların iştirakçısı olduğu proseslərdə beynəlxalq güclərin də regionun lideri olan Azərbaycandan almaq istədikləri nələrsə olur və beləcə axın daha güclü selə çevrilir. Amma adətən bu sel suyun qabağını açanların öz “zir-zibilini” ağuşuna alıb ortaya çıxarır.

İlk Avropa Oyunları öncəsi və oyunlar zamanı Azərbaycana qarşı sözün əsl mənasında hücumlar başladı. Rəsmi Bakı bütün bu kampaniyaları vaxtında və lazımınca dəf edə bildi. Ölkənin siyasi düşərgəsində belə bir fikir var idi: “Azərbaycan Qərbə qarşı çox dirəniş göstərir və bu, yaxşı gələcək vəd etmir”.

Lakin zaman bu fikrin absurd olduğunu həmişə sübut edib. Çünki rəsmi Bakının manevrli siyasətində ən kiçik detallara qədər hər şey ölçülüb-biçilir. Bütün prosesləri sonda Azərbaycanın xeyrinə dəyişməsi də bunu deməyə əsas verir.

“Böyük siyasət böyük işlərə tətbiq edilə bilən sağlam düşüncə kimidir”, - Bonapartın bu sözləri yerinə düşür.

Qərbdə bəzi dairələr və onlara bağlı siyasətçilər vaxtilə Avropaya ağalıq edən Napoleonun “Əgər siz heç olmasa həftədə iki dəfə əxlaq haqqında əxlaqsızlıqlarla dolu auditoriya qarşısında boşboğazlıq edə bilmirsinizsə, siyasət meydanı sizin üçün bağlıdır” sözlərini görünür unutmayıblar. Həqiqətən də anti-Azərbaycan şəbəkəsinin ölkəmizlə bağlı çıxışları Bonapartın dediklərindən fərqli deyildi və özündə olmayanları başqasından tələb etməyə bənzəyirdi.

İyul aydında qəfil hər şey dəyişdi.

ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstayn Bakıya gəldi. Ardınca Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycana səfər etdi. Bu iki mühüm səfər cəmi 10 gün ərzində reallaşdı.

Qərb Azərbaycanın dəyərini yenidən anlayır, daha dəqiq desək, etiraf edə bilirdi.

Ağ Evin xüsusi elçisinin Bakı səfəri ilə Azərbaycan-ABŞ münasibətləri soyuq dönəmdən çıxa bildi. Təbii ki, Avropanın idarəçiliyinə iddia olan ABŞ bu qitənin enerji təhlükəsizliyində Azərbaycanın əsas alternativ olduğunu heç vaxt unutmur və zaman-zaman addımlarında bu amili nəzərə alır. Əslində Yunanıstanda başlanan böhran və məşhur Rusiya layihəsi “Türk axını” layihəsinin qayaya rast gəlməsi, bu yolda əsas marşrut olan Serbiya və Makedoniyanın geri çəkilməsi və enerji müharibələrində Rusiyanın ən azı bir addım geri düşməsi bütün bu prosesin tərkib hissəsi idi. ABŞ bu prosesdə əsas dayaq nöqtəsi olan Azərbaycanı əldən verə bilməzdi. Sadəcə olaraq, bir müddətdir davam edən anti-Azərbaycan kampaniyasında ABŞ-ın erməni lobbisi öz istədiyini etməyə cəhdlər göstərirdi ki, bu da son anda geostrateji maraqlar fonunda onuncu plana keçdi.

Okeanın o tayından xüsusi elçinin Bakıda görüşlərindən sonra Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycan yolçuluğuna çıxdı. Rəsmi məlumatlara görə, Tusk Avropa Oyunları zamanı Bakıda olmalı idi. Lakin Yunanıstan böhranı səfərin təxirə salınmasına səbəb olmuş və Tusk bir növ təxirə salınmış səfəri reallaşdırırdı. Lakin burada mühüm detallar da nəzərdən qaçmamalıdır. Tusk ümumilikdə Cənubi Qafqaza səfər edirdi və yayılan məlumatlara görə, Bakı səfəri proqrama salınmamışdı. Son anda hər şey dəyişdi və Avropa İttifaqı Şurasının prezidenti İrəvan və Tiflisdən fərqli olaraq, Bakıda daha geniş müzakirələr açdı, isti açıqlamalar verdi.

Bu onu deməyə əsas verir ki, Azərbaycan Cənubi Qafqazda Brüssel üçün olduqca önəmli ölkədir.

“Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və biz bu tərəfdaşlığı davam etdirmək istəyirik. Azərbaycanın Şengen zonasına daxil olmasını istəyirik. Xalqlar bu və ya digər ölkələrdən sərbəst səfərlər etsinlər. Biz belə bir razılığa gəldik ki, viza rejimi sadələşdirilsə, sürəkli giriş-çıxış üçün Şengen vizalarının verilməsi asanlaşacaq”, - deyə D. Tusk Bakıda çıxışı zamanı bildirib.

Avropa İttifaqının hazırki vəziyyətində, xüsusilə Şengen vizasının hər ölkəyə verilmədiyi bir vaxtda Brüsselin Bakıya etdiyi bu təklif Azərbaycanın siyasi əhəmiyyətindən xəbər verir.

Məhz Tuskun Bakı səfəri və səsləndirdiyi fikirlər bunları deməyə əsas verir:

a) Avropa İttifaqı Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, bu ölkənin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə mailik olduğunu qəbul edir.

b) Avropa İttifaqı Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək divident əldə edəcəyini görür.

Və hər şeyə rəğmən Brüsselin Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu və rəsmi Bakının müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək anladığı ortadadır.

Təbii ki, Vaşinqtonun Bakıya verdiyi önəm Brüssel üçün bir mesaj oldu. İlk növbədə, Brüssel-Vaşinqton siyasətinin harmoniyası, ikincisi, Ağ Evin Avropanı həm də ümumi konturlara riayət etməyə dəvət etməsi, üçüncüsü isə Vaşinqton-Brüssel arasındakı gizli rəqabət baxımından.

Üçüncü tezis həmişə qabarıq görünməsə də, həmişə mövcud olub. Bu rəqabətin Bakı üzərində aparılması təəccüblü deyil. Çünki Azərbaycan avropalıların enerji təminatında yeganə ümidi olaraq qalır, digər tərəfdən, ABŞ-ın üzərindəki hegemonluğunu qəbul etməyən Brüssel Bakı kimi önəmli gücləri həmişə öz yanında görmək istəyir. Lakin “Siyasətdə boşboğazlıq dövləti məhv edir” prinsipi həmişə Avropaya mane olub. Azərbaycan haqda güc və təzyiq dili ilə danışmaq da Avropanın ən böyük səhvi idi. Donald Tuskun Bakıda bunu etiraf etməsi Avropanın Azərbaycanla güc, təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşməsinin göstərici idi.

Bu arada, ABŞ və Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də fəallıq göstərirlər. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin “işğal olunmuş torpaqlar Azərbaycana qaytarılmalıdır” açıqlaması da təsadüfi deyildi. ABŞ, ümumilikdə Qərb Bakıya müsbət jest edir və onun etibarını qazanmağa çalışır. Onlar yaxşı anlayır ki, Azərbaycan rəhbərliyi üçün əsas prioritet Dağlıq Qarabağın işğaldan azad olunmasıdır. Bakı-Qərb münasibətlərində istiləşmənin ardından Azərbaycanla ABŞ arasında hərbi sahədə də əməkdaşlığın genişləndirilməsi haqda bəyanat olduqca diqqət çəkəndir. Görünür, Qərb Azərbaycanın önəmini və gücünü anlayır və onun istəkləri ilə hesablaşmaq fikrindədir. Əks təqdirdə o, Cənubi Qafqazda, ümumilikdə Asiya regionuna çıxış yolunda ən mühüm ölkənin dəstəyindən məhrum ola və geosiyasi proseslərin məcrasından çıxmasının qarşısını ala bilməyəcək.

Azərbaycan – Qərb münasibətlərinin yeni dönəmə qədəm qoyduğu bir vaxtda cəbhədə gərginlik yenidən artdı. Mövqelərimizə hücum edən Ermənistan hərbi birləşmələri böyük itki verərək geri qaçmağa məcbur oldu. Azərbaycan Ordusu bir şəhid verdi.

Bu təsadüfdürmü? Siyasətdə emosiyalara yer olmadığını kimi, təsadüflər də qəbul olunmazdır. Məhz cəbhədə erməni təxribatlarının artması bu prosesin tərkib hissəsi kimi görünür. Lakin hələlik bu haqda nəsə demək tezdir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm