Sabir Rüstəmxanlının partiyasında fikir ayrılığı: sədr getsə, VHP bölünə bilər
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlının partiyasında fikir ayrılığı: sədr getsə, VHP bölünə bilər

“Sabir Rüstəmxanlı sədr olmayacağı halda bizim partiyada da problem yaranacaq”.

Bu barədə Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı qurultaydan sonra Müsavat Partiyasında yaşananların VHP-də də olması ehtimalını şərh edərkən deyib.

Onun sözlərinə görə, VHP bu il qurultay keçirəcək və hazırda bu istiqamətdə işlər davam etdirilir: “Rayonlarda konfranslar keçirilir. Bu, ağır prosesdir. Ümid edirik ki, ilin sonuna yekunlaşacaq. İlin axırında, yaxud 2016-cı ilin əvvəlində qurultayımızı keçirə biləcəyik. İstənilən qurumda sədr dəyişikliyi müxtəlif gərginliklər yaradacaq. Bu, qaçılmaz prosesdir. Çox nadir hallarda nəticəsi sakit olan proses gedir. Əgər Sabir bəy sədrlikdən imtina etsə VHP-də də problemlər yaşana bilər. Hələ ki belə məsələ gündəlikdə dayanmır. Həm də Sabir bəyi heç yana buraxmaq istəmirik. Hesab edirik ki, Sabir Rüstəmxanlı partiyada alternativsizdir. Sabir Rüstəmxanlı ilə yanaşı partiyanı idarə edən komanda var. Başqa komanda gələcəksə, estafet komanda halında yeni sədrə verilməlidir ki, partiyada problemlər yaranmasın. Müsavat bu mərhələni ağır keçirdi. Orada qüvvələr arasında fərq çox az oldu, Arif Hacılı ilə Qubad İbadoğlu arasında səslərin yarıya bölünməsi, bir tərəfin o biri tərəfi qəbul etməməsi bu cür ağır nəticəyə səbəb oldu”.

R. Manaflı VHP-nin bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirib: “Bu haqda qərar qəbul olunub və hazırlıq prosesinə gedir. Ali Məclis seçki səlahiyyətini Siyasi Şuraya verib və orada müzakirə aparılır. Ehtiyac olacağı təqdirdə Ali Məclis sessiya keçirib qərar verəcək”.

VHP rəsmisi 125 seçki dairəsinin hər birindən namizəd irəli sürülməsini önəmli saymır: “Namizəd vermək xatirinə namizəd verilməsinə də vacib element kimi baxmıram. Hansı dairədən partiya namizədinin çox səs toplamaq imkanı varsa, oradan namizəd irəli sürülməlidir”.

Sabir Rüstəmxanlının namizədliyinin irəli sürülməsinə gəlincə, o, VHP sədrinin fikrini dəqiqləşdirmədiyini deyib: “Əgər partiya seçkilərə gedirsə, sədrlə birgə getməlidir. Sədrin qatılmadığı seçkilərdə partiyanın nə işi var? Məsələ hələ ki müzakirə olunur. Sabir Rüstəmxanlı neçə ildir parlamentdə təmsil olunur, növbəti seçkilərdə gəncləri irəli çəkmək istəyir. Amma hesab edirəm ki, VHP seçkilərə Sabir bəyin başçılığı ilə getməlidir. Seçki prosesi boyu dairələrdə təbliğatını quran namizədlərin hamısına sual veriləcək ki, sədr namizəd olmayıb? Bu da hər yerdə anlaşılmazlıq yaradacaq və arqumentlərlə dolğun izah edilməlidir. Bir sözlə, namizədlərimizi çətinlik qarşısında qoya biləcək situasiya yarada bilər. İstənilən partiya seçkiyə sədri ilə bir yerdə getməlidir, bunu aksiom hesab edirəm”.

R. Manaflı özü seçkilərdə iştirak etmək niyyətində deyil: “Qərarlar səs çoxluğu ilə qəbul olunur. Mən seçkiyə “yox” deyənlər arasında, azlıqdayam. Sabir Rüstəmxanlı seçkidə iştirak etməyin tərəfdarıdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm