Xaricdən təhlükə olsa...- RƏYLƏR
Bizi izləyin

Nida.az

Xaricdən təhlükə olsa...- RƏYLƏR

Xaricdən təhlükə olsa.... - RƏYLƏR

Rusiyanın Krıma müdaxiləsi Ukraynadan üzü bəri, Cənubi Qafqaz da daxil olmaqla postsovet regionunda yeni oyun şərtlərini ortaya qoydu. 2008-ci ildə Gürcüstana güc tətbiqi nə qədər riskli addım olsa da, bunun bir daha təkrarlanacağı güman edilmirdi. Lakin Moskvanın öz qaydaları var. Bir şey ki iki dəfə oldu, deməli, yenə baş vermə ehtimalı var. Bu müdaxilə hərbi, iqtisadi, yaxud daxildən qarışdırma və ya daha sivil hesab olunan inqilab yolu ilə ola bilər.

Maraqlıdır, Rusiya Azərbaycanda inqilab etsə müxalifət hansı səfdə yer almalıdır? Belə bir sualla Müsavat başqanının müşaviri Səxavət Əlisoy politoloqlara müraciət etmişdi.

“Hansı ölkədə inqilab olursa, Azərbaycanda bəzilərinin adrenalini yüksəlir”

S. Əlisoy Publika.Az -a açıqlamasında bildirib ki, dünyanın hansı ölkəsində inqilab olursa, Azərbaycanda bəzilərinin adrenalini yüksəlir: “Düşünür ki, bu qəlibi Azərbaycanda da tətbiq etmək olar. Daha düşünmür ki, bu, ölkə üçün hansı bəlalara səbəb ola bilər. Gəncə qiyamı da inqilabın ünsürlərindən biri idi. O vaxt Talış-Muğan Respublikasının yaranması, yəni separatizm üzə çıxdı. Eyni zamanda nəzərə almaq lazımdır ki, Azərbaycanda "Sadval" problemi, rus kəşfiyyatı, "Ettalaat", PKK problemi var. Belə bir situasiya yarandığı halda təbii ki, bu fəsadalr baş qaldıracaq”.

“Rusiya Azərbaycana yalnız müdaxilə edə bilər”

Eyni sualı müxalifət düşərgəsinə yaxın politoloqlara ünvanladıq.Leyla Əliyeva hesab edir ki, Rusiya inqilab cəhdində olsa, hər kəs ölkənin müstəqilliyini qorumalıdır. Onun fikrincə, belə bir inqilab yalnız müstəqilliyin itirilməsi ilə nəticələnə bilər: “Burda təkcə müxalifətin mövqeyi yox, xalqın da mövqeyi eyni olmalıdır. Ümumiyyətlə mən inqilabların xaricdən idarə olunduğuna inanmıram. Kütlə küçələrə çıxırsa, bu, heç vaxt xaricdən idarə olunmur. Xaricdən hansısa çevriliş ola bilər. Rusiya Azərbaycana yalnız müdaxilə edə bilər. Qoşun yeridə, hansısa siyasi rıçaqlarını işə sala bilər. Hesab edirəm ki, bunun əleyhinə çıxmaq lazımdır. Qərb siyasi qərarlar verir, demokratiyaya dəstək verir, bəyanat göndərir. İkisini müqayisə etmək doğru olmaz”.

“Fərqi yoxdur, Rusiyadan gəlir, Aydan gəlir, yoxsa Kosmosdan”

Ərəstun Oruclu da hesab edir ki, təkcə müxalifət yox, hər bir Azərbaycan vətəndaşı xaricdən gələn inqilab, çevriliş təşəbbüslərini dəstəkləməli deyil, ona qarşı çıxmalıdır: “Ölkənin müqəddəratını ölkədə həll etmək lazımdır. Fərqi yoxdur, Rusiyadan gəlir, Aydan gəlir, yoxsa Kosmosdan. Ölkənin müqəddəratını xaricdə axtarmaq lazım deyil”.

“Rusiyapərəst qüvvələri hakimiyyətə gətirmək istəyəcəksə...”

Zəfər Quliyev bildirib ki, Azərbaycanın milli dövlətçilik maraqları hər şeydən üstündür: “Rusiya Azərbaycanda təhlükəli plan həyata keçirməyə, ilk növbədə Azərbaycanın geosiyasi kursunu dəyişməyə yönələn addımlar atacaqsa, ya Azərbaycanda dövlət çevrilişi edərək ruspərəst qüvvələri hakimiyyətə gətirmək istəyəcəksə, ya da daha təhlükəli plan olan Ermənistanı Azərbaycana qarşı yönəltmək, müharibə etmək istəyəcəksə, müxalifət bu məsələdə bir mövqedən çıxış etməlidir. Rusiya ilə hansısa sahələrdə, humanitar, iqtisadi əməkdaşlıq gedir. İki ölkənin münasibətləri düşmən münasibətində deyil. Hesab edirəm ki, cürbəcür sahələrdə əməkdaşlığı bundan sonra da gücləndirmək, davam etdirmək lazımdır. Lakin Rusiya post-sovet məkanında hegemonluq etmək, SSRİ-ni bərpa etmək, güclə başqa ölkələrdə öz planlarını reallaşdırmaq cəhdləri edirsə, heç bir müstəqil, özünə hörmət edən post-sovet ölkəsi buna könüllü razı olmaz. Bunlara qarşı mübarizə aparmaq lazımdır, o cümlədən də Azərbaycan bunu etməlidir”.

İsa Qəmbərin müşavirindən təhlükə xəbəri: “Qan su yerinə axar”

Məsələni politoloqların qarşısında qaldıran S. Əlisoy hesab edir ki, belə bir müdaxilələrdə Azərbaycan müxalifəti dövlətin yanında olmalıdır: “Azərbaycan müxalifətinin digər yerdə olacağı haqda düşünməyin özü belə gülüncdür. Bəziləri müxalifət-iqtidar münasibətlərinin gərginləşməsində xüsusi maraq göstərirlər. Amma hökumətlər gəldi gedərdi. Dövlət hamımızındır. Bu baxımdan, dövlətçiliyi qorumaq prizmasından çıxış etməliyik. Bu gün Qarabağ məsələsində müxalifət-iqtidar mövqeləri üst-üstə düşür”.

İsa Qəmbərin müşaviri iddia edib ki, Rusiya Azərbaycana müdaxilə etdiyi halda xüsusi qruplar var ki, iqtidar-müxalifət gərginliyini yaradırlar.

“Bu məsələdə Azərbaycan müxalifəti birmənalı şəkildə iqtidarı müdafiə etməlidir. Əgər Rusiyanın müdaxiləsi, inqilabi çevrilişi olarsa, o zaman qan su yerinə axar. Söhbət dövlətdən gedir. Dövlət elə formada zərbə ala bilər ki, uzun illər altından çıxmaz olmaz. Ölkədə vətəndaş həmrəyliyi pozular. Buna görə də belə təhlükələr zamanı müxalifət iqtidarla eyni cərgədən çıxış etməlidir”-deyə S. Əlisoy qeyd edib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm