“Nurçular hakimiyyəti ələ keçirmək istəyir” - MÖVQE
Bizi izləyin

Nida.az

“Nurçular hakimiyyəti ələ keçirmək istəyir” - MÖVQE

“Nurçular hakimiyyəti ələ keçirmək istəyir”



YAP icra katibinin müavini, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Siyavuş Novruzov Publika.Az -a müsahibəsində terrorçuluğa qarşı mübarizənin gücləndirilməsini şərh edir.

“Orda döyüşən insan qayıtdıqdan sonra öyrəndiklərini burda tətbiq etməyə çalışacaq”

-“Terrorçuluğa qarşı mübarizə haqqında” qanun sərtləşdirilir. Buna nə ehtiyac yaratdı?

-Dünyanın bütün demokratik dövlətləri və qüvvələri terrorçuluğa qarşı mübarizəni gücləndirir. Dünyada terror getdikcə artır. Həll olunmayan müxtəlif konfliktlər olan və nəzarətsiz ərazilərdə belə hallar çoxalır. O cümədən, münaqişə ocaqlarında hər gün partlayışlar, terror aktlarının şahidi oluruq. Azərbaycan bilavasitə terrordan əziyyət çəkən ölkə kimi bundan qabaq da terrorun maliyyələşdirilməsi ilə bağlı konvensiyaya qoşulub. İndi də bu haqda qanunu sərtləşdirdik.

Son zamanlar da Azərbaycandan insanları yoldan çıxardıb ayrı-ayrı ölkələrə müxtəlif adlar altında aparırlar. Onlar ayrı-ayrı yerlərdə özlərinə aid olmayan müharibələrdə döyüşür, müxtəlif qruplaşmalara qoşulurlar. Bunun da acınacaqlı nəticələri olur. Çünki onların ordan nə vaxtsa qayıtmaqları da var. Orda döyüşən insan qayıtdıqdan sonra öyrəndiklərini burda tətbiq etməyə çalışacaq.

Hazırda Azərbaycan Ermənistanla müharibə şəraitdədir. Dağlıq Qarabağ nəzarətsiz ərazidir. Ora Azərbaycan ərazisidir, lakin təəssüf ki, ora nəzarət etmək imkanlarımız məhduddur. Orda faktiki olaraq, terrorçu qruplar hazırlanır, təlim keçir. Bütün bunlara görə, qanunu sərtləşdirdik, cəzaların müddətini artırdıq. İşğal olunmuş ərazilərimizlə bağlı da gələcəkdə bunun tətbiq olunması vacib şərtlərdəndir.

“Dini təriqətlərin məqsədi radikal addımların atılmasıdırsa, bu, qanun çərçivəsində tənzimlənəcək”

-Radikal dini təriqətlərlə bağlı da məsələlər layihədə öz əksini tapıb?

-Bəli. Əgər dini təriqətlərin məqsədi, ideyası hansısa radikal addımların atılmasıdırsa, bu, qanun çərçivəsində tənzimlənəcək. Azərbaycan tolerant ölkədir, ölkədə dini azadlıq konstutision hüquqla tənzimlənir. Müxtəlif təxribatçı cərəyanları çıxmaq şərti ilə bütün dini icmalar, təriqətlər açıq şəkildə fəaliyyət göstərirlər. Seçim də insanların özlərinindir. Heç kəsə qadağa qoyma bilmərik ki, sən bunu yox onu seç. Amma dindən hansısa terror, təxribat yolunda qanunların pozulmasında istifadə olunacaqsa, qəti şəkildə qarşısı alınacaq.



-Son zamanlar nurçuluğun ölkə üçün təhlükəli tərəfləri haqqında danışılır. Bu məsələ nurçuluğa qarşı da tətbiq oluna bilərmi?

-Nurçuluq tamam başqa şeydir, bunun ona aidiyyəti yoxdur. Nurçuluğun fəlsəfəsində radikalizm yoxdur. Təbii ki, onların ali məqsədi hakimiyyətə daxil olmaq, hakimiyyət qollarında yer tutmaq, təkamül yolu ilə bu prosesi həyata keçirmək istəyirlər. Necə ki, başqa dövlətlər hakimiyyətləri ələ almaq istəyir, onların da dini cərəyan olmaqla yanaşı, həm də hakimiyyəti ələ keçirmək istəyir, onlarda bu arzu var. Lakin Azərbaycan üçün bunun təhlükəsi yoxdur. Ola bilər ki, 5-10 adam buna qoşulsun. Amma bir çox ölkələrdən fərqli olaraq, din Azərbaycanda istər Sovet vaxtı, istərsə ondan sonra azad olub, dini etiqadın həyata keçirilməsi, ibadətlərin edilməsi çox demokratik və düzgün şəkildə olub. Çünki azərbaycanlılar ibadətlərini elmli formada həyata keçirirlər. Başqaları isə din adı altında başqa məqsədlərə nail olmaq üçün edirlər ki, bu da normal qarşılanmır və hardasa özünü göstərir.

“Maarifləndirmə nağıllar, şaiyələrlə deyil, elmlə aparılmalıdır”

-Ola bilsin ki, dediyimiz dini təriqətlər Azərbaycan üçün hələki təhlükəli görünməyə bilər. Lakin bir müddət sonra bunun baş verməsi ehtimalı da yüksəkdir. İndidən buna qarşı hansı addımlar atılmalıdır?

-Bunun qarşısı almaq üçün bir neçə məsələ həyata keçirilməlidir.Birincisi maarifləndirmədir. Daha nağıllar, şaiyələr, rəvayətlərlə deyil, birbaşa elmlə, tarixlə belə cərəyanların məqsədi, məramı açıqlanmalı, maarifləndirmə aparılmalıdır. O cərəyanlara qoşunlar ya düzgün olmayan informasiya nəticəsində bunu edir, ya da şirnikləndirmə ilə. Bütün hallarda da bunun arxasında siyasət dayanır.

İkincisi, qanunlardır. Din haqqında da qanunumuz var. Həmin qanunun müddəaları tətbiq olunmalıdır. Harda qanun pozulubsa, harda qanuna zidd hərəkət edilirsə, mütləq qarşısı alınmalıdır.

Bu gün bizim Qarabağ problemimiz ola-ola yüzlərlə insanımız Suriyada döyüşür, həlak olur. Bu, həm dini baxımdan düzgün deyil. Çünki guya orda döyüşənlər cənnətə düşəcək kimi uydurmalar danışırlar. Eyni zamanda, şəriət baxımından, insani və vətənpərvərlik baxımından da düzgün deyil. Kim bununla məşğul olursa, o artıq Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyət daşıyır.

-Qanun layihəsi Milli Məclisin növbəti iclasında qəbul oluna bilərmi?

-Hesab edirəm ki, bu qanun layihəsinə deputata həmkarlarım səs verəcək və elə birinci oxunuşda da qəbul olunacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm