• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Rasputin sifətli bespredel”in təhlükəli Qarabağ missiyası - TƏHLİL

  • Nida.az
  • 5 Avqust 2015 14:03
  • 1 422 Baxış
“Rasputin sifətli bespredel”in təhlükəli Qarabağ missiyası  - TƏHLİL

Azərbaycanın işğal olunmuş Şuşa şəhərinə köçən qalmaqallı milyarder German Sterliqov Rusiyaya dönməkdən imtina edib. “Kommersant FM”-ə müsahibəsində özü bu barədə deyir: “Ermənistanda hava limanından uçmağa hazırlaşarkən mənə dedilər ki, İnterpol səni Moskvada qarşılayacaq. Ora getmə”.

Beləliklə, ermənilərin məsləhətini dinləyən Sterliqov son anda Moskvaya uçmaqdan imtina edir. Çünki Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyi üçün rəsmi Bakı onu İnterpola axtarışa verib və qanuni dövlətin sərhədlərinə çıxdığı zaman “Rasputin sifətli bespredel” (Rusiya qəzetlərindən biri onu məhz belə adlandırmışdı - red) həbs olunacaq. Barmaqlığa düşməmək və ömrü boyu “bespredel” həyatı yaşamaq üçün German işğal olunmuş Azərbaycan torpaqlarında Ermənistanın yaratdığı və beynəlxalq hüquqda tanınmayan qondarma “DQR” kimi ikinci bir məkan tapacaqmı? Xeyr. Güman ki, özünün də cavabı bu olardı.


Qaçış: Hər şey “Adəmdən Putinə qədər” adlı tarixi kitabla başladı. Sterliqovun dediyinə görə, bu kitabın nəşrindən sonra Kremldəki dostları ilə münasibətləri pozulur və təhdidlərlə üzləşir. O, yalan-gerçək Moskvada Putin administrasiya tərəfindən təqib olunduğunu da bildirir. Daha sonra Germanın millətçi BORN qruplaşmasının törətdiyi cinayətlərdə əlinin olduğuna dair informasiyalar ortaya çıxır. Özü bunu inkar etsə də, məlumatlara görə, qruplaşmanın həbs olunan üzvü Nikita Tixonov onları Sterliqovun maliyyələşdirdiyini deyib. Məhz buna görə də milyarder Moskva ətrafındakı qəsəbəsini başlı-başına buraxaraq, qaçmaq üçün şələ-şüləsini toplayır və ailəsi ilə birgə Qarabağa doğru yol alır. Özünün dediyinə görə, əvvəlcə separatçıların əlində olan Donetsk, yaxud Luqanska getmək istəyib. Sonda isə fikrini dəyişərək Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşmaq qərarını verib. Və bütün bunları Kremlin sahibinin qəzəbinə tuş gəlməmək üçün edib. Daha sonra o, iyulun 16-da Moskvaya qayıdıb, hər şeyi aydınlaşdırmaq qərarına gəlir və bunun üçün birtərəfli bilet də alır. Ailəsini də ermənilərə etibar edir. Amma son anda biletini cırıb tullayır.

Mən Qarabağda qalmaqda davam edəcəm, bura xoşuma gəlir. Əlbəttə, Rusiya vətənim olaraq qalacaq”, - deyə o, müsahibəsində deyir.

Sterliqov Qarabağı seçdi. Ermənilər üçün bu, əla xəbərdir. Onun İrəvanda Moskvaya gedərsə, həbs olunacağı haqda xəbərdar edilməsi də qalması üçün hesablanmış addım idi və hər şeyin arxasında gizli bir missiya dayanır. Amma bu missiya qondarma “DQR”-in ağıldankəm “rəhbərliyinin” düşünüb-daşındığı məsələyə də bənzəmir. Ortada Rusiyanın qurduğu, İrəvanın tətbiq etdiyi bir ssenaridən söhbət gedir. Təbii ki, burada paradoks sual ortaya çıxa bilər: “Kreml təqib etdiyi adama nə üçün hansısa missiyanı tapşırsın?”

Məntiqli iraddır. Lakin açıq qalan bir məsələ diqqəti fərqli istiqamətə yönəldir.

Xüsusi məqam: Sterliqov deyir ki, Kreml onu təqib edir və buna görə qaçmağa məcbur olub. Əgər onun dediklərinə inansaq, ortaya sual çıxır: bəs, nə üçün Qarabağ? Axı ən bəsit düşünənlər də “düşməndən” qaçmaq üçün ondan ən uzaq və əlinin çatmadığı yeri seçər. Misal üçün, Sterliqov Rusiyadan həqiqətən də qaçmaq istəsəydi, Moskvanın əlinin çatmadığı Avropa ölkələrinə, yaxud ən azından Ukraynaya gedərdi. Litvinenko təcrübəsi də bunu deyir. Amma o, Ermənistanın nəzarətində olan Qarabağa gəlir. Hansı ki, bura Moskvanın əlinin içidir və Kreml rəhbərliyi istədiyi şəxsi buradan anında “götürə” bilər.

Yaxud daha bir şübhəli məqam: Sterliqov Qarabağ gəlməmişdən öncə onun adı “BORN işi”ndə hallanırdı. Amma o, ailəsi ilə birlikdə heç bir problem olmadan sərhədi keçə və işğal olunmuş ərazilərə gələ bildi. Daha sonra onun haqqında cinayət işinin açılması məsələsi gündəmə gəldi. Lakin milyarder yenə də Rusiyaya dönməkdən imtina etdi. Halbuki Rusiya istədiyi halda sözündən heç vaxt çıxmayan Ermənistan hökumətindən Sterliqovu həbs edərək təhvil verməsini tələb edə bilər. Buna Moskvanın siyasi gücü və qanuni haqqı da var. İndiyə qədərsə Moskvadan belə bir tələb gəlməyib və milyarder Qarabağda əlini-qolunu sallayaraq yaşayır. Hətta qondarma “DQR”-in iqtisadiyyatına “töhfə” də verir.

Və bütün ssenaridə əsas məqam məhz bu “töhfələrdə” cəmləşib. Ehtimal etmək olar ki, Sterliqov Qarabağa məhz Rusiyanın missiyası ilə göndərilib.

Bir müddət öncə Belarus prezidenti Lukaşenko həmkarı Vladimir Putindən rusiyalı milyarderlərin onun ölkəsinə gəlməsini və iqtisadiyyata yatırım etməsini xahiş etmişdi. German Sterliqov Belarus torpaqlarına getmək üçün ən şanslı namizəd idi. Amma qalmaqallı milyarder Minski yox, Qarabağı seçdi. Hesab etmək olar ki, Kreml həbs olunmaq təhlükəsi olan milyarderin qarşısına ya “dəmir barmaqlıqlar, ya da Qarabağa sürgün” şərtini qoyur. O da “çürüməkdənsə” əldən-ayaqdan uzaq olan bu torpaqlara köçmək qərarına gəlir. Bu, bolşeviklərin qolçomaqları Sibirə sürgün etməsinə bənzəyir. Amma müasir Rusiya Sterliqovu təkcə “dərsini alsın” deyə sürgün etməyib. Onun qarşısına missiya qoyulub: Separatçı rejimi dirçəltmək. Bu işdə enerji, yaxud uzaq tayqa meşələrində təbii sərvətlər çıxaran investorlar yox, məhz təsərrüfat üzrə ixtisaslaşmış şəxs lazım idi. Çünki Qarabağın iqlim şəraiti bu ərazilərdə təsərrüfatın inkişafına əla imkanlar yaradır.

Bu gün qondarma “DQR”-in vəziyyəti əvvəlki dövrlərlə müqayisədə daha da acınacaqlıdır.

a) İqtisadi uçrumun kandarında olan İrəvan rejimi bura maliyyə ayıra bilmir.

b) Serj Sarkisyanla münasibətləri pis olan erməni diasporu maliyyəni, demək olar ki, kəsib, yaxud ayrılan pullar “tula payından” başqa bir şey deyil.

c) Rusiya iqtisadiyyatının zəifləməsi və rublun dəyərdən düşməsi bu ölkədən Ermənistana, eləcə də Dağlıq Qarabağda məskunlaşdırılmış ermənilərə köçürmələri minumuna endirib.

Belə bir vəziyyətdə Dağlıq Qarabağdakı ermənilər sosial partlayış həddinə çatıb. Misal üçün, bu ilin 22 mart tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçən erməni əsgər Andranik Araratoviç deyir: “Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var”.

Bu fakt Dağlıq Qarabağdakı ermənilərin acından ölməkdənsə, inkişaf edən Azərbaycanın idarəçiliyində yaşamaq istəyini sübut edir. Beləliklə, rəsmi Bakının ərazi bütövlüyümüzün bərpası istiqamətində apardığı siyasətin konkret nəticələrə vardığını demək mümkündür. Bu isə Ermənistana, dolayısı ilə regiondakı təsir imkanlarını qorumaq üçün münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlı olan Rusiyaya sərf etmir. Mütləq hansısa önləyici addımlar atılmalıdır, əks təqdirdə, Qarabağ erməniləri üsyana qalxacaq və Azərbaycanın tərkibində yaşamaq tələbini irəli sürəcək. Azərbaycan da bir güllə atmadan işğal olunmuş əraziləri geri qaytaracaq. Mövcud həqiqəti hər iki paytaxtda anlayırlar. Lakin Moskvadan asılı olan İrəvan Qarabağa heç bir yardım edə bilmədiyi kimi, Rusiyanın da belə imkanları yoxdur. Birincisi, Moskva rəsmi olaraq bura heç bir kapital yatıra bilməz. İkincisi, öz iqtisadiyyatı çətin durumda olan və Qərblə açıq qarşıdurma yaşayan Rusiya Qarabağ üçün bir rubl belə xərcləmək istəmir.

Belə bir məqamda “Qarabağın xilası” üçün German Sterliqov dövriyyəyə girir. Onsuz da Kremllə münasibətləri pis olan milyarderin qarşısına günahını yumaq üçün şərt qoyulur və “Moskva rəhbərliyindən qaçan milyarder” ssenarisi yazılır. Çünki Sterliqov heç bir “problem” olmadan Qarabağa gəlsəydi, bu açıq şübhələrə yol açar və Bakının Moskvanı ittiham etməsinə şərait yaradardı. Kremldən qaçan milyarderin işğal olunmuş torpaqlara “qaçışı” üçünsə heç kim Moskvanı birbaşa sorğu-suala tuta bilməz. Sorğu-sual olsa belə, rusların cavabı bu olacaq: “Tutsaq, sizdən öncə özümüz cəzalandıracağıq”.

Sterliqovun iyulun 13-də Şuşada keçirdiyi mətbuat konfransında açıqladığı fikirlər də bu kontekstdə diqqət çəkir.

Qarabağda qızıl və gümüş dram dövriyyəyə buraxmaq və ekoloji offşor yaratmaq lazımdır” deyən milyarder separatçı rejimə iqtisadi çıxış yolunu göstərir və davam edir: “Bu layihəni həyata keçirmək üçün burada üç amil var. Birincisi, qızıldır. İkincisi, tanınmamış respublikadır. Buna görə də ABŞ Federal Ehtiyatlar Sisteminin və beynəlxalq bankirlərin hər hansı qaydalarına tabe deyil. Üçüncüsü, erməni diasporu qızıl və gümüş dramdan daxili hesablaşmalar üçün istifadə edə bilər”.

O, Qarabağdan Rusiyaya ərzaq mallarının göndərilməsini də təklif edir: “Rusiya-Qarabağ ticarət evi yaratmaq və yalnız ekoloji təmiz məhsullar göndərmək lazımdır
”.

Göründüyü kimi, qalmaqallı milyarder öz “iqtisadi paketini” açıqlayır. “Kommersant FM”-ə müsahibəsində isə ilk yatırımlarından da söz açır: “Mənim Qarabağda artıq dəyirmanım var. Mən indi təsərrüfatla məşğulam. Arvadım moda evi açdı və onun tikdiyi paltarlara tələbat var. Biz Şuşanın yüksək dağlarında avqustun 29-da Qarabağın yüksək dəbini nümayiş etdirəcəyik. Həmin gün eyni zamanda Qarabağ atlarının yarışını təşkil edəcəyik”.

Artıq missiyasının icrasına başlayan Sterliqov separatçı rejimin lobbiçiliyini də aparır. Onun “mən burada maşınımın qapılarını açıq saxlayıb rahat gəzə bilirəm. Açarları götürmək heç ağlıma da gəlmir, burada ümumiyyətlə oğurluq yoxdur. Ümumiyyətlə, dünyada belə yer yoxdur” deməsi də təəccüblü deyil. Ermənistandakı vəziyyətlə assosiasiya olunan separatçı rejimin ağır durumu ilə çarpaz toqquşan bu fikirlər nə qədər absurd olsa da, milyarderin məqsədi bölgəyə yeni investisiyaların cəlb edilməsinə hesablanıb. Yəni o, bununla sətiraltı olaraq bir növ digər investorları Qarabağa yatırım etməyə çağırır.

Çirkli əllərlə təmiz işlər görülmür. Siyasətdə əllərdən çox şey asılıdır”. Bu siyasi aksioma hazırkı ssenaridə əsas tezisdir. Rusiya “Qarabağın xilası” üçün çirkli əllərə sahib olan Sterliqovdan yaxşısını tapa bilməzdi.

Bu arada erməni KİV-nin milyarder haqda yazdıqları bütün ssenarinin nəyə hesablandığını bir daha ortaya çıxarır: “Qaqik Sarukyan (qondarma “DQR”-in “prezidenti” - red) Sterliqovun xilaskarı oldu. German da Qarabağın xilaskarı ola bilər”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR