Leninin davamçıları Azərbaycanda mandat davasına çıxdı
Bizi izləyin

Nida.az

Leninin davamçıları Azərbaycanda mandat davasına çıxdı

Azərbaycan kommunistləri arasında deputatlıq uğrunda mübarizə qızışıb.

Publika.az xəbər verir ki, kommunistlərin Məzəddin Əyyubov adlı nümayəndəsi “Facebook” sosial şəbəkəsində iddia edib ki, Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Rauf Qurbanov və Azərbaycan Mütərəqqi Sosialist Partiyasının (AMSP) sədri Gülnisə Məhsimova deputat mandatı uğrunda savaşa başlayıb.

Onun iddiasına görə, hər iki şəxs Rusiya Federasiyası Kommunist Partiyasının sədri Gennadi Züqanovun vasitəsi ilə deputat seçilmək niyyətindədirlər. Bütün mübarizə də bununla bağlıdır:

“Siyasi nəzəriyyədən uzaq olan Gülnisə Məhsimovanın praktik siyasi proseslərdən də başı çıxmır. Bununla belə o, partiya sədrliyi iddiasındadır, öz məhdud imkan və qabiliyyətini mütləqləşdirməklə siyasi avantürizmdən belə çəkinmir.

Eyni sözləri Gülnisə Məhsimovanın tərəf müqabili Rauf Qurbanov haqqında da demək olar. Onlar üçün siyasi etika, siyasi mədəniyyət anlayışı yoxdur. Bu iki naşı, dayaz siyasətçi deputat olmaq niyyəti ilə özlərini Züqanovun Azərbaycanda sadiq adamları kimi ictimaiyyətə sırımaqdan ötrü dəridən-qabıqdan çıxırlarsa, bu eybəcərliyin adi rüsvayçılıqdan başqa bir şey adlana bilinməz. Bu iki şəxsin vəzifə, deputatlıq uğrunda davalarını Azərbaycan Kommunist Partiyasının adına yazmaqla, partiyanı nüfuzdan salmağa çalışırlar”, - deyə o iddiasında bildirib.

Kommunist Partiyasının sədri Rauf Qurbanov Publika.az-a açıqlamasında bildirib ki, sözügedən fikirlər ona qarşı başlanan qarayaxma kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, seçkilərin taleyini seçici həll edir: “Məzəddin Əyyubovu ziyalı insan kimi qəbul edirəm, onun bəyanatından təəssüf hissi keçirirəm. Bu, seçkiöncəsi mənim ünvanıma yönəldilmiş təxribatdır. Əyyubov 1 il bundan öncə AKP sıralarına qəbul olunmaq üçün mənə müraciət etmişdi. Partiya mövqeyini bildirdik, dedik ki, partiya sıralarına qəbul olunmaq üçün birinci növbədə ərizə yazılmalıdır. Həmin yoldaş da çox iddialı çıxış etdi. Söylədi ki, mənə partiya bileti, vəzifə vermək lazımdır. Dediklərinin heç birini də icra etmədi. Məzəddin Əyyubov da daxil olmaqla Telman Nurullayev, Gülnisə Məhsimova kimi insanlar ictimaiyyət tərəfindən tanınmır. Onları gücü ancaq “Facebook” sosial şəbəkəsində şər - böhtanla məşğul olmağa çatır. Dünən Gülnisə xanımla dostluq münasibətində idi, partiyaya daxil olmaq üçün mənə müraciət edirdi, bu gün isə haqqımızda şər-böhtan dolu bəyanat yayır. Başımı bu təxribatla qatmağa cəhd göstərir”.

O, sözügedən bəyanata əhəmiyyət vermədiyini bildirib.

“Özü olmayan bir qurumun sıralarındadır. O, Telman Nurullayevin rəhbərlik etdiyi dırnaqarası qrupda Mərkəzi Komitənin katibidir. 1 günün içində partiya bileti aldı, növbəti günü onu Komitənin katibi təyin etdilər. Bu adamlar avantüra ilə məşğuldur. Özünə hörmət edən insan bu cür şeylərlə məşğul olmaz. Telefonda mənə zəng edib deyir ki, sənin ən yaxın adamın, dostunam. Onu indi nə təhrik edir ki, belə bəyanat yayır? Bu insanın xisləti nədən ibarətdir? Biz öz hesabımıza maliyyələşən partiyayıq. Könüllü yardımların hesabına büdcəmiz formalaşır. AKP rəsmi olaraq qeydiyyatdan keçib. İqtidarla keçirilən dialoqa, Mərkəzi Seçki Komissiyasının tədbirlərinə dəvət olunuruq. Hökumət də yaxşı məlumatlıdır ki, Kommunist Partiyası hansı partiyadır və onun sədri kimdir”, - deyə R. Qurbanov bildirib.

Kommunistlərin digər qolu olan AMSP sədri Gülnisə Məhsimova das Publika.az-a açıqlamasında Məzəddin Əyyubovun mövqeyini qərəzli mövqe adlandırıb: “Əsası olmayan ittihamlarla dolu olan bu yazının müəllifi Sergey Mozqovoy adlı birisinin “Sovet İttifaqı Kommunist Partiyası (SovİKP)” adlı bir qurumunun “Siyasi Bürosunun” üzvü olan Telman Nurullayevin rəhbərlik etdiyi qrupun Mərkəzi Komitəsinin katibi Məzəddin Eyyubovdur. Bu şəxs 2014-cü ildə birdən-birə peyda olub və dərhal Telman Nurullayevin qrupunda MK-ya katib seçilib. Bundan sonra o, bu qrupun “ideoloqu” rolunda çıxış edərək bütün kommunistləri birləşdirməyi guya qarşısına məqsəd qoyub. Bu məqsədlə bizimlə də görüşüb. Görüş ərzində yalnız özünü tərifləməklə məşğul idi. O, şəxsən məndən xahiş edirdi ki, iclaslarımıza və səfərlərə onu dəvət edim. Əlbəttə ki, onun danışıqları sübut edirdi ki, o, kommunistlər arasına xüsusi olaraq göndərilib və onun hansı məzhəbə qulluq etdiyini düşünmək o qədər də çətin deyildi. Bu şəxs eyni zamanda Ələsgər Xəlilov və Rauf Qurbanovun da yanında olub”.

Onun sözlərinə görə, kommunistlər onu qəbul etmədiyindən çıxış yolunu onlara qara yaxmaqda görür.

“Milli Məclisə seçkilər yaxınlaşdıqca bu hücumlar daha da kəskinləşir. Nə Rusiyada, nə də Azərbaycanda heç kəs tərəfindən tanınmayan və nüfuzu olmayan S. Mozqovoyun ətəyindən yapışanlar ciddi-cəhdlə Züqanovun və onunla əməkdaşlıq edən qüvvələrin fəaliyyətinə qara yaxmaqla məşğuldur. Çünki bu yolla gündəmdə qalmağa çalışırlar. Züqanovun adını hallandırmağa son qoyun. O, sizin səviyyənizə enə bilməz və Azərbaycanda gedən proseslərə qətiyyən müdaxilə etmir. Biz Züqanovu dünya kommunist hərəkatının lideri kimi qəbul edirik və onun rəhbərlik etdiyi RFKP ilə əməkdaşlıqdan qürur duyuruq. Kommunistlərin etimad göstərdiyi qadın kommunistə qarşı kişilikdən uzaq qarayaxmalarla məşğul olurlar”, - deyə G. Məhsimova bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm