Azərbaycanın sərhədlərindəki barıt çəlləyi: terror təhlükəsi artır
Bizi izləyin

Nida.az

Azərbaycanın sərhədlərindəki barıt çəlləyi: terror təhlükəsi artır

Son dövrlər Azərbaycanın sərhədyanı bölgəsi olan Şimali Qafqazda İŞİD-in öz tərəfdarlarını artırdığına və kök atdığına dair məlumatlar var.

Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev Publika.az-a açıqlamasında regiondakı vəziyyəti və yarana biləcək təhlükələri şərh edib.

Azərbaycanın qonşuluğundakı barıt çəlləyi

Onun sözlərinə görə, Rusiya Federasiyasının cənubunda - Şimali Qafqazda qeyri-sabit ictimai-siyasi vəziyyət hökm sürür: “Dünyada terrorçu kimi tanınan bir sıra radikal İslam cərəyanları bu regionda öz dayaqlarını yarada biliblər. Əl-Qaidə, Hizbüt-Təhrir, Qafqaz Əmirliyi, İŞİD və digər təşkilatlara qarşı aparılan mübarizə və anti-terror əməliyyatları hələlik ciddi və səmərəli nəticələr vermir. Rusiya Şimali Qafqazı yalnız hərbçilərin və güc strukturlarının köməyi ilə əlində saxlaya bilir. Nəzərə almaq lazımdır ki, şimal qonşumuzun parçalanmasında maraqlı olan beynəlxalq güclər müxtəlif radikal dini cərəyanlardan öz məqsədləri naminə istifadə edirlər. Mübarizəni mürəkkəbləşdirən daha bir cəhət ondan ibarətdir ki, çoxmillətli Şimali Qafqazda yerli idarəçilik etnik klanların və mafioz qruplaşmaların əlində cəmləşib. Onlar da bir-birilərinə qarşı mübarizədə radikallardan istifadə edirlər. Bir sözlə, Şimali Qafqaz bir barıt çəlləyidir. Son vaxtlar bu gərginlik artan xətlə gedir”.

“İŞİD regionda sürətlə təşkilatlanır”

Ekspert qeyd edib ki, əvvəllər Şimali Qafqazda radikal islamçıların böyük əksəriyyəti Qafqaz əmirliyində cəmləşmişdi: “Onlara Aliashab Kebekov (Ali Abu Muhamməd əl Dağıstani) rəhbərlik edirdi. Kebekov öldürüldükdən sonra onun yerini Abu Usman Gimrinski kimi tanınan Maqomed Süleymanov tutdu. Ötən ilin axırlarından və bu ilin əvvəllərindən başlayaraq, Qafqaz əmirliyində parçalanma baş verdi. Əvvəllər Dağıstan cəbhəsinin və vilayətinin əmiri olmuş Rüstəm Asilderov (Abu Muhamməd Kadarski) İŞİD-ə biət etdi. Radikalların bir qismi də Kadarskiyə qoşuldu. Bu da yeni bir gərginlik ocağı yaratdı. Bu yaxınlarda hazırda Suriyada olduğu bildirilən dağıstanlı Nadir Mədətov (Nadir Abu Xalid) Qafqaz müsəlmanlarına müraciət edərək onları İŞİD-ə qoşulmağa çağırıb. Onun bu çağırışı təsirsiz ötüşməyəcək. Nadir Mədətov Şimali Qafqazda güclü sələfi alimi kimi tanınır. Suriyaya getməzdən əvvəl Mahaçqala və Dərbənd məscidlərində fəaliyyət göstərib. Onun minlərlə ölçülən çoxsaylı tərəfdarları var. Nadir Mədətov sosial şəbəkələrdə də çox aktivdir. Müəmmalı şəkildə Suriyaya gedən bu şəxsin müraciəti təbii ki, boşa getməyəcək. İndi Şimali Qafqazdakı radikallar iki cəbhəyə bölünüblər. Hazırda İŞİD-çilərin sürətli təşkilatlanma prosesi gedir”.

Dağıstanda çeçen modeli: rəhbərliyə dini lider gələ bilər

M. Mehdiyev əlavə edib ki, İŞİD-in məşhur çeçen lideri Ömər Şişaninin Şimali Qafqaza təsir imkanları çoxdur: “Məlumatlara görə, Rusiyanın cənubundan Suriyaya gedənlər məhz onun rəhbərliyi altında hərəkət edirlər. Nadir Mədətov da Ömər Şişaninin yaxın tərəfdarlarından biridir. Şimali Qafqazdakı mövcud durum vəziyyətin gərginləşəcəyindən xəbər verir. Rusiyadakı bəzi dairələr Şimali Qafqazdakı iki əmirliyi üz-üzə qoymaqda maraqlıdırlar. Son vaxtlar bu istiqamətdə müəyyən təbliğat da aparılır. İŞİD-ə biət edənlərlə etməyənlər arasında hələlik bir soyuq müharibə gedir. Bunun nə ilə sonuclanacağını indi proqnozlaşdırmaq mümkün deyil. Əgər İŞİD-çilər tam mütəşəkkil bir formada ortaya çıxarlarsa, Qafqaz Əmirliyinin gücü xeyli zəifləyəcək. Bunun əksi o qədər də real görünmür. Çünki Qafqaz İŞİD-çilərinin böyük əksəriyyəti Qafqaz Əmirliyinin tərkibindən çıxanlardır. Rəsmi Moskva Şimali Qafqazda vəziyyəti öz xeyrinə dəyişmək üçün müəyyən addımlar atır. Çeçenistandakı üsul-idarəçilik də Kremlin bir layihəsidir. Qatı dindar olan Ramzan Kadırov müstəqil hərəkət etmiş kimi görünür. Rusiya buna dözmək məcburiyyətindədir. Çünki Çeçenistandakı idarəçilik ictimai tələbatdan irəli gəlir. Ramzan Kadırov Çeçenistan respublikasının başçısı olmaqla yanaşı, həm də dini rəhbərdir. O, radikalların mövqeyinə müəyyən qədər zərbə vura bilib. Elə Moskvaya da bu lazımdır. Onlar Çeçenistan rəhbərinin və parlamentinin hətta federal qanunlara zidd qərarlarına belə göz yumurlar. Bir sıra təhlillər göstərir ki, Kreml belə bir layihəni Dağıstanda da həyata keçirməyə məcbur olacaq. Çünki onlarla millət və xalqın yaşadığı Dağıstanı Rusiya bayrağı altında birləşdirmək çətin olacaq. Bir neçə ildir ki, Moskva üçün başağrısına çevrilmiş bu forpostda vəziyyət çox pisdir. Əhali federal mərkəzdən gələn dotasiya ilə güclə dolanır. Etnik klanların mübarizəsi ara vermir. Demək olar ki, hər gün keçirilən anti-terror əməliyyatları radikal islamçıları mövqelərindən çəkindirmir. Belə davam edəcəyi halda, Dağıstanda hakimiyyət başına siyasi-dini liderin gətirilməsi qaçılmaz olacaq”.

Regionda baş verənlər Azərbaycana necə təsir edəcək?

M. Mehdiyev Şimali Qafqazda, o cümlədən Dağıstanda gedən proseslərin Azərbaycana da təsirsiz ötüşməyəcəyini düşünür. Onun sözlərinə görə, bu bölgədəki radikal dini baxışlar Azərbaycan ərazisinə də ixrac olunur.

“İndi hər iki əmirliyin mövcudluğu respublikamız üçün təhlükədir. Əvvəla, təşkilatların hər ikisinin adı Qafqaz Əmirliyidir. Azərbaycan da Qafqazın bir parçasıdır və Cənubi Qafqazda yeganə müsəlman ölkəsidir. Hamıya məlumdur ki, Azərbaycandan da Suriyaya gedib İŞİD-ə qoşulanlar var. İŞİD-in Şimali Qafqazda möhkəmlənməsi radikalların marşrutunu dəyişdirəcək. Onlar üçün daha münbit şərait yaranacaq. Digər tərəfdən, İŞİD-in Qafqaz Əmirliyinə qoşulanlar gələcəkdə Azərbaycanda da müxtəlif təxribatlar törədə bilərlər. Heç kəsə sirr deyil ki, şimal bölgəsində az sayda olsa da xavaric qruplaşmaları mövcuddur. Onların İŞİD-in Qafqaz Əmirliyinə qoşulmayacağına heç kəs zəmanət verə bilməz. Bu baxımdan Azərbaycanın şimal regionunda ciddi və planauyğun tədbirlər görülməlidir. Dini duruma nəzarət yerli icra və hüquq-mühafizə orqanları tərəfindən koordinasiya edilmiş şəkildə həyata keçirilməlidir. Dini maarifçilik sahəsində qeyri-ənənəvi metodlardan istifadə edilməlidir. İctimaiyyət Şimali Qafqazda baş verənlərdən yaxından xəbərdar olmalı, qarşıdurma meyllərinə qarşı müqavimət göstərməlidir. Biz yalnız milli və dini həmrəyliyə nail olmaqla radikal dini baxışların cəmiyyətdə özünə yer tutmasının qarşısını ala bilərik”, - deyə ekspert vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm