Terror hücumlarının yeni hədəfi açıqlandı: enerji kəmərləri
Bizi izləyin

Nida.az

Terror hücumlarının yeni hədəfi açıqlandı: enerji kəmərləri

Dünyanın bir sıra ölkələrində, o cümlədən Türkiyədə enerji kəmərləri, neftayırma zavodları və elektrik terror hücumlarının yeni hədəfidir.

Publika.az xəbər verir ki, bu barədə Xəzər Strategiya İnstitutunun analizində deyilir.

Analizə görə, son günlərdə Bakı-Tiflis-Ərzurum qaz kəməri və Kərkük-Yumurtalık neft kəmərini hədəf alan terror hücumları terrorun bir başqa üzünü göstərmiş oldu: “1990-cı illərin ortalarına qədər neft və təbii qaz infrastrukturuna edilən hücumlar bütün hücumların 2,5 faizini təşkil etdiyi halda, bu göstərici 2013-cü ildə 20 faizdən yuxarı olub. Enerji infrastrukturuna hücumların statistikasına nəzər yetirsək, 1980-ci ildən 2012-ci ilə qədər 9500 terror aktının həyata keçirildiyini görərik. İraq, Kolumbiya və Pakistan isə bu cür hücumların ən çox həyata keçirildiyi ölkələrdir”.

İnstitut qeyd edir ki, bu ilin 29 iyulunda Kərkük-Yumurtalık Neft Boru Xəttinə təşkil edilən terror hücumundan sonra təkcə Şimali İraqa 250 milyon dollar ziyan vurdu: “İyulun 28-də İrandan qaz idxalını həyata keçirən Türkiyə-İran təbii qaz boru xəttinə hücum olandan sonra qaz tədarükü bir həftə ləngidi. Avqustun 4-də Türkiyənin təbii qaz ehtiyacının 12,33 faizini təmin edən Bakı-Tbilisi-Ərzurum təbii qaz kəmərinə edilən hücum sonra enerji xətlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqları aktuallaşdırdı”.

Məqalədə bildirilir ki, enerji xətlərinə edilən hücumlar ölkələrə qarşı təhdidləri də genişləndirir.

“Bu ilin yanvar ayında Pakistanda elektrik xətlərinə edilən hücum nəticəsində 140 milyon insan işıqsız qaldı. Terror hücumların böyük və ortaq layihələri hədəf seçməsi ölkələrin investisiya siyasətinə təsir edir, bir çox vacib layihələrin gecikməsinə səbəb olur. Misal üçün, 2013-cü ildə Əlcəzairin Amenas təbii qaz terminalına edilən hücum zamanı 40 nəfər həlak oldu, bununla yanaşı, layihənin xarici ortaqları işdən geri çəkildi. Hücumdan sonra terminal işini bir ay sonra bərpa edə bildi. Bu müddət ərzində də Əlcəzair 150 milyon dollar ziyana düşdü”, - deyə analizdə qeyd olunur.

İnstitut araşdırmalarından çıxış edərək bildirir ki, enerji xətlərinin təhlükəsizliyi üçün pilotsuz təyyarələr vacibdir: “Lakin burada insan faktorunu da unutmaq olmaz. Buna görə də hücum, yaxud buna cəhd haqda məlumat verən insanlara mükafat verilməsi haqda mexanizminin tətbiq edilməsi lazımdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm