Mustafa Saatçının dialoqu, Fazil Mustafanın monoloqu
Bizi izləyin

Nida.az

Mustafa Saatçının dialoqu, Fazil Mustafanın monoloqu

Mustafa Saatçının dialoqu, Fazil Mustafanın monoloqu

Taleh Şahsuvarlı

( Gülənin məktəblərində oxuyub-oxuyub "montyor" olanlar haqqında )

Həftələrdir "Nurçular" mövzusu Azərbaycan mediasının gündəmindədir.

"Açıq İstixbarat Təşkilatı"nın motoru GOOGLE-dən bir-iki kəlmə soruşmaq kifayətdir ki, Azərbaycanda Fətullah Gülənin hərəkatına kimlərin necə xidmət etdiyini ortaya töksün.

Yüksək və orta ranqlı məmurlar, Milli Məclisin fəal deputatları, olduqca çox sayda mədəniyyət adamının, media mənsubunun Fətullah Gülənin hər əmrinə "DA" dediklərini anlamaq elə də çətin deyil.

"DA" təkcə rusca "bəli" demək deyil, eyni zamanda "Dialoq Avrasiya" adlı Gülən camaatının əsas şəbəkəsinin ismidir.

"Dialoq Avrasiya"nın rəhbərliyində təmsil olunan, yaxud tədbirlərində iştirak etdiyi bəlli olan, mənim şəxsən tanıdığım, zaman-zaman müxtəlif məclislərdə, ziyafətlərdə badə qaldırdığını öz gözlərimlə gördüyüm bir çox azərbaycanlı isimlərin nəinki Nurçu inanclarına, ümumiyyətlə, İslama heç bir aidiyyatı yoxdur.

Sadəcə olaraq, üzdə olan adamlarla işləmək, onların əlaqələrindən yararlanmaq, dini inanclarına qatışmadan cəmiyyətə az-çox təsir imkanı olan adamlarda özlərinə qarşı simpatiya yaratmaq şəbəkənin əsas taktikalarından biridir.

Ancaq Azərbaycanda və xaricdə çeşidli tədbirlərdə iştirak etmək, yaxud Gülən camaatının Azərbaycandakı biznesindən qanuni və qanunsuz yollarla pay almaq xatirinə "Dialoq Avrasiya"ya yaxın olmaq hələ Azərbaycanda Gülənin qatı tərəfdarlarının olmaması anlamına gəlmir.

Bəli, adına ümumi şəkildə "Nurçular" dediyimiz bir inanc kəsimi var, dost-tanışlarımızın səfinə boylansaq "Risaleyi-Nur" xırdalayanları mütləq görəcəyik.

"Dialoq Avrasiya" fəxri başqanı şəxsən Fətullah Gülən özü olan Qəzetçilər və Yazarlar Vakfının bir platformasıdır.

Gülənçilərin ideya-siyasi mərkəzi olan bu platforma guya kültürlərarası dialoq və barış yönündə Azərbaycanda, Belarusda, Estoniyada, Gürcüstanda, Rusiyada və Orta Asiya ölkələrində fəaliyyəti göstərir.

Şəbəkənin Azərbaycandakı təmsilçisi Mustafa Saatçıdır.

1973-cü ildə İstanbulda doğulan Mustafa Saatçı bığ yeri tərləyəndən Azərbaycandadır.

Bioqrafik məlumatlarından Türkiyə Silahlı Qüvvələrində xidmət edənə oxşamır, görünür, Azərbaycana həm də fərarilik etdiyi üçün üz tutub - amma məlumatım dəqiq olmadığından yalançılıq etmək istəmirəm. Bu qənaət ondan hasil olur ki, Saatçı 21 yaşında Gəncədə qəzetçilik yapırmış.

Zira, ən maraqlı özəlliyi odur ki, sayın Mustafa bəy öz tərcümeyi-halında Gəncə Aqrar Universitetinin Elektrik və Elektronik fakültəsini bitirdiyini iddia edir.

Gəncə Aqrar Universitetinin saytından isə bəlli olur ki, belə bir fakültə yoxdur, deməli, cənabın diplomunun araşdırılmasına ehtiyac var.

Bəlkə də, elə bir fakültə haçansa olub, yaxud hansısa fakültədə bu ada yaxın isimdə kafedra fəaliyyət göstərir, deyə bilmərəm.

Bəlkə də, Mustafa Saatçı nurlanmaya və nurlatmağa son dərəcə həssas və meylli olduğundan özünü Aqrar Universitetdə yetişmiş elektrik uzmanı kimi göstərmək istəyib...

Mustafa Saatçının "DA"-nın rəsmi saytında yer alan ömürlüyündəki bu məqam Gülənçilərin Azərbaycana "keyfiyyətli təhsil" gətirdikləri haqqında pafoslara, düşünürəm ki, ən tutarlı cavabdır.

Əvvəla, Türkiyədə kifayət qədər yüksək təhsil verən universitetlər olduğu halda gəlib Azərbaycanda, Gəncədə, Aqrar Universitetdə oxumaq hansısa əlləm-qəlləmlikdən xəbər verir.

İkincisi, əgər "Nurçular" belə intellektual adamlardılarsa, öncə diplomunu aldıqları fakültələrin adını heç olmasa düz yazmağı öyrənsinlər.

Elə bu andan İndi gələk son həftələrdə gedən müzakirələrdə hər addımbaşı eşitdiyimiz "amma yüksək təhsil verirlər..." əks-arqumentinə.

Bir kərə yüksək təhsil vermək hələ rüşvətsiz mühit yaratmaq, fənləri fərqli bir biçimdə tədris etmək, xarici dil öyrətmək demək deyil- eyitim ilk növbədə ideologiyasız, dinsiz, məzhəbsiz olmalıdır.

Əlbəttə, bu və ya digər əqidəyə sahib olan şəxslər də özəl orta və ali məktəblər aça, dərs deyə bilər- bu şərtlə ki, auditoriyaya öz inancını təlqin etməsin.

Amma Fətullah Gülən camaatının açdığı məktəblərdə bu şərtə əməl olunduğunu söyləmək mümkün deyil.

Üstəlik, sual olunur: Türkiyənin özündə minlərlə məktəbə, on minlərlə müəllimə ehtiyac olduğu halda Fətullah Gülən tərəfdarlarının Azərbaycan insanına "xidmət həvəsi" haradan qaynaqlanır?

Bu sorunun dolayı cavabı Nurçulara, Nurçuların bir qolu olan Gülənçilərə tarixən Türkiyədə göstərilmiş etimadsızlıqda, boyunlarına qoyulmuş "ılımlı islam" siyasətinin icraçılığında, ən əsası Afrika və Asiya ölkələrində bol para qazanmaq şanslarında saxlanıb.

Bu sorunun açıq cavabı isə Səid Nursinin şagirdlərinin- Nurçuların öz Bədiüzzamanlarının istər din, istərsə də sekulyarlıq baxımından son dərəcə naqis olan risalələrini yaymaq görəvidir.

Azərbaycanın müstəqillyinin ilk illərində Gülənçilərin şəbəkələşmək vərdişləri, dövlət içərisində dövlət olmaq niyyətləri heç də təhlükəli deyildi, amma indi təhlükədir.

Əgər Əli Həsənovun timsalında Prezident qarşısında Azərbaycanın ictimai-siyasi həyatındakı tendensiyaların qiymətləndirilməsinə cavabdeh olan təcrübəli bir məmur açıq-aşkar həyəcan siqnalı çalırsa, demək ki, məsələ bizim müşahidə edə bildiyimiz çərçivəni çoxdan adlamış şəkildə ciddidir.

Nədir Nurçuları bunca təhlükəli edən?

Mövcud problemə Türkiyədəki AKP-Camaat qarşıdurması konteksindən yanaşmaq olduqca yanlışdır.

Türkiyə son on illərdə demokratiya açısından hər nə qədər geriyə getsə də, azad seçimlərin keçirildiyi ölkədir- orada kimin sandıqdan çıxmasını xalq müəyyən edəcək.

Gülənçilərin Azərbaycana gətirdiyi birinci təhlükə osmanlı zehniyyətləri, ikincisi, Azərbaycanda tarixən formalaşmış dini balansı dəyişmələri, üçüncüsü, indiki resursları ilə Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi istifadə edilə bilmək imkanları, nəhayət, dövlət strukturlarına yol taparaq və şəbəkələşərək hakimiyyətə can atmaq xislətləridir.

Bu baxımdan gülənçilər istənilən dünyəvi dövlət üçün ən azı ərəb coğrafiyasındakı "Müsəlman qardaşları" qədər təhlükəlidirlər.

İndi mənim hörmətli dostum, "Nurçu" olub-olmadığını bilmədiyim, əqidə müfəttişi olmadığımdan bilmək marağında da olmadığım, ancaq siyasi fəaliyyətində din faktorunu qabartmasını yanlış saydığım Fazil Mustafa guya din nədir, təriqət nədir, nurçuluq nədir və nə deyildir mövzusunda (bir az da bu mövzuya girən jurnalistlərin bilgisizliyindən və təcrübəsizliyindən də faydalanaraq) nəinki Fətullah Gülən, hətta Səid Nursi sayaq ehkamlar kəsir, ezoterik bir anlayışla Azərbaycanda ideologiyasız təhsil, vasitəçisiz din, sekulyar dövlət deyənləri "nursuz" adlandırır.

Nurçuluğun yaradıcısı, əsasları, qolları, modernizm qarşıtlığı, Atatürk düşmənçiliyi, sekulyarizm barışmazlığı, o cümlədən daxilindəki digər qruplarla Gülənçilər arasındakı ziddiyyyətlərdən bu həftə geniş yazmaq niyyətindəyəm, zərurət yaranarsa, Fazil bəylə də mübahisə etməyə hazıram.

Amma indi siyasi təcrübəsinə və yetənəklərinə sayğı duyduğum Fazil Mustafanın gerçəkdənmi nur saçdığını, yoxsa Azərbaycanı gözləyən irticaları görməzlikdən gəlib blef yapdığını üzə çıxarmaq üçün ona ikicə sual ünvanlayacam:

1) Əgər Siz "Nur" anlayışını Qurandan götürürsünüzsə, o zaman "Nur" surəsinin ayələrinin, xüsusən də aşağıdakı hökmün günümüzdə tətbiq edilməsini də zəruri sayırsınızmı?

Nur surəsi, 2-ci ayə: "Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun"

2) "Allah göylərin və yerin nurudur. Onun (möminlərin qəlbində olan) nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə, sanki inci kimi bir ulduzdur. O (çıraq) təkcə şərqə və ya təkcə qərbə aid edilməyən (daim günəş şüaları altında qalan) mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. "- bu ayəninin (24/35) Səid Nursinin gözündəki anlamı başqadır. Sikke-i Tasdik-i Gaybi"dəki təfsirindən məlum olur ki, Allahın Nuru olan Risaleyi-Nur, içi işıqla dolu bir qəndilə bənzər. O işıq şüşənin içindədir. Şüşə sanki inci kimi parlayan bir ulduzdur.

Risaleyi Nur nə doğunun, nə batının malıdır. O, bərəkətli bir zeytun ağacı kimi olan Səid Nursidən, ya da birbaşa Qurandan atəşlənir. Risaleyi-Nur heç bir aydınlatma qaynağı olmasa da, aydınladır. Risaleyi-Nur elektrik kimidir, Nur üstünə Nurdur. Allah dilədiyi üçün Səid Nursini öz Nuruna qovuşdurmuşdur".

Yəni, Səid Nursi deyir ki, həmin ayəyə görə, Risaleyi-Nur və onun müəllifi atəş toxunmadan yanan bir elektrikə bənzər, çünki o nə Şərqin bilgilərindən, nə də Qərbin fəlsəfə və fənnlərindən qaynaqlanır. O, Şərqin və Qərbin fövqündə olan, Qurani Kərimin gəldiyi uca ərşdən alınıb".

Çox xahiş edirəm Fazil bəy, suallara "hə" və "yox" kimi konkret cavablar verin, bu cəfəngiyyata inanmış adam, elmi dərəcəsindən, sosial statusundan, bazburutundan-görkəmindən asılı olmayaraq, rasional düşüncə sahibi ola bilərmi?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm