“Türkiyə üçün ən təhlükəli oyunu Almaniya oynayır” – politoloqdan AÇIQLAMA
Bizi izləyin

Nida.az

“Türkiyə üçün ən təhlükəli oyunu Almaniya oynayır” – politoloqdan AÇIQLAMA

“Almaniyadan sonra ABŞ-ın da Türkiyədəki “Patriot” raketdən müdafiə sistemlərinin geri çəkməsi barədə qərar qəbul etməsi siyasi jest kimi də qiymətləndirilə bilər”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib.

Hazırda Türkiyəyə heç bir hava hücumu təhlükəsinin olmadığını vurğulayan R.Musabəyov onu da deyib ki, əslində Türkiyəyə qarşı hər hansı hava hücumu təhlükə olsaydı, o zaman ABŞ əsla oradan “Patriot” raketdən müdafiə sistemlərini çıxartmazdı: “Çünki ABŞ Türkiyədə “Patriot” raketdən müdafiə sistemlərinin saxlanılmasında maraqlıdır”.

Politoloq bəyan edib ki, həmin “Patriot” raketdən müdafiə sistemləri vaxtilə Suriyadan Türkiyəyə qarşı mümkün ola bilən hava hücumunun qarşısını almaq üçün gətirilmişdi: “Ancaq indi Suriya bir dövlət kimi artıq dağılıb. Həmin dövrdə Suriyaya İran yaxından hərbi dəstək verirdi. Ona görə də İran raketləri Türkiyə üçün təhlükə hesab olunurdu. Ancaq indi İranla Qərb arasında razılıq əldə olunub və rəsmi Tehran təhlükəsi aradan qalxıb. PKK və İŞİD-in isə hərbi təyyarələri mövcud deyil ki, Türkiyəni vursunlar. Ona görə də Türkiyədəki “Patriot” raketdən müdafiə sistemlərinə indi ehtiyac qalmayıb. Ona görə də ABŞ və Almaniya “Patriot” raketdən müdafiə sistemlərini Türkiyədən çıxarır”.

Rusiyanın Suriyaya 8 ədəd “Miq-31” tipli döyüş təyyarələri verməsi barədə yayılan məlumatlara da toxunan R.Musabəyov qeyd edib ki, bu cür məlumatların hamısı yalandır: “Rusiya Suriyaya heç bir qırıcı təyyarə verməyib. İndi Suriyaya Rusiyadan nə təyyarə, nə də digər hərbi texnika göndərilmir. Hazırda da Suriyaya nə hərbi yardım edilirsə, bu da İran tərəfindən edilir”.

Politoloq Qabil Hüseynli isə deyib ki, NATO ölkələri olan Almaniya və ABŞ-ın “Patriot” raketdən müdafiə sistemlərinin geri çəkməsi Türkiyənin əleyhinə atılmış addımdır. Onun sözlərinə görə, bu qərar ABŞ və Almaniyanın NATO üzvü kimi götürdüyü öhdəliklərə uyğun gəlmir: “Çünki “Patriot” raketdən müdafiə sistemləri çox müasir hərbi texnikadır və Türkiyənin ərazilərini hətta Ermənistan və Rusiyadan ehtimal edilən təhlükələrdən də qorumaq gücünə malikdir. Təsəvvür edin ki, 1 ədəd “Patriot” raketdən müdafiə sisteminə 250 nəfər hərbiçi qulluq edir”.

Q.Hüseynli qeyd edib ki, hazırda Türkiyə ən çətin dövrlərdən birini yaşayır: “Həmin “Patriot” raketdən müdafiə sistemləri Türkiyəyə 2 il əvvəl gətirilmişdi. O zaman Türkiyə üçün indiki qədər çətin dövr deyil idi. O dövrdə Türkiyəyə təhlükələr yalnız Suriyadan ola bilərdi. İndi Türkiyənin ABŞ-la birgə Suriyaya qarşı hərbi plan hazırlamasından rəsmi Dəməşqin də xəbəri var. Eyni zamanda ABŞ və Almaniya “Patriot” raketdən müdafiə sistemlərini Türkiyədən çıxarırlar. Bütün bunlar heç bir məntiqə sığmır. Belə bir vəziyyətdə Türkiyə təklənə bilər. Suriya prezidenti Bəşər Əsəd nə qədər zəifləsə də, torpaqlarını itirsə də, ancaq yenə də hərbi imkanları var. Bu günlərdə isə Rusiya Bəşər Əsədə 8 ədəd “Miq-31 A” tipli müasir qırıcı təyyarələri verdi. Rusiya bu təyyarələri hər ölkəyə satmır. Bu təyyarələr çox sürətlə uçan və “F-16” qırıcı təyyarələrini üstələyən imkanlara malikdir. “Miq-31 A” çox asanlıqla Suriya paytaxtından Türkiyə ərazilərini vura bilərlər. Üstəlik də indi Türkiyənin özünün mükəmməl və etibarlı hava hücumundan müdafiə qurğuları yoxdur. Belə bir şəraitdə Türkiyənin Suriya hərbi hücumlarından müdafiə olunmasına heç kəs zəmanət verə bilməz”.

Politoloq deyib ki, Almaniya NATO ölkəsi olmasına baxmayaraq, bu gün PKK terrorçularına açıq dəstək verməkdən belə çəkinmir: “Bu gün Türkiyə üçün ən təhlükəli oyunu Almaniya oynayır. İndi Almaniyada PKK üzvləri meydan sulayır, açıq-aşkar çox rahat gəzib dolaşırlar, istədikləri zaman sərbəst şəkildə Türkiyə əleyhinə fəaliyyət aparırlar. Almaniya hökuməti isə onların xətrinə belə dəymir. Digər tərəfdən isə Almaniya rəsmi dairələri Türkiyəni PKK-ya qarşı hərbi əməliyyatları dayandırmağa səsləyir. Bütün bunlar müttəfiqliyə uyğun gələn hərəkətlər deyil. PKK üzvləri Türkiyədə insanları qətlə yetirir, terror aktları törədir, adamları girov götürür, avtomobilləri yandırır və sairə. Bəs Türkiyə bütün bu cür hərəkətlərə qarşı nə etməlidir? Almaniya istəyir ki, Türkiyə PKK-ya boyun əysin”.

Q.Hüseynli bəyan edib ki, bu cür şəraitdə Türkiyənin ABŞ və Almaniya ilə eyni cinahda yer almasında dəyişiklik ola bilər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm