Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalanıb
Bizi izləyin

Nida.az

Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalanıb

Azərbaycan Türkiyə, Qazaxıstan və Qırğızıstanın milli televiziya kanalları Astanada Beynəlxalq Türk Xəbər Kanalının yaradılması ilə bağlı protokol imzalayıblar.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, protokol Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclası çərçivəsində imzalanıb.

Tədbirdə ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Adminstrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin məlumatına görə, növbəti tədbir Azərbaycanın paytaxtı Bakı şəhərində keçiriləcək.

***

Əli Həsənov: Beynəlxalq Türk Xəbər Kanalının bütün türkdilli ölkələrdə milli nümayəndəlikləri olacaq

Beynəlxalq Türk Xəbər Kanalının mənzil qərargahının harada yerləşəcəyi ilə bağlı qərar sonra qəbul ediləcək.

Bu barədə Trend-in Astanadakı xüsusi müxbirinə Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasından sonra Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov kanalın mənzil qərargahının Astanada yerləşəcəyi ilə bağlı təkliflərin olduğunu bildirib: “Əlbəttə, “MİR” teleradio şirkətinin fəaliyyət göstərdiyi kimi, kanalın bütün türkdilli ölkələrdə milli nümayəndəlikləri olacaq. Bu ölkə başçılarının səlahiyyətində olan məsələdir. Qərarı onlar verəcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yeni telekanalın nə zaman fəaliyyətə başlayacağı barədə danışmaq hələ tezdir, belə ki, onun maliyyələşmə məsələsi açıq olaraq qalır.

Əli Həsənov onu da qeyd edib ki, Beynəlxalq Türk Xəbər Kanalının yaradılmasının əsasında nəinki regionda, eləcə də bütün dünyada baş verən hadisələrə operativ reaksiya verilməsi üçün türk dünyasında ümumi informasiya məkanının qurulması ehtiyacı dayanır.

Ə.Həsənov bildirib ki, kanalın Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə yaradılma ideyası türk dövlətlərinin liderləri tərəfindən dəstəklənmişdi.

PA rəsmisi deyib ki, yeni kanal xəbərlər və informasiya sahəsində inhisara müqavimət göstərməyə imkan verəcək, baş verən hadisələrlə bağlı öz versiyasını təqdim edəcək.

Ə.Həsənov qeyd edib ki, kanalın yaradılması ilə bağlı Astanada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında birgə sənəd imzalanıb: “Hesab edirik ki, indi dövlətlərimizin informasiya və KİV sahəsində əməkdaşlığını gücləndirmək, xüsusilə milli kanallar və informasiya texnologiyaları arasında anlaşma memorandumun imzalanması zamanıdır. Bu baxımdan bu sahədə atılan addımlar və işlərin koordinasiyası bizim üçün çox mühüm məsələdir. Burada təmsil olunan 4 türkdilli dövlət birgə xəbər kanalı yaratmaq qərarına gəlib”.

PA rəsmisi çıxışında vurğulayıb ki, Azərbaycan dövləti və Prezident İlham Əliyev bu təşəbbüsü dəstəkləyir. Azərbaycan türkdilli dövlətlərlə informasiya agentliklərinin, milli kanalların fəaliyyətinə ümumi qazanc gətirmək üçün iqtisadi, ictimai-siyasi sahədə bütün mövcud təcrübəsini bölüşməyə hazırdır.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, kanal yaradılandan sonra türk dünyasının beynəlxalq ictimaiyyətin gözündə nüfuzunun artacağına əmindir, birgə kanalın yaradılması isə regionda və dünyada baş verən hadisələrə müsbət təsir göstərəcək.

Ə.Həsənov qeyd edib ki, Beynəlxalq Türk Xəbər Kanalı nəinki bu kanalı yaradan 4 ölkədə, eyni zamanda, Rusiya, İran kimi qonşu dövlətlərdə də baş verən hadisələri obyektiv və müstəqil şəkildə işıqlandıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm