İçəridən partlayacaq İran və İrəvanı gözləyən təhlükə
Bizi izləyin

Nida.az

İçəridən partlayacaq İran və İrəvanı gözləyən təhlükə

“Azərbaycan Cənubi Qafqazın ən sabit dövlətidir. Ermənistan region ölkələri arasında ən böyük siyasi risklərlə üz-üzədir”.

Publika.az xəbər verir ki, bu barədə “Minchenko Consulting” holdinqi tərəfindən hazırlanan “Cənubi Qafqaz regionunda siyasi risklərin qiymətləndirilməsi” adlı məruzəsində deyilir.

Məruzənin müəllifləri Yevgeni Minçenko, Kiril Petrov və Sergey Markedonov iddia edirlər ki, Ukraynadakı siyasi böhran Cənubi Qafqaz da daxil olmaqla bütün post-sovet məkanında vəziyyətin kəskinləşməsinə gətirib çıxarıb. Qeyri-sabit vəziyyətin səbəbləri arasında həmçinin keçmiş sovet sərhədindən cənubda artan xaos, xüsusilə “İslam dövləti” (İŞİD) terror qruplaşmasının yaratdığı təhlükə göstərilir.

Məruzədə qeyd edilir ki, hazırda Cənubi Qafqazdakı vəziyyət daha ekstremal və mürəkkəb hesab oluna bilər: “SSRİ-nin dağılmasından sonra Qafqazda altı silahlı konflikt oldu. Onların əksəriyyətini tamamilə nizama salınan münaqişə hesab etmək olmaz. Keçmiş Sovet İttifaqının bütün regionlarından yalnız Qafqazda qonşu dövlətlər diplomatik münasibətlərə malik deyil. Ermənistan və Azərbaycan, Rusiya və Gürcüstan, Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur. Həll edilməmiş münaqişələr yeni risklər yaradır”.

Məruzənin müəllifləri xüsusi olaraq Dağlıq Qarabağ münaqişəsini və Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində artan gərginliyi göstərirlər. Onların fikrincə, region ölkələrinin makroiqtisadi sabitliyi, həmçinin sosial və daxili siyasət sferalarındakı vəziyyət ciddi narahatlıq yaradır. Hesab edilir ki, daha bir amil Türkiyənin siyasi gələcəyinin qeyri-müəyyən olmasıdır. Məruzə müəlliflərinin fikrincə, Türkiyədəki qeyri-sabit vəziyyət digər ölkələri də hədələyə bilər. Qeyd edilir ki, ideoloji kursun kəskin dəyişikliyinə dözə bilməyən İran”yenidənqurma”nın qurbanı ola, ölkə içəridən partlaya bilər.

Məruzədə Cənubi Qafqazın üç ölkəsindəki vəziyyət ətraflı şəkildə izah olunub: “Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatı, xarici investorlar üçün cəlbedici və ən sabit ölkəsi kimi tanınır. Təbii qaz yataqlarının işlənməsi, neft ehtiyatlarının tədricən tükənməsinə görə, gəlirlərin düşməsini kompensasiya edir. Çoxvektorlu xarici siyasət və ABŞ, Avropa İttifaqı, Rusiya, Türkiyə, İran, İsrail və ərəb ölkələrinin maraqları arasında qurulan balans siyasəti Bakının ən ciddi silahıdır.

Gürcüstanda vəziyyət bir az daha pisdir. Gürcüstan əhəmiyyətli siyasi risklərin olduğu ölkə olaraq qalır. “Gürcü arzusu” və “Vahid Milli Hərəkat” Partiyası arasındakı rəqabət, birinci qüvvənin eroziyaya uğraması, bir sıra liderlərin açıq təqib edilməsi vəziyyəti gərginləşdirən amillərdir. Rusiya-Gürcüstan münasibətləri 2012-ci ildə elan edilmiş normallaşmaya baxmayaraq, mürəkkəb olara qalır. Abxaziya və Cənubi Osetiyanın statusu Gürcüstanın xarici siyasətindən əvvəlki kimi “qırmızı xət”dir. Bu məsələdə Rusiya da güzəşt etməyə hazır deyil. Gürcüstanın Pankisi dərəsində vəziyyət gözəçarpan dərəcədə kəskinləşib. İslam əhval-ruhiyyəsinin yüksəldiyi bölgədə İŞİD-ə cəlb olunanların sayı artır”

Nəhayət, ən böyük risklər Ermənistandadır. Məruzədə 2015-ci ilin iyununda elektrik enerjisi tariflərinin artırılmasına qarşı keçirilən kütləvi etiraz aksiyaları xatırlanır. Sənəddə deyilir ki, Ermənistanın dörd qonşu ölkədən ikisi ilə (Türkiyə və Azərbaycan) sərhədlərinin bağlı olması ölkə üçün ciddi problemlər yaradır. Bildirilir ki, açıq qalan Gürcüstan qapısı Rusiya-Gürcüstan münasibətləri, İran qapısı isə Rusiya və Qərb, Tehran və ABŞ arasındakı münasibətlərdən asılıdır. Məruzə müəllifləri hesab edir ki, bütün bunlar genişmiqyaslı xarici investisiyaların yolunda əhəmiyyətli baryer yaradır, yoxsulluğu konservləşdirir, Dağlıq Qarabağ münaqişəsinin “dondurulması” təhlükəsini saxlayır.

Tədqiqatın müəllifləri Ermənistanın Rusiya ilə sıx qarşılıqlı əlaqələri barədə birmənalı nəticələr çıxarmırlar: “İrəvanın təhlükəsizlik və iqtisadi dəstəklə bağlı Moskvadan aldığı zəmanətləri bir tərəfdən, status-kvonu təmin edir və bütövlükdə respublika üçün əlverişlidir, amma digər tərəfdən ölkənin Rusiyadan asılılığını gücləndirir. Öz növbəsində, İrəvanın siyasətinin Rusiyanın hərəkətləri ilə uyğunlaşdırılması prezident və hökumətin siyasətindən narazılığı artırır”.

Məruzə “Minchenko Consulting” şirkətinin ilk bu cür tədqiqatı deyil. Daha əvvəl Mərkəzi Asiya ölkələrində xarici investorlar üçün risklər qiymətləndirilib. Ekspertlər hazırda Baltikyanı ölkələr də daxil olmaqla post-sovet məkanında siyasi risklərin ümumi reytinqinin yaradılması üzərində işləyirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm