“Düşüncə Mərkəzi” kimə qarşı yaradılır?
Bizi izləyin

Nida.az

“Düşüncə Mərkəzi” kimə qarşı yaradılır?

“Düşüncə Mərkəzi” kimə qarşı yaradılır?


İctimai Palata buraxıldığı toplantıda yeni ideya ortaya atıldı. Qurumun yetərincə öyrənilməli təcrübəsini itirməmək üçün “Düşüncə Mərkəzi” yaradılması ilə bağlı qərar qəbul edildi. Mərkəzin mahiyyəti haqqında Publika.Az -a danışan keçmiş İP KŞ üzvü, politoloq Zəfər Quliyev deyir ki, son 3 ildə İP-də normal komanda formalaşıb, bunu itirməmək üçün belə bir ideya ortaya çıxıb.

“Bu komanda cürbəcür problemləri, yaranmış situasiyanı müzakirə edirdi. Bu komandanın kifayət qədər analitik potensialı da var. İctimai Palatanın son sessiyasında bu təcrübədən çıxış edərək ideya ətrafında söhbət apardıq. Demək olar ki, hamımız yekdil şəkildə vurğuladıq ki, bu ideyanı dəstəkləyirik. Burada siyasi iddia və ambisiyalar önə çəkilməyəcək. Düzdür, biz siyasi prosesləri müzakirə edəcəyik. Bu qaçılmazdır. Siyasi proseslərlə bağlı hansısa qərarlar vermək faktiki olaraq bizim formata aid olmayacaq. Biz yumşaq formatın tərəfdarıyıq. Problemlərlə bağlı öz yanaşmamızı, beyin məhsulu qoya bilərik. Hesab edirəm ki, bu qurumda təmsil olunan fərdlər qurumdan kənarda öz siyasi iddialarını, siyasi proseslərlə bağlı hansısa praktiki addımlarını ata bilərlər. Amma Düşüncə Mərkəzində konkret partiya, yaxud liderin ideologiyanın üzərində dayanmaq niyyətində deyilik”-deyə orda təmsil olunan politoloq belə ş\rh edir.

Lakin burda AXCP-nin olmaması, eləcə də İP-in buraxıldığı son toplantıda da cəbhəçilərin iştirak etməməyi suallar yaradır. Buna paralel olaraq yaradılacaq “Düşüncə Mərkəzi”ndə müsavatçı və Müsavata yaxın şəxslərin çoxluq təşkil etməsi “Müsavat Milli Şuraya yeni alternativ yaradır” ehtimalını gücləndirir. Toplantıda AXCP-siz yeni təşkilat ideyasının səsləndirilməsi də təsadüfi deyildi.

Maraqlıdır ki, İsa Qəmbərin dönəm sədrliyi ilə keçirilən son toplantıya AXCP sədri Əli Kərimli dəvət edilmişdi, lakin o, gəlməkdən imtina edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə xeyli iddialı danışıb. O, Publika.Az açıqlamasında bildirib ki, “Düşüncə Mərkəzi” onlar üçün maraqsızdır: “Bu AXCP üçün əhəmiyyətsiz məsələlərdir. Bizim buna diqqət ayırmağa nə vaxtımız var, nə də həvəsimiz. İctimai Palata da AXCP üçün əhəmiyyət daşımırdı. Çünki Milli Şura yaranarkən İP-in fəaliyyətinə faktiki olaraq son qoyulmuşdu. İP bizim üçün tarixin bir mərhələsidir. Biz bu gün tarixdə qalmış bir məsələ ilə deyil, ölkə gündəminə adi olan daha vacib məsələlərə məşğul oluruq. Daha vacib işlərimiz var. AXCP-nin bu cür məsələlərə vaxt ayıraraq özünü gündəmdə saxlamağa ehtiyacı yoxdur”.

Milli Şurada təmsil olunanların da yeni mərkəzə yanaşmaları birmənalı deyil.KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, artıq belə bir mərkəz mövcud olub: “Gənclərimizin “Cümhuriyyət” adlı belə bir mərkəzi olub. Orda biz tövsiyələrimizi, fikirlərimizi dilə gətiririk”.

“El” hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyev isə hesab edir ki, belə bir mərkəz İP-i9n bazasında yaradılmamalı idi. Onun fikrincə, mərkəzin ömrü çox da uzun olmaya bilər: “Xüsusilə bu, Müsavatın rəhbərliyi ilə Milli Şuraya qarşı yaradılırsa, yaşaması çətin olacaq. Ümumiyyətlə qurumlar hansısa partiyanın monopoliyasına çevrilməməlidir”.

Amma Müsavat “Düşüncə Mərkəzinin” Milli Şuraya qarşı yaradıldığına dair fikirlərlə razılaşmır. Partiyanın icra aparatının rəhbəri Arif Hacılı bildirib ki, mərkəzin adının necə olacağı hələ tam müəyyənləşməyib (http://publika.az/p/10401).

“Mərkəzin hansı funskiyanı daşıyacağı, qurum qarşısında hansı məqsədlərin qoyulacağı da məlum deyil. Bu baxımdan güman edirəm ki, bu qurumun Milli Şuraya alternativ olması, yaxud hansısa şəkildə formalaşaraq necə fəaliyyət göstərəcəyi barədə indidən fikirlər səsləndirmək yanlış olardı”-deyə A. Hacılı bildirib.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm