Seçkilərdə yenidən iştirak edəcək deputatlar kimlər olacaq – SORĞU
Bizi izləyin

Nida.az

Seçkilərdə yenidən iştirak edəcək deputatlar kimlər olacaq – SORĞU

Məlum olduğu kimi, bu ilin noyabrında Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək.

Publika.az 125 mandat uğrunda mübarizə gedəcək seçki öncəsi bir qrup millət vəkili arasında sorğu keçirib. Hazırkı millət vəkillərinə növbəti seçkilərdə namizədliklərini irəli sürüb-süməyəcəkləri ilə bağlı sual ünvanladıq.

Beləliklə....

Milli Məclisin 52 saylı Quba seçki dairəsindən seçilmiş deputatı Vahid Əhmədov:

“Bu il keçiriləcək növbəti parlament seçkilərində də iştirak edəcəm. Namizədliyimi isə yenə də 52 saylı Quba seçki dairəsindən irəli sürəcəm”.

Milli Məclisin 116 saylı Qəbələ seçki dairəsindən seçilmiş deputatı Fəttah Heydərov:

“Qarşıdan gələn parlament seçkilərində iştirak edib-etməyəcəyimlə bağlı qəti qərara gəlməmişəm. Hələ bilmirəm, namizəd olacam, ya yox. Ola bilər namizədliyi irəli sürüm, ola bilər sürməyim. Bunu zaman göstərəcək. Onu da deyim ki, qarşıdan gələn parlament seçkiləri bundan öncəki seçkilər kimi şəffaf və obyektiv təşkil olunacaq. Layiqli, seçicilərin etimadını qazanmış namizədlər parlamentə mandat qazanacaq”.

Milli Məclisin 99 saylı Şəmkir kənd seçki dairəsindən seçilmiş deputatı Məlahət İbrahimqızı:

“Bilirsiniz ki, mənim namizədliyim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb və bu gün də partiyanın üzvüyəm. Ona görə də partiyanın ali orqanının müvafiq qərarı olmadan, partiya adından namizədliyimi irəli sürə bilmərəm. Bu, partiyadaxili nizamnamənin tələblərindən biridir. İndiyədək təmsil olunduğum Yeni Azərbaycan Partiyası mənə etimad göstərib, 3 dəfə namizədliyimi irəli sürüb. Mən də hər zaman çalışmışam ki, təmsil olunduğum partiyanın adını daim uca tutum. İndi hələ qarşıda vaxt var, partiyamız nə məsləhət görsə o da olacaq. Partiyanın qərarı necə olacaqsa, mən də o qərara hörmətlə yanaşacam”.

Milli Məclisin 108 saylı Ağstafa seçki dairəsindən seçilmiş deputatı Nizami Cəfərov:

“Növbəti parlament seçkilərində iştirakım üzvü olduğum Yeni Azərbaycan Partiyasından asılıdır. Əgər partiya məsləhət görsə, seçkilərə gedəcəm, məsləhət görməsə getməyəcəm. Çünki artıq bu məsələ partiyanın iradəsidir”.

Milli Məclisin 47 saylı Mingəçevir seçki dairəsindən seçilmiş deputatı Aydın Mirzəzadə:

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm, ona görə də partiyanın addımı ilə hərəkət edəcəm. Əgər partiya namizədliyimi irəli sürərsə, seçkilərdə iştirak edəcəm. Yox, başqasını irəli sürəcəksə, o zaman da həmin namizədlərə ən birinci kömək edənlərdən biri mən olacam”.

Milli Məclisin 92 saylı Zərdab-Ucar seçki dairəsindən seçilmiş deputatı Jalə Əliyeva:

“Seçkilərdə iştirak etmək istəyirəm, ancaq hələlik qəti qərar verməmişəm. Seçkilərə rəsmi start veriləndən sonra qəti fikrimi açıqlayacam”.

Milli Məclisin 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən seçilmiş deputatı Elman Məmmədov:

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İndiyədək 3 çağırış deputat seçilmişəm, hər dəfə də Yeni Azərbaycan Partiyasından namizədliyim irəli sürülüb. Əgər bu seçkilərdə də partiyamız etimad göstərsə və məsləhət görülsə, namizədliyimi irəli sürəcəm. Yəni, mən müstəqil namizəd olmayacam”.

Milli Məclisin 57 saylı Kürdəmir seçki dairəsindən seçilmiş deputatı Fərhad Qəribov:

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm, yəqin ki, parlament seçkilərində də partiyanın siyahısında mənim də adım olacaq. İnşallah növbəti parlament seçkilərində iştirak etmək üçün də namizədliyimi irəli sürəcəm”.

Milli Məclisin 60 saylı Salyan-Neftçala seçki dairəsindən seçilmiş deputatı Fəzail Ağamalı:

“Qərara gəldim ki, yenidən parlament seçkilərinə qatılım. Təmsil olunduğum seçki dairəsini dəyişmək fikrim yoxdur. İndiki istəyim odur ki, yenidən 60 saylı Salyan-Neftçala seçki dairəsindən namizədliyimi irəli sürüm və qeydə alınım. 2010-cu ildə keçirilmiş parlament seçkiləri zamanı sədri olduğum Ana Vətən Partiyasından (AVP) 2 nəfər deputat seçilmişdi. Hazırda həmin yer üçün bir neçə namizədimiz var, ancaq tam dəqiqləşməyib. Onların şansları partiyada qiymətləndirilir. Yəqin ki, sentyabra qədər həmin namizədlərin də adı dəqiqləşəcək”.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputatı Astan Şahverdiyev:

“Hələ bu barədə danışmaq tezdir. Çünki seçkilərə rəsmi olaraq start sentyabrın 1-də verilir. Digər tərəfdən isə mən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüyəm. Partiyadan nə məsləhət görülsə, ona uyğun hərəkət edəcəm. Bəzi adamlar kimi partiya üzvü ola-ola müstəqil şəkildə namizədlimi irəli sürməyəcəm. Mən nizam-intizama tabe olan adamam, partiya məsləhət görməsə, namizədliyimi verməyəcəm”.

Milli Məclisin 18 saylı Nərimanov-Nizami seçki dairəsindən seçilmiş deputatı Rasim Musabəyov:

“Builki parlament seçkilərində də namizədliyimi irəli sürmək fikrim var. Ancaq qəti qərarımı seçki elan olunandan sonra verəcəm. Amma ümumilikdə seçkilərdə iştirak etmək fikrindəyəm”.

Milli Məclisin 26 saylı Sabunçu birinci seçki dairəsindən seçilmiş deputatı Fazil Mustafa:

“Digər siyasi partiyalar kimi sədri olduğum Böyük Quruluş Partiyası da parlament seçkilərində iştirak edəcək. Artıq partiyamızın 45 namizədi müəyyən olunub. Özüm də daxil olmaqla həmin namizədlərimiz parlament seçkilərində iştirak edəcək”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm