Razi Nurullayev: “Cəmil Həsənli AXCP-dən şəxsi maraqlarına görə çıxarılıb”
Bizi izləyin

Nida.az

Razi Nurullayev: “Cəmil Həsənli AXCP-dən şəxsi maraqlarına görə çıxarılıb”

AXCP-nin sabiq sədr müavini, yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev Milli Şura sədri Cəmil Həsənliyə cavab verib.

Publika.az-ın məlumatına görə, R.Nurullayev Cəmil Həsənlinin də AXCP-də buyruqla çalışdığını bəyan edib: “Mən Cəmil Həsənliyə hörmət edirəm . Alimdir, professordur. Bir çox tarixi kitabların müəllifidir. Təəssüf edirəm ki, özünə aid olmayan məsələlərə qarışır. AXCP ətrafında baş verən son olaylarla bağlı bildirib ki, Rəfail Becanov 20-ci əsrdə partiyadan gedib. Dolayısı ilə mənim bu proseslərdə olmağımın hansısa maraqdan irəli gəldiyini bildirib. Cəmil müəllimin tarixçi kimi faktları unutmadığına əminəm. Axı Cəmil müəllim özü də 21-ci əsrdə - 2005-ci ildə AXCP-dən çıxarılıb. Özü də konkret şəxsi maraqlarına, deputat mandatına görə.

Cəmil Həsənliyə xatırlatmaq istəyirəm ki, Əli Kərimlinin Xalq Cəbhəsinin fəaliyyətində yalnız bir rolu olub: partiyanı dağıtmaq, partiya üzvlərinə böhtan atmaq, onları şantaj etdirmək. Elçibəyin sədrliyi vaxtında kampaniyanı birbaşa Bəyə qarşı yönəltmişdi. Onun yaxın ətrafının, jurnalist şəbəkəsinin, əlində olan qəzetinin fəaliyyəti bundan ibarət olub”.

R.Nurullayev təəssüflə qeyd edib ki, onun yaxın ətrafına daxil olmuş bu şəbəkənin keçmiş üzvlərindən biri olan Cəmil Həsənli Milli Şuranın sədridir: “Azərbaycanda yaradılan Milli Şuraların ölkənin siyasi həyatında hər zaman özünəməxsus yeri olub. Yəni o qədər möhtəşəm bir qurum olublar ki, Azərbaycanın taleyini həll ediblər. 1918-ci ildə Rəsulzadənin başçılıq etdiyi Milli Şura Azərbaycanın müstəqilliyini elan etdi, yoxdan bir dövlət yaratdı. Dünya dövlətləri sırasına yeni bir dövlət – Azərbaycan Demokratik Respublikası bəxş etdi.

1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin bütün səlahiyyətlərinin icraçısı olan Milli Şura Azərbaycanın ikinci dəfə müstəqillik qazanmasında öz yeri olan, ölkənin demokratikləşməsində şərəfli və unudulmayacaq bir fəaliyyət göstərib”.

AXCP sədrinin sabiq müavini deyib ki, indi Milli Şura deyilən bir qurumu Əli Kərimlinin mətbuat xidməti səviyyəsinə endirməklə heç nə əldə olunmayacaq: “Təəssüf ki, bu gün Milli Şura və onun sədrinin fəaliyyəti bundan ibarətdir. Əslində bu da Əli Kərimlinin AXCP-də həyata keçirdiyi siyasətin, yanaşmanın davamıdır. Milli Şura “məhəlli şura”ya çevrilib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm