Azərbaycanda baş verməyən hadisə...
Bizi izləyin

Nida.az

Azərbaycanda baş verməyən hadisə...

Azərbaycanlı jurnalist Rasim Əliyevin xuliqanlıq zəminində döyülərək xəstəxanada dünyasını dəyişməsindən 17 gün sonra ABŞ-ın Virciniya ştatında iki jurnalist öldürüldü. Yerli telekanallardan birinin müxbiri - 24 yaşlı Elison Parker və 27 yaşlı operator Adam Uard canlı yayımda müsahibə alarkən tapança ilə güllələndi.

Azərbaycana başqa eynəkdən baxanlar

Hər iki hadisədə hədəf eynidir: jurnalistlər. Amma cinayətin motivi və hadisədən sonra cəmiyyətdə, o cümlədən beynəlxalq arenada reaksiyalar tamamilə fərqlidir. Fərqliliyin kökündə isə heç şübhəsiz ki, ikili standartlar, Qərb mediasının kiçik ölkələrdə baş verən hadisələrə fərqli eynəklərdən baxması, beynəlxalq insan hüquqları institutlarının məhz Qərb dövlətlərinin, o cümlədən ABŞ-ın əmrləri əsasında fəaliyyət göstərməsidir.

“Facebook”dakı səhifəsində futbolçu Cavid Hüseynovu “Apollon” klubu ilə matçdan sonra kiprli jurnalistə göstərdiyi əl jestinə görə “əxlaqsız və tərbiyəsiz futbolçu” adlandıran Rasim Əliyev onun tanışları tərəfindən döyülüb. Sirf məişət zəminində baş verən bu hadisə sonda jurnalistin ölümü ilə nəticələnib. Amma məişət zəminində baş verən hadisə həm ölkə daxilindəki bəzi müxalif dairələr, həm də beynəlxalq “insan hüquqlarının müdafiəsi təşkilatları” və media qurumları tərəfindən tamamilə başqa formada təqdim edildi.

Avropa Jurnalistlər Federasiyasının prezidenti Moqens Bliçer bəyanatında jurnalistlərə qarşı “daimi təzyiqlərin dayandırılmasına və onların azad edilməsinə” çağırış etdi. Avropa Şurasının baş katibi Torbyörn Yaqland isə bəyanat verərək “vətəndaş cəmiyyəti və hakimiyyət arasında daxili dialoqun və inamın bərpası üçün yenidən işə başlanmalı və lazım olan hər bir şey həyata keçirilməli” olduğunu bildirdi.

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Rasim Əliyevin döyüldükdən sonra dünyasını dəyişməsini “hakimiyyətin vətəndaş cəmiyyətinin və fərqli düşüncənin məhv edilməsinə yönəlmiş məqsədyönlü repressiv siyasətinin nəticəsi” kimi dəyərləndirdi. RATİ həmçinin BMT, Avropa Şurası, ATƏT və Avropa Birliyinə üz tutaraq “repressiya qurbanlarına” prinsipial dəstək olmağı, Azərbaycan hakimiyyətinə “insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə məsuliyyətlə yanaşmağı və bu öhdəlikləri yerinə yetirməyə çağırış etməyə” səslədi.

Elə Azərbaycanın bəzi müxalifət dairələrinin hadisəyə münasibəti də təxminən buna bənzər oldu. Ölüm hadisəsi siyasiləşdirildi və hadisəyə görə hakimiyyət “günahkar” hesab olundu.

Azərbaycan dövlətinin ən ali postundan verilən reaksiya isə təqdirəlayiq və iddialara ən yaxşı cavab idi. Azərbaycan Prezidenti İlham Əliyev cinayətin araşdırılmasını şəxsi nəzarətinə götürməklə bütün bu iddiaların əsassız olduğunu nümayiş etdirdi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi ƏIi Həsənov dövlət başçısının Rasim Əliyevin döyülməsi və fiziki xəsarət alaraq dünyasını dəyişməsi barədə məlumatdan ciddi narahat olduğunu, məsələni şəxsi nəzarətində saxlayacağını açıqladı.

Mətbuat Şurasının sədri Əflatun Amaşov da açıqlamasında Azərbaycan prezidentinin jurnalistin ölümü ilə bağlı məsələyə yanaşmasını yüksək qiymətləndirdi: “Bu, ölkədə demokratik cəmiyyətin təməl prinsiplərindən olan söz və mətbuat azadlıqlarının qorunmasına, medianın normal fəaliyyətinə dövlət səviyyəsində diqqət nümunəsi kimi dəyərləndirilməlidir. Azərbaycan prezidentinin məsələyə münasibəti həm də cəmiyyəti azad sözə, plüralist fikrə daha diqqətli, həssas və dözümlü olmağa çağırışdır”.

“Rəngli jurnalistlərə” burada yer yoxdur

Gəlin, ABŞ-da baş verənlərə də nəzər salaq:

Amerikalı jurnalistləri güllələyən 41 yaşlı afroamerikalı Vester Flanaqan hadisədən sonra ABC televiziya şirkətinə 23 səhifəlik bəyanat göndərərək cinayəti törətməsinin səbəblərini açıqladı. Bildirdi ki, o, bu yaxınlarda Cənubi Karolina ştatının Çarlston şəhərində qaradərili vətəndaşların kütləvi qətlinə görə qisas almaq qərarına gəlib. Xatırladaq ki, 17 iyunda ağdərili Dilan Ruf kilsədə ibadət edən doqquz qaradərilini güllələmişdi.

Göründüyü kimi, jurnalistlərin öldürülməsinin kökündə siyasi məqamlar, ölkədə təhlükəli dərəcədə yayılan irqi ayrı-seçkilik, bu ayrı-seçkiliyin aradan qaldırılması üçün dövlət səviyyəsində heç bir tədbirin görülməməsi, bir sözlə, cəmiyyətdəki “rənglər” arasında dərin böhran dayanır. Amerika cəmiyyətində ağdərililərin digər rənglərə xoş olmayan münasibəti var. Bu, özünü hətta qaradərili, o cümlədən latın mənşəli jurnalistlərə, onların çalışdığı media orqanlarına münasibətdə də göstərir. Proses o qədər təhlükəli həddə çatıb ki, “ağdərili media orqanları” da irqi ayrı-seçkiliyin təbliğində alət rolunu oynayırlar. Məhz dünən öldürülən amerikalı jurnalistlərin çalışdığı WDBJ7 telekanalı da “ağdərili kanal” hesab olunur.

Dünən baş verən daha bir hadisə Amerikada dövlətin yuxarı eşalonlarında “rəngli” jurnalistlərə göstərilən mənfi münasibətə nümunə kimi göstərilə bilər. Prezidentliyə namizəd, milyarder Donald Tramp mətbuat konfransında jurnalisti zaldan qovub. Onun mətbuat konfransından qovduğu jurnalist isə ABŞ-da ispan dilində yayımlanan “Univision” kanalının Meksika mənşəli aparıcısı Jorge Ramosdur.

Jurnalistlər üçün “təhlükəsiz” Amerika

Amma nə Amerika cəmiyyətinin özündən, nə ölkənin siyasi rəhbərliyindən, nə Qərbin "ruporu” rolunda çıxış edən media orqanlarından “(The Guardian", "The Times", "The Sunday", BBC, "Washington post"), nə də Azərbaycanı daim hədəf olaraq seçən “Amnesty İnternational” və “Freedom House” kimi “insan hüquqları” təşkilatlarından jurnalistlərin ölümünə lazımı reaksiyanı gördük. Onlardan heç biri jurnalistlərin ölümündə hakimiyyəti ittiham etmədi, pozulan insan hüquqlarını yada salmadı. Az qala Azərbaycanı jurnalistlərin işləməsi üçün “ən təhlükəli yer” kimi təqdim edən təşkilatlar və media orqanlarının bu hadisəyə hansı səbəbdən laqeyd yanaşdığı heyrət doğurur. Axı jurnalistlər canlı yayımda öldürülüb və cinayətkarların özlərini nə qədər sərbəst aparmasını hamı görür!

Amerika Birləşmiş Ştatlarının "Jurnalistləri Müdafiə Komitəsi" hər il jurnalistlər üçün ən təhlükəli ölkələrin adlarını açıqlayır. Siyahının ilk pillələrində Pakistan, Suriya, İraq, Yəmən və Misir kimi ölkələrin adları çəkilir. Çox maraqlıdır, bu siyahıda ABŞ-ın adı niyə yoxdur? "Jurnalistləri Müdafiə Komitəsi"nin növbəti hesabatına ABŞ-ı daxil edib-etməyəcəyi maraq doğurur. Amma yəqin ki, etməyəcək!

Donald Trampın mətbuat konfransında jurnalisti qovmasına da barmaqarası baxmaq mümkün deyil. Milyarder ABŞ prezidenti postuna iddia edir və hazırda bu posta ən iddialı namizəd sayılır. “The Guardian", "The Times", "The Sunday", BBC, "Washington post", “Amnesty İnternational” və “Freedom House” sabah Ağ Evdə əyləşməsi ehtimalı yüksək olan bir şəxsin jurnalisti, özü də “rəngli” olduğu üçün mətbuat konfransından qovmasını niyə görmürlər?

Səbəb aydındır...

Bu hadisə Azərbaycanda baş verməyib!!!...

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm