Əli Kərimlinin partiyası dağılma dönəminə girdi - FOTOLAR
Bizi izləyin

Nida.az

Əli Kərimlinin partiyası dağılma dönəminə girdi - FOTOLAR

Azərbaycan Xalq Cəbhəsi Partiyasında (AXCP) istefaların sayı hər keçən gün artır.


Publika.az xəbər verir ki, daha 5 gənc partiyadan istefa verdiklərini açıqlayıblar. AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin məlumatına görə, istefa verərək onlara qoşulan gənclər sosial şəbəkələrdə öz fikirlərini və istefalarının səbəblərini ifadə ediblər.

Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini etirazçılarla birlikdə davam etdirəcəklərini bildiriblər. Cəbhəçi gənclər üzərində “Əli Kərimli, biz sizə yox deyirik” və “Gənclərlə irəli gedəcəyik” yazılmış plakatlar tutmaqla, Əli Kərimlinin siyasətinə etirazlarını ifadə ediblər. Gənclər öz bəyanatlarında partiyada fəaliyyət göstərdikləri dövrdə şəxsən sədrin göstərişi ilə təzyiqlərlə üzləşdiklərini bildiriblər.


“Partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir. Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.


Əli Kərimlinin keçmiş müavini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin üzvü Eltural Mürsəlzadə Publika.az-a açıqlamasında AXCP sədrinin məqsədli şəkildə dağıtdığı Beyləqan şöbəsini bərpa etdiklərini bildirib.


“Əli Kərimlinin adamları iddia edirlər ki, guya mən cəbhəçi deyiləm. Bütün bunlar ağ yalandır. Mən 2000-ci ildən AXCP üzvüyəm. 2003-cü ildən AXCP-nin Gənclər Komitəsinin sədr müavini olmuşam. 2006-cı ildə Əli Kərimlinin təkidi ilə AXCP-nin Beyləqan şöbəsinin sədr müavini, sonra isə sədri olmuşam. 2012-ci ildə Əli Kərimlinin üzündən partiyadan istefa verməli oldum və bunun da səbəblərini dəfələrlə yazmışam. 2013-cü ildə Müsavata üzv olmaq istədim, lakin üzv kimi qəbul edilmədim. Mənə “cəbhəçi deyilsən” söyləyənlərin nəzərinə çatdırıram ki, AXC və AXCP-nin ilk olaraq yarandığı 4-5 evdən biri bizim evimiz olub. Bizim ailəmiz AXCP üzvü olanda siz harada idiniz? Hazırda vaxtı ilə mənim qurduğum və Əli Kərimlinin dağıtdığı Beyləqan şöbəsini bərpa edirəm”, - deyə o bildirib.


Ə. Mürsəlzadə qeyd edib ki, Əli Kərimli Beyləqan şöbəsini öz əməlləri ilə dağıdıb: “Mən bu şöbəni yenidən bərpa edirəm. Kərimlinin zombiləri bizə qarşı hücuma keçiblər. Lakin biz Beyləqanda əsl cəbhəçilərin iştirakı ilə möhtəşəm konfrans keçirəcəyik”.


AXCP-nin Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin digər üzvü Cavid Musazadə isə Əli Kərimlini dələduzluqda ittiham edib.


“Yetim-yesir adamların ianəsi hesabına bəy kimi yaşayan və bu ianənin hesabatını verməyən bəy ola bilməz, yalnız siyasi dələduz olar”, - deyə o bildirib.


Qeyd edək ki, narazıların yaratdığı Etimad Qurultayı üzrə Təşkilat Komitəsinə qoşulanlar sırasında AXCP-nin qurucularından olan Beyləqan NTK sədri Əli Zöhraboğlu, Beyləqan şöbəsinin yaradıcılarından olan Valeh Rüstəmov və Əli Sarıyev də var.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm