Müsavatdan daha bir istefa: Arif Hacılı narazıları işdən çıxartdırır?
Bizi izləyin

Nida.az

Müsavatdan daha bir istefa: Arif Hacılı narazıları işdən çıxartdırır?

Müsavat Partiyasının daha bir üzvü istefa verib.


Publika.az xəbər verir ki, partiyanın Binəqədi rayon təşkilatının üzvü Elçin Zeynallı Müsavat rəhbərliyinin siyasətinə etiraz olaraq istefa verdiyini bəyan edib.


Qeyd edək ki, bir neçə gün öncə partiyanın Binəqədi rayon təşkilatının Dərnəgül özəyinin sədri Arif Əziz başda olmaqla özəyin bütün üzvləri, eyni zamanda, Şura üzvü, təşkilatın humanitar məsələlər üzrə müavini Hümbət Məmmədli Vurğun Əyyubun Müsavat Partiyasından qeyri-qanuni çıxarılmasına etiraz olaraq partiyadan istefa veriblər.


Müsavat Partiyası Suraxanı rayon təşkilatının keçmiş üzvü Rahib Mirələmov isə partiya rəhbərliyinin ona qarşı iyrənc üsula əl atdığı haqda məlumat yayıb.


“Arif Hacılı və dəstəsi narazıların iş yerlərini araşdırır və sonra həmin iş yerinin rəhbərliyinə şikayət məktubu yazırlar ki, bəs guya filankəs sosial şəbəkədə məni təhqir edib, xahiş edirəm onu işdən çıxarasınız. Bir neçə gün bundan əvvəl Kəmalə Bəhlulova adlı bir müsavatçı mənim iş yerimə belə bir məktub yazıb. Lakin bununla kifayətlənməyərək, yaşadığım ərazinin polis bölməsinə də belə bir şikayət göndərib.

Düşünürəm ki, bu mənim Müsavat Partiyasının 8-ci qurultayının nəticələrinin ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə göndərilən müraciətə imza atmağımla bağlıdır. Guya bununla məni susdurmaq istəyirlər. Hesab edirəm ki, bu işin arxasında Arif Hacılı dayanır, bütün bunlar onun göstərişi ilə baş verir. Üzümü Arif Hacılıya tutub deyirəm: Arif Hacılı, mən bir idarədə adi gözətçi işləyirəm və ayda cəmi 200 manat maaş alaraq ailəmi güclə dolandırıram. Sənin isə oğlun, qızın xarici ölkədə komfort həyat şəraiti qurub yaşayırlar. Bu işi də mənə çox görürsənsə, daha sənə sözüm yoxdur. Lakin bir şeydə təskinlik tapıram ki, sən və ətrafın heç vaxt hakimiyyətə gələ bilməyəcəksiniz, yoxsa günümüz qara olardı”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm